Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı şəhərində limitdən artıq olan taksilərin sayını hansı üsulla azaldıcağını ictimaiyyətdən gizlədir.
AYNA-nın bir şirkətlə 50 milyonluq tendersiz satınalmaları ortaya çıxdı - SİYAHI
FED.az xatırladır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilməsi haqqında» 14 oktyabr 2025-ci il tarixli qərarına əsasən, Bakı inzibati ərazisi daxilində taksi ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin (yəni taksi maşınlarının – FED.az) say həddi 25 000 ədəd müəyyən edilib.
Nazirlər Kabinetinin qərarından sonra AYNA paytaxtda taksi fəaliyyəti ilə məşğul olan avtomobillərin sayı ilə bağlı açıqlama verərək elan edib ki, Bakıda hazırda rəsmi olaraq 35 minə yaxın taksi avtomobili taksi fəaliyyəti göstərir.
Agentlik elan edib ki, taksi sayına 25 minlik limit qoyulması hazırda aktiv olan aktiv buraxılış kartlarının ləğv olunmasına səbəb olmayacaq.
Eyni zamanda Agentlik bildirir ki, kvotaya uyğunlaşma “Lisenziyalar və icazələr haqqında” Qanunun müəyyən etdiyi tələblərə uyğun həyata keçiriləcək.
Əhalinin və bu sektorda fəaliyyət göstərnən sahibkarların məsələ ilə bağlı ətraflı məlumatlandırılması məqsədilə FED.az AYNA-ya “Lisenziyalar və icazələr haqqında” bununla bağlı nəzərdə tutulan tələblərin nədən ibarət olması ilə bağlı sorğu ünvanlayıb, amma AYNA sözügedən qanuna istinad edərək soğrğunu normal şəkildə cavablandırmaqdan və ictimaiyyətin diqqətində olan məsələ ilə bağlı şəffaf məlumat verməkdən imtina edib.
Qeyd edək ki, “Lisenziyalar və icazələr haqqında” qanunda taksi fəaliyyəti ilə bağlı yalnız Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısında «taksi minik avtomobilləri ilə sərnişin daşımaları» və «taksi sifarişi operatoru fəaliyyəti»nin olması qeyd edilib.
Digər detallar, o cümlədən taksi fəaliyyəti ilə bağlı icazələrin necə tənzimlənəcəyi barədə digər məlumat mövcud deyil.
10 minlərlə sürücünü, yüzlərlə sahibkarı və yüz minlərlə potensial sərnişini maraqlandıran mövzuya AYNA-nın belə cavabı və şəffafı məlumat verməkdən yayınması ictimaiyyətin məlumatlandırılmasına mane olmaqla yanaşı, həm də ölkə rəhbərliyinin medianın fəaliyyətinə mane olmamaq barədə tapşırıqlarına da ziddir.
Yenilənib:
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı şəhərində limitdən artıq olan taksilərin sayını hansı üsulla azaldıcağını açıqladı.
FED.az xatırladır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilməsi haqqında» 14 oktyabr 2025-ci il tarixli qərarına əsasən, Bakı inzibati ərazisi daxilində taksi ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin (yəni taksi maşınlarının – FED.az) say həddi 25 000 ədəd müəyyən edilib.
AYNA-nın verdiyi açıqlamaya əsasən qanunvericiliyin tələblərinə müvafiq olaraq taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətin tətbiqi ilə əlaqədar 60 gün öncədən məlumat verilməlidir. Qeyd ediləni, eləcə də icazələrin verilməsinə kvotanın tətbiq edilməsi haqqında qərarın 1 noyabr tarixindən qüvvəyə minməsini nəzərə alaraq taksi fəaliyyəti üçün buraxılış vəsiqələrinin və buraxılış kartlarının verilməsi 2025-ci il 31 dekabr tarixinə kimi davam edəcək.
Həmçinin taksi fəaliyyəti ilə məşğul olan şəxslərə çağırış etmək istərdik. Belə ki, növbəti illərdə istehsal tarixindən 15 il ötmuş avtomobillərin taksi fəaliyyəti üçün istifadəsi mümkün olmayacaq. Bunu nəzərə alaraq, köhnə nəqliyyat vasitələrinin, xüsusən də istehsal tarixi 2011-ci olan avtomobillərin verilmiş müddət ərzində yenilənməsi tövsiyə olunur.
Qeyd etmək istərdik ki, kvotanın tətbiqindən sonra qiymətlərin artacağı, sürücülərin iş yerlərini itirəcəyi ilə bağlı yayılan məlumatlar yalnışdır. Hazırda taksi fəaliyyəti üçün 35 000 aktiv icazə mövcuddur. Gün ərzində isə bunlardan yalnız 22 000 – 23 000 taksi minik avtomobili xidmətə çıxır. Yəni, kvotanın 25 000 təyin edilməsi bazara təsir etməyəcək və taksi çatışmazlığı baş verməyəcək. Əksinə, peşakar əmək və xidmət bazarı formalaşacaq və əhaliyə göstərilən taksi xidmətinin keyfiyyəti daha da yüksələcək.
"Kvotanın tətbiqindən sonra sürücülərin iş yerlərini itirəcəyi ilə bağlı məsələyə aydınlıq gətirərək bildiririk ki, limit sürücülərin deyil, nəqliyyat vasitələrinin sayına tətbiq edilir, yəni bu addım iş yerlərinin sayına təsir göstərməyəcək. Hazırda taksi daşımalarında sürücülərə kifayət qədər tələbat mövcuddur. Taksi fəaliyyəti göstərən sürücülərin təlimləri və hazırlıq işləri davam etdirilir. Bir nəqliyyat vasitəsi bir neçə sürücü tərəfindən idarə oluna bilər və bu, taksi daşımalarında iş və istirahət rejiminə riayət olunmasına imkan verəcək"-deyə AYNA bildirib.