Azərbaycanda keçirilən 2-ci Bank Forumunda yaddaqalan mühüm mesajlardan biri jurnalistlərə ünvanlanmışdı. Medianı banklara qarşı sərt mövqe tutmaqda günahlandıranlar vardı və təklif edirdilər ki, gəlin, dost olaq. Əslində təklif normaldır, ancaq məmurlarımızın münasibəti də dəyişməlidir.
FED.az Mərkəzi Bank sədrinin 1-ci müavini Alim Quliyevlə qısa, ancaq çox maraqlı dialoqu olduğu kimi, nöqtə, vergülünə toxunmadan sizə təqdim edir.
- Alim müəllim, Azərbaycanda banklararası valyuta bazarı işlək deyil. Bu nə ilə bağlıdır?
- İşləkdir. Kim deyir ki, işlək deyil?!
- Faktiki olaraq, bu bazar işləmir axı, yoxdur.
- Var. Kim deyir ki, yoxdur.
- Alim müəllim, Bank Standard ilə bağlı Mərkəzi Bankı ittiham edirlər ki, 2013-cü ildən bəri 3 il ərzində audit aparılmayıb, nəzarət edilməyib.
- Yoxlamaların dayandırılması haqqında ölkə prezidentinin fərmanı vardı. O fərman qüvvədə olduğu müddətdə Bankda yoxlama aparılmayıb.
- Axı, bu fərman həmin dövrdə verilməyib.
- Fərman nə vaxt verilib?
- 2015-ci ildə.
- Vəssalam, o vaxtdan da bəri yoxlama aparılıb.
- Bəs, ondan əvvəlki illərdə?
- Yoxlama aparılıb.
- Axı, ortada audit rəyi yoxdur.
- Niyə yoxdu?
- KPMG Mərkəzi Banka müraciət edib ki, Bank Standardda yoxlama apara bilmirik
- O, KPMG-nin problemidir. Mərkəzi Bank vaxtında orada yoxlama və auditini aparıb.
- Kredit portfelinin yarısı 0% ilə verilib. Mərkəzi Bank bunu görmürdü?
- Bu, bankın özünün işidir. Ona görə bugünə qalıb.
P.S, AZƏRTAC xəbər verir ki, ölkə başçısının tapşırıqlarına uyğun olaraq, 2015-ci oktyabrın 19-da Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilib.
Qanun layihəsinə əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.
Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Fərmanla lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsi nəzərdə tutulub (@insider.az).
Mərkəzi Bank rəsmisi ilə - MARAQLI DİALOQ
00:00
29 Noy 2017