Dörd ayda “İcazə” blankı ilə bağlı sifarişlərin 90 faizə qədəri icra edilib.
Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalarda mühüm iqtisadi vasitə sayılan “İcazə blankları”nın daşıyıcılar arasında bölüşdürülməsi prosesi Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) tərəfindən həyata keçirilir. Bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və ABADA İctimai Birliyi arasında razılaşma əldə edilib. Məqsəd avtomobil daşıyıcılarının beynəlxalq avtomobil daşımaları bazarına çıxışının tənzimlənməsi, inhisarçılığın qarşısının alınması, daşıyıcıların və sürücülərin peşəkarlıq keyfiyyətlərinin artırılması və beynəlxalq reytinqlərdə Azərbaycan Respublikasının mövqeyinin yaxşılaşdırılmasıdır. Razılaşmaya əsasən, “İcazə blankları”nın daşıyıcılar arasında bölgüsünün müəyyən meyarlar əsasında tam şəffaf həyata keçirilməsi məqsədilə ABADA tərəfindən təmin edilməsi qərara alınıb.
Bu sahədə görülən işlərlə bağlı ABADA-nın baş katibinin müavini Kənan Qurbanov müsahibə verib.
FED.az həmin müsahibəni təqdim edir:
- “İcazə” blanklarının Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası tərəfindən bölünməsi hansı zərurətdən irəli gəlirdi. Memoranduma qədər bu bölgü Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən aparılırdı.
- İlk növbədə qeyd edim ki, bu qərarla bağlı sahibkarların bilməli olduğu əsas vacib məqam dövlət qurumunun, bu halda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin öz səlahiyyətini bölüşdürməsi deyil, icra mexanizminin təkmilləşdirilməsi üçün daşıyıcıların təmsil olunduqları ictimai birlik vasitəsilə bölgü prosesini təşkil etməkdir. Səlahiyyət qanunvericilikdə nəzərdə tutulan qaydada yenə də nazirliyin tənzimləmə dairəsinə aiddir. Mexanizmin təkmilləşdirilməsi üçün daşımalar prosesində əvvəllər müşahidə olunan neqativ halların aradan qaldırılmasına nail olmaq məqsədilə kompleks müdaxilə zəruri idi. İctimai iştirakçılıq haqqında qanunun tələblərinə uyğun şəkildə dövlət özəl sektoru, qeyri-hökumət təşkilatlarını aktiv icra masalarına dəvət etməlidir. Gözdən yayınan müəyyən halların, hər hansı nəzərdən qaçıra biləcəyimiz tələblərin arealının müəyyən edilməsi məqsədilə imzalanan memorandum gələcəkdə milli daşıyıcılarımızın ən detallı problemləri ilə bağlı daha operativ məlumatlanmaqda və problemin aradan qaldırılmasında sözsüz ki, Nazirliyin işinə də yardım etmiş olacaq.
- Prosesin icrası zamanı hansı meyarlar əsas götürüləcək? Bu meyarlar çox güman ki, daha şəffaf mühit üçün nəzərdə tutulub. Daha ədalətli bölgü mühitinin yaranacağından əminsinizmi?
