2008-ci ildə "Uçmayan qalmasın" hədəfi ilə yaradılan Türkiyənin məşhur aşağı büdcəli hava yolları markası “AnadoluJet” qısa müddətdə həm daxili, həm də xarici bazarlarda öz yerini tutub. Yarandığı vaxtdan ötən 14 il ərzində şirkətin daşıdığı sərnişin sayı 100 milyon nəfəri keçib.
Türkiyənin aşağı büdcəli şirkəti İzmirlə Bakı arasında - UÇUŞLARA BAŞLADI
Cəmi 2 il əvvəl - 11 iyun 2020-ci il tarixindən etibarən beynəlxalq uçuşlara başlayan «AnadoluJet» Türkiyə daxili və xaricindəki 80-dən çox istiqamətdə 140-a yaxın uçuşlar həyata keçirir. Şirkətin əsas uçuş marşrutlarından biri də Bakıdır.
Bu təyyarələrin biri ilə həftə sonu Azərbaycana, TÜİB-i ziyarət etməyə gələn «AnadoluJet» başqanı Said Şamil Karakaş FED.az-ın suallarını da cavablandırıb.
- Şamil bəy, əvvəlcə «AnadoluJet»i qısaca tanıdardınız…
- İlk növbədə deyim ki, «AnadoluJet» şirkət deyil, Tük Hava Yollarının (THY) bir markası, brendidir. Tamamilə THY-nin güvəni altında işləyir, pilotları, texniki heyəti və təyyarələri ilə birlikdə - hamısı THY-yə məxsusdur. Sadəcə aşağı büdcəli hava yolu markası olaraq fəaliyyət göstərir. THY-dan fərqlərimiz odur ki, THY İstanbulun ən böyük hava limanında fəaliyyət göstərir, «Anadolu Jet» isə İstanbulun 2-ci böyük hava limanı olan Sabiha Gökçəni və Ankaradakı Ese Boğa hava limanlarını istifadə edir, Antalya və Bodrum kimi şəhərlərə uçuşlar edirik. Sadə desək, mərkəzdəki yerləri THY, kənarları «Anadolu Jet» idarə edir.
- «AnadoluJet»ə rəhbərlik dövrünüzdə maraqlı hadisələr baş verir. Pandemiya başladı, sonra Rusiya-Ukrayna müharibəsi oldu. Bu proseslər şübhəsiz ki, ümumilikdə turizm sektoru və «Anadolu Jet»in işində də özünü göstərir.
- Əlbəttə, pandemiya çox təsir etdi, xüsusilə yeni başlayan vaxtlarda. Düz 3 ay heç yerə uça bilmədik, heç bir təyyarəmiz havaya qalxmadı. Dövlətin təlimatına uyğun olaraq xüsusi uçuşlardan başqa, heç yerə uçuş edə bilmədik. Bu – hava yolu şirkəti üçün çox pis şeydir, çünki necə deyirlər çörəyimiz buradan çıxır. Təbii ki, çox pis vəziyyət idi, amma həm THY, həm «AnadoluJet», həm də bir ölkə olaraq Türkiyə bu dövrdə böyük hazırlıqlar apardı. Yəni biz bu 3 ay ərzində təkrar fəaliyyətə başlayacağımız zaman sərnişinlərin təhlükəsizliyini və sağlamlığını qorumaq üçün bütün tədbirləri gördük. Uçuşlar başlayandan sonra isə pandemiyanın təsirindən çox sürətli çıxdığımızı gördük.
- Pandemiyadan sonra sərnişinlərin sayı yəqin ki kəskin artdı.
- Bəli, tələb çox böyük idi. İnsanlar 3 aydır ki, heç bir yerə çıxa bilmirdilər, sıxılmışılar. Bu günün insanı belə hala alışmayıb, o çox hərəkətlidir, səyaşət edir və sair. Nəticədə uçuşlar başlayan kimi, tələbat da artdı və biz təyyarələrimizi və uçuş cədvəlimizi artırmağa başladıq. Yəni təyyarələrin doluluğu artdıqca, onların sayını artırmağa başladıq. Nəticədə artıq 2022-də sərnişinlərimizin sayı 2019-cu ilin göstəricilərini keçdi, Türkiyədəki turist sayı da 2019-cu ilin göstəricilərini üstələyib. 2022-də turist sayı 50 milyon oldu, 2023-də isə 60 milyon nəfəri hədəf qoymuşuq. Yeri gəlmişkən, burada Azərbaycandan gələn turistlərin də rolu var. Çünki Türkiyənin Antalya, Bodrum kimi yerləri çox sevilir və buraya uçuşlarımıza böyük tələbat var.
