Azərbaycanın boru istehsalçısı “METAK” istiqraz bazarındakı ilk təcrübəsindən məmnun qalıb – şirkət cəmi 2 ay sonra özünün ikinci istiqraz buraxılışına hazırlaşır.
Bir istiqraza ikiqat dəstək
FED.az xəbər verir ki, bu dəfə şirkətin istiqrazlarının anderrayteri «Azfinance» deyil, «Unicapital» olacaq. Üstəlik istiqrazlara təkcə anderrayter şirkət deyil, «Unicapital»ın sahibi olan «Unibank» da dəstək verəcək. Bu barədə Unibankın yaydığı məlumatda bildirilir.
Belə ki, Unibank korporativ qiymətli kağızlar bazarında ilk dəfə olaraq yerli şirkətin 3 milyon manatlıq istiqrazına təminatçı olub. Artıq Maliyyə Bazarlarına Nəzarət Palatası Unibankın təminat verdiyi və “METAK” MMC tərəfindən buraxılan faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazların emissiyasını dövlət qeydiyyatına alıb.
Gəlirliyi əvvəlki kimi deyil
"METAK"MMC-nin yeni istiqraz emissiyasını Unicapital İnvestisiya şirkəti həyata keçirəcək. Qeyd edək ki, emissiya həcmi 3 000 000, 1 ədədinin nominal dəyəri 1000 manat, miqdarı 3 000 ədəd olan METAK istiqrazları illik 12% gəlirliliyə malikdir. İstiqrazların tədavül müddəti 1 ildir və faizlər hər növbəti ay ödənilir.
Qeyd edək ki, "METAK"ın ilk istiqzarının gəlirliyi ililk 14% idi. Bu dəfə isə istiqraz alıcıları 12% gəlirliklə kifaətlənməli olacaqlar. Şirkətdə bunu maliyyə bazarındakı vəziyyətlə izah edirlər. «METAK»dan FED.az-a verilən məlumata görə, hazırda bazarda faizlər 2-3 ay əvvəlki kimi deyil: «Mərkəzi Bankın notları və Maliyyə Nazirliyinin istiqrazları illik 8% gəlir gətirir. Bunların fonunda METAK-ın 12%-lik istiqqazları kifayət qədər cəlbedicidir və ümid edirik ki, investorlar bu kağızlara maraq göstərəcəklər».
«Unibank» istiqrazlara zamin dayanır
METAK istiqrazları müəyyən edilmiş dövrlərdə faiz gəlirini və istiqraz müddətinin sonunda qoyulmuş ilkin vəsaiti almaq hüququnu verən investisiya qiymətli kağızıdır. Mövcud uçot dərəcəsi və bankların təklif etdiyi əmanətlər üzrə faizlərə nəzərən, METAK istiqrazları yüksək gəlirlililiyinə görə, ən yaxşı investisiya alətlərindən biri kimi dəyərləndirilir. Hazırda qiymətli kağızlar bazarında yerli valyutada dövriyyədə olan digər korporativ istiqrazlarla müqayisədə, bu istiqrazlar gəlirlilik baxımından öndədir. İstiqrazların likvidliyi də yüksəkdir. Belə ki, ayda bir dəfə olmaqla, hər bir alıcı istiqrazlarını Unibanka geri satmaq imkanı əldə edəcək. Yerləşdiriləcək istiqrazların 100% təminatçıları kimi Unibank və METAK çıxış edir. İstiqrazları Unicapital İnvestisiya Şirkətinin vasitəsi ilə almaq mümkündür.
“METAK” istiqrazının gəlirliyi azaldı – AMMA İNDİ ZAMİNİ VAR
20:42
10 Aprel 2018