- Şəffaf və ədalətli bölgü mühiti yeni standartları, fərqli baxış bucaqlarını və müxtəlif fikir mübadiləsini tələb edir. Məhz “İcazə” blanklarının yeni qaydalarla, yeni meyarlarla və yeni tərkibdə bölgüsü tam şəffaf mühitin yaradılması üçündür. Diqqət edin, daşıyıcılar-sahibkarlar arasında bölgü prosesinin icrası zamanı dövlət qurumunun nəzarəti ilə yanaşı, daşıyıcıların və müstəqil ekspertin də prosesə nəzarət və müdaxilə səlahiyyəti olacaq. Bu qərar dövlət qurumunun lokal heyəti ilə icra edilməyəcək. Dövlət ilə sahibkarların bir-birini yaxından anlamaları, problemlərin həllində birgə iştirak, təşəbbüslərin və təkliflərin ötürülməsində birbaşa kommunikasiyanın qurulması baxımından bu memorandum digər əməkdaşlıq sahələri üçün də baza rolunu oynayacaq. Dövlətimizin başçısının vurğuladığı bir məqamı xatırladım. “Dövlət-özəl sektor tərəfdaşlığı gərək daha konkret layihələr əsasında özünü göstərsin”. Memorandum Azərbaycanda beynəlxalq yükdaşımaları sahəsində daşıyıcı şirkətlərin, fərdi sahibkarların haqlarının müdafiəsi baxımından ən uğurlu anlaşma sənədi hesab edilə bilər. Əksər beynəlxalq nəqliyyat təşkilatlarına üzv olmağımız, beynəlxalq nəqliyyat konvensiyalarına qoşulmağımız, nəqliyyat daşımaları sahəsində bir çox dövlətlərlə müvafiq sazişlərin bağlanması, Beynəlxalq Nəqliyyat Forumunun Keyfiyyət Xartiyasının tələblərinin icrasına nail olmaq fərqli yanaşmanı tələb edirdi. Xüsusilə vurğulayım ki, “İcazə” blanklarının bərabər əsaslarla əldə edilməsi zamanı ölkələr arasındakı münasibətlər, bu münasibətlər çərçivəsində Azərbaycan nümayəndə heyətinin yerli daşıyıcılarımızın daşıma tələbatına uyğun sayda blank mübadiləsinə nail olmaq üçün gətirdikləri arqumentlər, əsaslandırılmış statistik rəqəmlər və iqtisadi prioritetlər kifayət qədər detallı işlənib hazırlanmalıdır. Bu aspektdən yanaşsaq ABADA həm də beynəlxalq komissiyaların iclasında bölgü həyata keçirilən zaman iştirak edir və təmsil etdiyi sahibkarların tələblərini ifadə etmə hüququna sahib olur. Dövlətlə eyni mühitdə bu tələblərin reallaşdırılması üçün mübarizəyə cəlb edilir. İmzalanan memorandumdan dörd aya yaxın vaxt keçir. Bu müddətdə əldə edilən nəticə məhz şəffaf bölgü üçün əsas götürdüyümüz kriteriyaların işlək mexanizmindən xəbər verir.
- Dörd ayda nə kimi nəticələr əldə edildi?
- Maraqlı sualdır. Mən bu 4 ayda əldə edilən nəticələri konspektləşdirsəm, deyə bilərəm ki, ilk növbədə “İcazə” blanklarının şəffaflıq və ədalət prinsipi ilə bölüşdürülməsi üçün xüsusi komissiya təsis edilib. Bu komissiya NRYTN, Dövlət Avtomobil Nəqliyyatı Xidməti ekspertlər, daşıyıcıların nümayəndəsi olmaqla formalaşdırılıb. Sui-istifadə hallarının qarşısının alınması, rahat və çevik ödənişlərin həyata keçirilməsi üçün elektron ödəniş sisteminə keçid edilib. ABADA İB-nin dünyada qəbul edilən, beynəlxalq standartlara cavab verən konsepsiyası hazırlanıb. Hesabat dövründə daxil olan “İcazə” blankı ilə bağlı sifarişlərin 90 faizə qədəri icra edilib. Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqına üzv olan 80-ə yaxın ölkə ilə əlaqələr qurulub. Qarşılıqlı xidmətlərin təşkili üçün razılıq əldə edilib. ABADA-ya üzv olan daşıyıcıların sayı 119-a çatıb. Bu daşıyıcıların balansında olan nəqliyyat vasitələrinin tam siyahısı hazırlanıb və bu siyahı əsasında beynəlxalq yükdaşımalara cəlb edilən yük nəqliyyat vasitələrinin vahid bazası formalaşdırılır. Daşıyıcılara məlumatların çatdırılması üçün sosial şəbəkə hesabları (facebook, telegram) açılıb, SMS xidməti yaradılıb. Defisit “İcazə” blankları hesab olunan III ölkə blankları ilə bağlı inhisarçılığın qarşısının alınması məqsədilə bazara nəzarət mexanizmi qanunvericilikdən və reqlamentdən irəli gələn qaydalara uyğun formalaşdırılır.
- Sözsüz ki, bütün yeniliklər, yeni mexanizmlərin tətbiqi şikayət tərəflərini də ehtiva edir. Şikayət edən sahibkarlar varmı və əsas şikayət motivləri nədir?