- «AnadoluJet» olaraq pandemiyadan hansı dərsləri çıxardınız, dəyişiklik etdiyiniz məqamlar hansılar oldu?
- Pandemiya bizi ilk növbədə öyrətdi ki, rəqəmsal sahədə sürətli və bacarıqlı olmalıyıq. Biz pandemiyadan əvvəl rəqəmsal sahə ilə bağlı 5 ildə nəzərdə tutduğumuz işlərin hamısını daha irəli çəkirik. Rəqəmsallaşma önəmlidir, insanlar bunu tələb edir və biz də geri qalmamalıyıq.
İkinci məsələ, çox dinamik planlama etməkdir. Bu nə deməkdir? Tutaq ki, biz illərdir bu nöqtəyə uçuruq və buradan pul qazanırıq, amma pandemiya gəldi və bu ölkə uçuşlara qadağa qoydu, nə edəcəyik? Dərhal təyyarəni başqa ölkəyə və ya şəhərə yönəltdik. Həftədə 1 dəfə etdiyimiz uçuşları 2-yə qaldırdıq, 3 idisə 1-ə endirdik. Çünki vəziyyət tez-tez dəyişirdi, bu insanlardan da asılı deyil, dövlətlər ölkəni qapayır və açırdılar. Bu vəziyyətə sürətli uyğunlaşmağımız lazım idi. Biz də həm THY, həm də «AnadoluJet» olaraq düşünürəm ki, bunu bacardıq. Rəqiblərimiz isə, məsələn Avropadakı şirkətlər, bunu bacarmadılar. Avropanın bəzi böyük hava yolları bunu edə bilmədilər. Bu da bizi daha bir addım irəli atdı. Yəni rəqəmsal olacağıq, sərnişinə yaxın olacağıq və bazarı daha yaxşı izləyəcəyik.
- «Anadolu Jet» hazırda neçə təyyarə ilə işləyir və nə qədər sərnişin daşıyır?
- Hazırda 65 təyyarə ilə hərəkət edirik, 2023-cü ilin sonuna təyyarələrimizin sayını 75-ə çatdırmaq planımız var. Sərnişin sayına gəlincə, 2022-də biz 15,3 milyon sərnişin daşıdıq, 2023-cü ildə isə bu sayı 20 milyon nəfərə çatdırmaq planımız var. Yəni illik 25-30%-ə yaxın artım planlaşdırmışıq.
- Şamil bəy, aşağı büdcəli aviaşirkətlərdən danışanda insanlarda sual yaranır – necə edirlər ki, burada biletlər daha ucuz olur. Bəlkə keyfiyyət və təhlükəsizlik səviyyəsi aşağıdır? Yəni THY ilə «Anadolu Jet»in təyyarələrinin nə fərqi var ki, qiymətlərin belə fərqlidir?
- Əvvəla xüsusi qeyd edim ki, havaçılıqda təhlükəsizliklə bağlı heç bir kənaraçıxma ola bilməz. Bunu heç bir şirkət etməz, təhlükəsizliklə bağlı belə şey mümkün deyil. Təyyarələrə xidmətlə bağlı da ola bilməz, baxın, THY-nin təyyarəsinə necə xidmət edirlərsə,
«AnadoluJet»in təyyarəsinə də elə xidmət göstərilir. THY-də uçan pilot «AnadoluJet»in təyyarəsində də uçur. Pilot, texniki heyət, nəzarət proqramı da eynidir.
Fərqli olan nədir – məsələn THY-nin oturacaqları daha genişdir, bizdə bu genişlik daha azdır, nəticədə THY-nin təyyarəsində 160 oturacaq olur, bizdə 190 oturacaq olur və s. Belə olanda bir nəfərin uçuşuna görə maya dəyəri daha aşağı enir. Bundan başqa, THY-dəki yemək seti daha zəngindir, bizdə isə bu daha az zəngindir. Bundan başqa, THY-də daha çox yük keçirmək olur, bizdə bu daha azdır.
- Bunun da əhəmiyyəti var?
