Rusiya-Ukrayna müharibəsi və nəqliyyat daşımalarının Rusiyadan kənar keçməsi Azərbaycan ərazisindən yük daşımaları kəskin artırıb.
FED.az xəbər verir ki, nəticədə yük daşıma şirkətləri 2022-ci ildə böyük mənfəət əldə ediblər.
“EL LOGISTICS GROUP” MMC şirkəti 2022-ci il üzrə hesabatını açıqlayıb. Qeyd edək ki, sözügedən şirkət “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi yük agentidir. Ötən il şirkətin sifarişlərində böyük artım baş verib.
Hesabata görə, 2022-ci ildə şirkəti daşımalardan əldə etdiyi əməliyyat gəlirləri 8 dəfə artaraq 2021-ci ildəki 3,6 milyon manatdan 29 milyon manata yüksəlib.
Paralel olaraq əməliyyat xərcləri də 3,4 milyon manatdan 27 milyon manata yüksəlib. Nəticədə ümumi mənfəəti 242 min manatdan 1,74 milyon manata yüksəlib.
Bu dövrdə şirkətin xərcləri 2,6 dəfə artaraq 131 min manatdan 348 min manata yüksəlib.
Xərcləri və vergiləri nəzərə aldıqdan sonra 2022-ci ildə “EL LOGISTICS GROUP” MMC-un xalis mənfəəti 1,39 milyon manata yüksəlib. Bu da bir il əvvəlşki 89 min manatlıq mənfəətdən 15 dəfə artıqdır.
Bu dövrdə “EL LOGISTICS GROUP” MMC-nin cəmi təqribən 70% artaraq 1,8 milyon manata yüksəlib.
Şirkətin cəmi kapitalı təqribən 7 dəfə artaraq 92 min manatdan 623 min manata yüksəlib. Dərhal öşdəliklər də artıb və 2021-ci ilin sonundakı 964 min manatdan, 1,16 milyon manata yüksəlib.
Şirkətin rəhbəri Fuad Məmmədov FED.az-a bildirib ki, artımın səbəbi tranzit yük daşımalarınnı çoxalmasıdır. Şirkət xüsusilə Türkmənistan, Gürcüstan, Qazaxıstan, Türkiyə, eləcə də Transxəzər dəhlizi ilə yük daşımalarının artdığını bildirir. Əsas daşınan yüklər karbamid, kükürd, kömür olub.