2017-ci ilin iyulun 1-nə dövlət zəmanəti ilə cəlb edilmiş daxili kreditlər üzrə borc məbləğinin həcminin kifayət qədər böyük olmasına (15,565 mlrd. manat) baxmayaraq təqdim olunmuş büdcə layihəsində həmin məbləğ 302,9 mln. manat məbləğində şərti öhdəlik kimi nəzərdə tutulub.
FED.az xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə Hesablama Palatasının rəyində qeyd edilib.
Sənəddə vurğulanıb ki, xarici dövlət borcu üzrə isə 5,1 mlrd. manat dollara qarşı 487,9 mln. dollar kimi şərti öhdəlik qəbul edilib.
"Son illərin təcrübəsinə əsaslansaq qeyd etmək olar ki, dövlət zəmanəti ilə təmin edilmiş və bir sıra dövlət təşkilatlarına ("Baku Bus" MMC, "Azərkosmos" ASC, "Azərsu" ASC, "Azərenerji" ASC və sair) ötürülmüş kredit vəsaitlərinin əksər hissəsi büdcə vəsaiti hesabına qaytarılır ki, bu da gələcəkdə dövlət büdcəsi üçün ağır yükə çevrilir.
Qeyd olunanları nəzərə alaraq həm daxili, həm də xarici dövlət borcu üzrə dövlət zəmanətli kreditlərin tərkib risklərini özündə birləşdirən borca xidmət göstərilməsi ilə bağlı gələcək xərclərin dayanıqlı olmasını təmin edən sistemin qurulmasını və dövlət zəmanəti ilə cəlb edilən kreditlərin bir hissəsinin şərti öhdəlik kimi təsnifləşdirilməklə borcun uçotunda əks edilməsini məqsədəmüvafiq hesab edirik", - rəydə qeyd edilib.
Buna da bax: Səyyar vergi yoxlamalarının məhdudlaşdırılması tövsiyyə olunur