- Əlbəttə, təsəvvür edin, hər sərnişin 5 kilo artıq yük götürsə, 1000 kilo edər, bu isə təyyarənin səfərinin qiymətini 1000 dollar artırır. Getdiyi məsafədən asılı olaraq bu rəqəm 2 min dollara yüksələ bilər. Bu xərcləri azaltmaq üçün aşağı büdcəli şirkətlər ingiliscə desək, işləri «lean», yəni daha yalın formada aparır. Bilet satışı da sadə olur – gediş-gəliş fərqi olmur, bir tərəfli biletlər olur və sair. Nəticədə xərclər də aşağı düşür və biletlər də daha aşağı qiymətə satılır. Həm də təyyarələr daha dolu olur, bu da biletin qiymətinə təsirini göstərir.
- Bakıya uçuşlarla bağlı bildirdiniz ki, uçuşların sayı həftədə 10 dəfəyədək artırılacaq. Ümumilikdə Azərbaycanla bağlı planlarınız necədir? Çünki «Anadolu Jet» hələlik yalnız Bakıya uçur, bölgələrə uçmur.
- Doğrudur, hələlik Azərbaycanın regionlarına uçmuruq, çünki ümumilikdə «Anadolu Jet» xaricə uçuşlarda yenidir, biz yalnız pandemiyadan sonra xaricə uçmağa başlamışıq. Hələlik Bakıdakı xətlərimizi qaydaya salmağa çalışırıq. Məsələn, Ankaraya həftədə 4 dəfə uçurduq, bir qədər əvvəl uçuşların sayın 7-yə qaldırdıq. Sabihaya isə həftədə 7 dəfə uçuruq, yay aylarında Antaliya və Bodruma, alınarsa, İzmirə uçuşlara hazırlaşırıq. Ona görə də demək istəyirəm ki, mərkəzdəki işimizi bitirmədən, yəni Bakının potensialını tam reallaşdırmadan başqa bir istiqamətlərə hələlik baxmırıq. Amma buradakı işlərimizi qaydasına saldıqdan sonra başqa hava limanları da gündəmə gələcək.
- «Anadolu Jet» daxili və xarici istiqamətlərdə 80-dən çox şəhərə uçur, təyyarələrdə sərnişinlərin doluluq səviyyəsi nə qədərdir?
- «Anadolu Jet»in uçuşlarda doluluğu 80%-dən artıqdır. Ayrı-ayrı şəhərlər üzrə göstəricilər fərlidir.
- Şamil bəy, bölgədə «low cost» uçan şirkətlər az deyil. Azərbaycanda «Buta Airways», Türkiyənin özündə «Pegasus», Avropada «Ryanair», «Wizz Air» kimi şirkətlər var. Belə vəziyyətdə rəqabətə necə davam gətirirsiniz?
- Biz bu sahədə yeni olsaq da, THY-nin dəstəyi var. THY-yə xidmət edən bütün bilet satışları sistemləri və agentliklər bizim də biletləri satır, satış problemimiz yoxdur. Ümumiyyətlə isə rəqabət həmişə işə faydalıdır və inkişafa kömək edir. Məsələn, Azərbaycanda elə də ciddi rəqabətmizi yoxdur, Almaniyada isə çox gərgin rəqabətdə işləyirik. Almaniya, İngiltərə, Birləşmiş Ərəb Əmirliklərindən Türkiyəyə çoxsaylı şirkətlər uçur və biz də bu rəqabəti uğurla aparırıq. Performansımız da göz önündədir.
- Rusiya-Ukrayna müharibəsi sizin işinizə necə təsir etdi, siz indi Rusiyaya uçursunuz?
- Uçuruq, amma əvvəlkindən daha az sayda – həftədə 3 dəfə. Həm Rusiya, həm də Ukrayna bizim üçün önmli ölkələrdir, ona görə də bunların arasında müharibənin olması bizim işimizə müsbət təsir edə bilməz. Amma inşallah ən qısa zamanda bu işlər həll olunar.
- Şamil bəy, son illər dünyada qiymətlər sürətlə artır, bahalaşma bütün sahələrə təsirini göstərir. Sizin qiymətlər də artırmı?
