Türkiyənin aviasiya şirkətləri türk milli valyutasının rekord dəyərdən düşməsinin ertəsi günü, daxili reyslər üçün biletlərin qiymətinin yeni maksimum səviyyəsini təyin ediblər.
Hökumət ölkə daxilində birtərəfli aviadaşıma üçün yeni qiymət həddi təyin edib – 1650 lirə (61 dollar).
FED.az xəbər verir ki, bu haqda “Cümhuriyyət” qəzeti yazıb. Nəşrdə qeyd olunan məlumatlara əsasən, bu qərara vergilərin artması, eləcə də milli valyutanın dəyərdən düşməsi səbəb olub. Belə ki, ölkə aviaşirkətlərinin qiymətləri tənzimləmə sürəti təəccüblüdür: yaxın tarixlər və hətta avqustun sonları kimi uzaq tarixlər üçün bir istiqamətə biletlər 1650 lirəyə satılır.
Özü də bu vəziyyət yalnız “Türk Hava Yolları”nda deyil, həm də ucuz “AnadoluJet”də müşahidə edilir. Maraqlıdır ki, yeni qiymət həddi tətbiq olunana qədər aviabiletlərin qiymətləri daşıma sinfindən, yola düşmə və bronlaşma vaxtından asılı olaraq fərqlənirdisə, indi bu fərq keçmişdə qalıb. Xatırladaq ki, Türkiyə milli valyutası bir dollar üçün 27 lirədən də çox təşkil etməklə yeni tarixi minimum müəyyənləşdirib. (Trend)