Mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə digər büdcə təşkilatlarının rəhbərləri 3 ay müddətində özlərinin tabeliyində olan (o cümlədən, icarəyə götürülmüş) obyektlərə, habelə icarəyə verilmiş obyektlərə və onların icarəçilərinə (subicarəçilərinə) dair siyahını hazırlamalı, kağız və (və ya) elektron daşıyıcılarda Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
FED.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən “Büdcə təşkilatlarında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, təbii qaz və su) istehlakına görə limitlərin müəyyən edilməsi və tənzimlənməsi Qaydası”nda əksini tapıb.
Qərara əsasən kommunal xidmət göstərən müəssisələr 2 ay müddətində büdcə təşkilatları ilə birlikdə nəzərdə tutulan siyahıya uyğun olaraq, sayğac quraşdırılmayan obyektlərin siyahısını tərtib edərək, kağız və (və ya) elektron daşıyıcılarda Maliyyə Nazirliyinə təqdim etməlidirlər. Maliyyə Nazirliyi buna uyğun olaraq, kommunal xidmət göstərən müəssisələr tərəfindən sayğac quraşdırılmayan obyektlərə dair siyahı təqdim edildikdən sonra 2 ay müddətində dövlət büdcəsinin imkanları və strateji yol xəritələri üzrə nəzərdə tutulan prioritetlər nəzərə alınmaqla, büdcə təşkilatları üzrə sayğaclaşmanın başa çatdırılması ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir. Kommunal xidmət göstərən müəssisələrə tapşırılıb ki, istehlakçılara qüvvədə olan standartlara uyğun kommunal xidmətlərin göstərilməsi məqsədi ilə zəruri tədbirlər görsünlər və kommunal xidmətlərə dair istehlakçılarla müqavilələrin bağlanılması zamanı müəyyən olunmuş limitlərin nəzərə alınması, habelə kommunal xidmətlərin həmin limitlər çərçivəsində təqdim olunması istiqamətində tabeli təşkilatlar üzərində nəzarəti təmin etsinlər.
Eləcə də bax: Podratçıların sayı 3-dən az olduqda tender ləğv ediləcək - SATINALMADA YENİLİKLƏR
Bu qərarla təsdiq edilmiş Qaydaya uyğun olaraq büdcə təşkilatları və kommunal xidmət göstərən müəssisələr tərəfindən tərtib edilmiş ümumiləşdirilmiş hesabatlardakı məlumatlar arasında fərq olduqda, həmin məlumatların “İri dövlət şirkətlərinin gəlirlər və xərclər smetaları haqqında” Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixliqərarı ilə yaradılmış Komissiyanın Katibliyində həmin şəxslərin nümayəndələrinin iştirakı ilə araşdırılması təmin edilməlidir. Dövlət Statistika Komitəsinə tapşırılıb ki, büdcə təşkilatları ilə birlikdə kommunal xidmətlərdən istifadə barədə (miqdar və pul ifadəsində) rüblük və illik hesabat aparılmasını təmin etsin.
Yeni Qaydanın qəbulu ilə əlaqədar Nazirlər Kabinetinin “Dövlət büdcəsindən maliyyələşdirilən istehlakçıların istifadə etdikləri elektrik, istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin limitləri haqqında” 1998-ci il 13 aprel tarixli qərarı ləğv olunub.