- Məlum razılaşma ilə bağlı şikayət edən tərəflər sahibkarların bir qismi belə deyil. Təsəvvür edin ki, ümumilikdə 130 daşıyıcıya qarşılıq bir neçə sahibkarın qərarın əleyhinə iddialar səsləndirməsi statistika baxımından belə müqayisəyə gəlmir. Məhz həmin şikayət edən daşıyıcılar bu sahədə “İcazə blankları”nı əldə edərək istifadəsinə təyinat, lüzum olmadığı halda beynəlxalq nəqliyyat xidmətləri bazarında milli daşıyıcılarımızı azad rəqabət mühitindən çıxararaq inhisarçılığa yol verirdilər. İcazə blankları məhdud mübadilə sənədləri kateqoriyasına daxildir. Bu, nə deməkdir? Yəni kvotaya uyğun mübadilə olunduğu üçün limit mövcuddur. Təbii ki, bu limit çərçivəsində həmin blanklardan yararlanmaq istəyən, həm də buna daşımada təqdim etdiyi xidmətə uyğun haqqı olan sahibkarlar icazə blankları əldə edə bilmirdilər. Çünki təəssüf ki, qanunvericilikdə daşıma izni ilə bağlı konkret meyarlar hələ ki, mövcud deyil. Məhz ABADA bu meyarları ümumi qəbul edilən dünya təcrübəsinə uyğun standartlar şəklində təqdim edərək bölgünü təşkil edir. Bu imkandan hər kəs yararlana biləcək. Beynəlxalq yükdaşımaları ilə məşğul olan daşıyıcılar arasında narazılıq edən daşıyıcıların, sürücülərin tələbləri daha çox fərdi tələblər şəklində ifadə edilir. Memorandum imzalanana qədər heç bir araşdırma, təhlil aparılmadan bazarda tələbatın kortəbii müəyyənləşdirilməsi əsasında “İcazə” blankları bölüşdürülürdü. Bu zaman bəzi sahibkarlar əllərində istifadə edilmədən qalan defisit blanklarını balansında bir avtonəqliyyat vasitəsi olan daşıyıcıya rüsumdan qat-qat baha qiymətə satırdılar. Beləliklə mühitdə “dozvol alveri” ifadəsi yaranırdı. Çox zaman məsələ mahiyyətdən uzaqlaşdırılır və satışın məhz dövlət qurumunun əməkdaşları tərəfindən icra edilməsinə dair əsassız iddialar ortaya atılırdı. Bölgünün şəffaf aparılması, reqlamentdən irəli gələn qaydalar məhz bu fonda narahatlıq yaradırdı. Artıq 4 aya yaxındır ki, “İcazə” blankı əldə etmək üçün real tələbat ilə bağlı müvafiq sübutları təqdim edən istənilən daşıyıcı reqlamentdə nəzərdə tutulan kriteriyalara cavab verirsə, daşımalarda iştirak hüququ qazanır. Nəticədə, “İcazə” blankını artıq qiymətə deyil, hər hansı sahibkardan deyil, məhz öz müraciəti əsasında rəsmi qaydada əldə edə bilir. Bu proses, həm də beynəlxalq yükdaşımaları bazarı ilə bağlı müfəssəl bazanın toplanmasına birbaşa təkan verir.
- İcazə blanklarının, xüsusilə sayı məhdud olan blankların artırılması ilə bağlı hansı işlər aparılır?
- “İcazə” blankı rəsmi sənəd hesab edildiyindən bu blankların mübadiləsini dövlətlərarası qarışıq komissiya müəyyən edir. Hər bir ölkə üzrə kvota hesablanır və imzalanan rəsmi sənədlə “İcazə” blanklarının mübadiləsi həyata keçirilir. “İcazə” blankları isə illik verilir. Bundan əlavə ABADA beynəlxalq yükdaşımalar sahəsində ən vacib sənədlərdən olan “Carnet TIR” təminatının da Azərbaycan üzrə rəsmi təminatçısıdır. Bu sənəd dünyanın 65-dən çox ölkəsi tərəfindən qəbul edilir. Ancaq məhdud-defisit icazə blanklarının ölkə daşıyıcılarının tələbinə uyğun artırılmasına dair işlərin icrası məhz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin təmsil olunduğu Beynəlxalq Qarışıq Komissiyaların iclasında təmin edilir. (Azərtac)