Bakıda fəaliyyət göstərən sərnişin daşıma şirkətləri tariflərə yenidən baxılması, gediş haqlarının artırılması və dövlətin bu sahəyə dəstək mexanizminin dəqiqləşdirilməsi xahişi ilə prezidentə müraciət ediblər.
FED.az xəbər verir ki, Bakıda avtombuslarda gediş haqqının artırılması ilə bağlı problem artıq 1 ilə yaxındır ki, müzakirə edilir. Nəqliyyat şirkətləri son vaxtlar istismar xərclərinin kəskin artması fondunda çətinliklərlə özləşdiklərini, zərərə düşdüklərini bildirərək, tariflərə dəyişiklik edilməsini istəyirlər. Bununla bağlı dövlət qurumlarına bir neçə dəfə müracit edilib.
Bu dəfə isə Bakı şəhərində və ətraf qəsəbələrdə sərnişindaşımanı həyata keçirən özəl daşıyıcı şirkətlər dövlət rəhbərliyinə yenidən kollektiv müraciət ünvanlayıblar.
Şirkətlər İqtisadiyyat Nazirliyindən mövcud tariflərə baxılması, dövlətin ictimai nəqliyyata dəstək verməsi yollarının nəzərdən keçirilməsini və birgə görüşün keçirilərək yaranmış vəziyyətin müzakirə edilməsini xahiş ediblər.
Müraciətdə xatırladılır ki, şirkətlər eyni xahişlə Tarif Şurasına bu ilin yanvar və aprel aylarında da müraciət ediblər, amma həmin müraciətlər cavabsız qalıb: «İctimai nəqliyyatda mövcud olan vahid tariflə ölkədəki və dünyadakı bazar reallıqları arasında kəskin fərqlər yaranıb. Bu müraciətlə bağlı şirkətlərdən 2022-ci ilin proqnoz göstəriciləri tələb olunub və tələb icra edilib. Lakin müraciət bu günədək nəticəsiz qalıb. Bir daha diqqətinizə çatdırmağı vacib hesab edirik ki, Bakı şəhərində ictimai nəqliyyatın 81 faizi özəl daşıyıcı şirkətlər tərəfindən icra edilir. Maliyyə hesabatlarına əsaslanaraq, hal-hazırda sərnişindaşımada mövcud olan gediş haqqının maliyyə xərclərinin qarşılanması üçün yetərli olmadığını bildiririk. Belə ki, 3 ilə yaxındır davam edən pandemiya sərnişindaşıma şirkətlərinə ciddi zərbə vurub, əhalinin sosial və iqtisadi aktivliyinin azalması sərnişin axınının kəskin azalmasına və gəlir imkanlarımızı minimuma endirməklə böyük maliyyə itkisinə səbəb olub. 2021-ci ildə ölkə ərazisində dizel yanacağının qiyməti 33% bahalaşaraq 80 qəpik müəyyən edilib. Dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün ayrılan subsidiyanın məbləği isə yanacağın bahalaşması səbəbindən yaranan əlavə vəsait itkisinin cüzi hissəsini əhatə edir. Avtobus nəqliyyat vasitəsinə zəruri olan sürtgü yağları, şin və sair bütün növ ehtiyat hissələrinin qiyməti 50 faizədək bahalaşıb. Bu hallarda şirkətlərin gəlirlərinin kəskin azalmasına, xidmət keyfiyyətinin aşağı düşməsinə və ümumilikdə ictimai nəqliyyatın cəmiyyətdə nüfuzunun azalmasına səbəb olur. Nəticədə bu günün bazar reallığından dəfələrlə aşağı olan gediş haqqı, şirkətləri ciddi maliyyə itkilərinə məruz qoymuş, borclanmanı daha da artırmış, fəaliyyət imkanlarımızı risk altına salıb”.
Daşıyıcı şirkətlər hər gün daşıdıqları sərnişin sayına görə toplanan vəsaitin 5%-ni “BakıKart”a ödədiklərini və bunun kifayət qədər böyük faiz olduğunu bildirərək həmin rüsumun azaldılmasını da xahiş ediblər, həmçinin ictimai nəqliyyatda alternativ ödəniş sistemlərinin tətbiq edilməsini, kartla ödənişə keçidin başa çatdırılmasının vacib olduğunu vurğulayıblar.
Şirkət rəhbərləri İqtisadiyyat Nazirliyində qəbul olunmalarını xahiş ediblər və yaranmış çoxsaylı problemlərin həlli üçün təcili tədbirlərin görülməsinin vacib olduğunu bildiriblər.
FED.az-ın əldə etdiyi məlumata görə, şikayət müəlliflərinin narazılıqlarından biri də kartla ödənişə keçidin heç də bütün marşrutlarda tətbiq edilməməsidir. Bu vəziyyət nəqliyyat şirkətlərinin dövriyyələrində və ödədiyi vergilərdə (və faizlərdə) fərq və haqsız rəqabət yaradır. Şəffaf işləyən şirkətləri narazı salan bir məqam da budur.