- Doğrudur, dünyada bahalaşma var və bu bizim işimizə də təsirini göstərər. Çünki bütün dünyada inflyasiya təzyiqi var. Bu bizim birlikdə çalışdığımız bütün partnyorlarda var. Məsələn, uçduğumuz hava limanının çoxsaylı xərcləri var. Bu xərclər artır, nəticədə bilet qiymətlərinə də təsirini göstərir. Çünki hava yolları çox məsrəfli bir sahədir. Siz İstanbuldan Bakıya uçanda, bu müəyyən məbləğə başa gəlir və bu məbləği 150 sərnişindən qazanmağımız tələb olunur, yoxsa uça bilmərik. Bir də baxırsınız ki, inflyasiya səbəbindən xərclər, məsələn 20% artır. Xərclər 20% artdıqca, biletlər də bahalaşmalıdır. Əks halda, bu dayanıqlı biznes olmaz. Əvvəl-axır Bakı xəttini tərk etməli olacaqsınız. Ona görə də inflyasiya bilet qiymətinə hökmən təsir edə bilər.
- Belə fikir var ki, «low cost» təyyarələrlə yalnız qənaət etmək istəyənlər uçar, varlı adamlar bu sistemlə uçmazlar, bu doğrudurmu?
- Baxın, bizim sərnişinlərin içərisində bütün təbəqələr var. Düşünməyin ki, «low cost» şirkətlərlə varlı insanlar uçmaz, buna əmin ola bilərsiniz. Səbəblər çoxdur. Birincisi uçuş saatı, ikincisi, uçduğu yer. Tutaq ki, kimsə Bursaya gedəcək, məntiqlə o Sabiha Gökçənə uçmalıdır. Doğrudur ola bilər kb, siz “biznes sinif”də uçmaq istəyirsiniz, amma bizim təyyarədə “biznes sinif” yoxdur, əvəzində İstanbula çatanda 2 saatlıq vaxt üstünlüyünüz var. Bəzən isə insan tələsir və ona 2 saata İstanbula çatmaq lazımdır, başqa bir şey lazım deyil. Söhbət təkcə bizdən getmir. Avropanın özündə də – Avropa varlı bir yerdir, bilirsiniz – ən güclü inkişaf edən “low cost” hava yollarıdır. Çünki hamı onlarla uçur.
Çünki Avorpada uçuş məsafələri 1-1,5 saat, bəzən 2 saat olur. İnsanlar düşünür ki, belə məsafəyə böyük pul verməyə məcbur deyiləm. Ona görə də belələri ən sərfəli vaxtda uçan və sərfəli qiymət verən şirkətlə uçurlar.
Hətta mənə sizə deyi ki, «low cost» hava şirkətləri ilə uçuşların sayı artmaqdadır. Hazırda belə şirkətlərin ümumi bazar payı bazar payı 40%-i keçib, 20 il əvvəl bu rəqəm 20%-dən aşağı idi. Təxmin edirəm ki, 10 il sonra belə şirkətlərin payı 60%-i də keçə biləcək.
- Şamil bəy, «AnadoluJet»dən ən sərfəli qiymətə bileti nə vaxt almaq olar?
- Baxın, həftə sonları təyyarələrə tələbat böyük olduğuna görə, qiymətlər də yüksək olur. Ona görə də çalışıb erkən almaq tələb olunur. Bileti tez alan qazanar, gec alan itirər.
- Bəs səfəri, məsələn, tətili planlaşdırmaq və xərclərə qənaət etmək üçün biletləri nə qədər əvvəldən almaq lazımdır?
- Normalda vətəndaşların, ən geci bir ay əvvəl, tətil planlaşdırırsa isə 6 ay əvvəldən bilet alması tələb olunur. Gec qaldıqda, yəni səyahətə 1-2 həftə qalıbsa, ucuz bilet tapmaq mümkün deyil. Bir məsələni qeyd edim, dediyim kimi, biz Bakıdan Ankaraya uçuşların sayını artırmağa hazırlaşırıq, bu vəziyyətdə təyyarələrə sərnişinləri cəlb etmək üçün daha çox təşviq və qiymət endirimləri etmək niyyətindəyik. Yəni insanlar bizim qiymətləri təqib etsələr yaxşı olar. Azərğbaycanlı qardaşlarımıza isə gəlib Ankaranı da gəzməyi tövsiyə edirəm. Mən Ankaraya qayıdan kimi, agentliklərlə yenidən danışıb onları buraya göndərəcəm ki, gəlib baxsınlar. Türk insanı da Ankaradan qalxaraq çox rahat şəkildə gəlib Bakını ziyarət edib gedə bilsin. Mən həftə sonu gəldim, çox gözəl bir səyahət oldu.