“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 2025-ci il üzrə maliyyə vəziyyətini açıqlayıb.
ASCO gəmiləri ilə yükdaşımalar - 5 FAİZDƏN ÇOX ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət ötən il 476 milyon 25 min manat gəlir əldə edib. Bu, 2024-cü ildəki 445 milyon 403 min manatla müqayisədə 30 milyon 622 min manat (6,9%) çoxdur.
Şirkətin satışlarının maya dəyəri 355 milyon 498 min manat olub ki, bu da, illik müqayisədə 8 milyon 134 min manat (2,2%) azalma deməkdir.
Satışların maya dəyərinin azalması və gəlirlərin artması şirkətin ümumi mənfəətinin 2024-cü ildəki 81 milyon 771 min manatdan 120 milyon 527 min manata qalxmasına səbəb olub. Ümumi mənfəət bir ildə 38 milyon 756 min manat (47,4%) artıb.
Bundan başqa, ötən il şirkətin ümumi və inzibati xərcləri 1 milyon 301 min manat (2,3%) azalaraq 56 milyon 818 min manatdan 55 milyon 517 min manata düşüb. Sosial xərclər də 1 milyon 597 min manat (30,7%) azalaraq 3 milyon 601 min manata bərabər olub. Azalma tempi sair əməliyyat gəlirlərində də özünü göstərib. Bu gəlirlər 2024-cü ildə 36 milyon 757 min manat idisə, ötən il 32 milyon 162 min manat olub. Yəni 4 milyon 595 min manat və ya 12,5% azalıb. Sair əməliyyat xərcləri isə 7 milyon 298 min manat (9,1%) artaraq 80 milyon 320 min manatdan 87 milyon 618 min manata çatıb.
2024-cü ildə gəmilərin, əmlak, tikili və avadanlığın satışından 13 milyon 711 min manat gəlir əldə edən şirkət ötən il bu sahədən pul qazanmayıb.
Hesabat dövründə ASCO-nun gözlənilən kredit zərəri 5 milyon 811 min manat olmaqla, illik 1 milyon 277 min manatlıq (18%-lik) azalma göstərib.
Xarici valyuta mübadiləsindən zərər 3 milyon 902 min manat və ya 3,4 dəfə artaraq 5 milyon 498 min manata yüksəlib. Xarici valyuta mübadiləsindən gəlirlər isə 1 milyon 39 min manat (2,2 dəfə) azalaraq 868 min manata düşüb.
Ötən il ASCO gəmilərin, əmlak, tikili və avadanlıqların dəyərsizləşməsindən 14 milyon 701 min manat zərər edib. Bu da, 2024-cü ildəki 1 milyon 552 min manatlıq zərərdən 13 milyon 149 min manat və ya 9,5 dəfə çoxdur.
Nəticədə şirkətin əməliyyat zərəri 19 milyon 189 min manata bərabər olmaqla, 2024-cü ildəki 18 milyon 426 min manatlıq əməliyyat zərərindən 763 min manat (4,1%) daha çoxdur.
Bəhs olunan dövrdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC 26 milyon 67 min manat maliyyə xərci edib. Maliyyə xərci illik müqayisədə 8 milyon 441 min manat və ya 47,9% artıb. Maliyyə gəlirləri isə 8 milyon 14 min manat təşkil etməklə 2024-cü ilə nəzərən 25 milyon 184 min manat (4,1 dəfə) azalıb. Birgə müəssisələrin nəticələrində paydan gəlirlər 22 milyon 526 min manat təşkil edərək 2024-cü ildəki 18 milyon 208 min manatı 4 milyon 318 min manat (23,7%) üstələyib.
Mənfəət vergisindən əvvəlki zərəri 14 milyon 680 min manat olan şirkət 2 milyon 855 min manat mənfəət vergisi ödəyib. Yekunda ötən il “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin xalis zərəri 17 milyon 535 min manat olub. Şirkət 2024-cü ili 14 milyon 495 min manat xalis mənfəətlə bağlamışdı. Yəni ötən il şirkətin xalis mənfəəti 32 milyon 30 min manat (2,2 dəfə) azalıb.
2025-ci ilin sonunda ASCO-nun cəmi aktivləri 1 milyard 769 milyon manat olub. Bu, 2024-cü ildəki 1 milyon 827 milyon manatdan 58 milyon manat (3,2%) azdır. Gəmilər, əmlak, tikili və avadanlıqdakı aktivlərin həcmi 52 milyon manat (4,2%) artaraq 1 milyard 282 milyon manata yüksəlib. Şirkətin birgə müəssisələrinə investisiyalarının həcmi 230,8 milyon manat olmaqla, illik 22,5 milyon manat (10,8%) artım göstərib.
Hesabat dövründə şirkətin pul vəsaitləri və onların ekvivalentlərinin həcmi 41 milyon 35 min manat (5,7 dəfə) artaraq 49 milyon 521 min manata yüksəlib. Məhdudiyyət qoyulmuş pul vəsaitlərinin həcmi 2024-cü ildəki 1 milyon 775 min manatdan 657 min manata düşüb, - yəni 1 milyon 118 min manat və ya 2,7 dəfə azalıb.
Şirkət 2024-cü ildə istiqrazlara 9 milyon 168 min manat investisiya etsə də, ötən il istiqrazlardakı investisiyanı geri götürüb və sıfıra bərabər olub.
Ticarət və digər debitor borcları 33 milyon 469 min manat (23,6%) azalaraq 108 milyon 341 min manata, vergilər üzrə debitor borcları 2 milyon 303 min manat (16,3%) artaraq 16 milyon 394 min manata, korporativ gəlir vergisi üzrə debitor borcları 95 min manat (1,8%) azalaraq 5 milyon 187 min manata düşüb. Mal-material ehtiyatlarının həcmi 37 milyon 484 min manat olmaqla illik 6 milyon 270 min manat (14,3%) azalıb.
2025-ci ilin sonunda ASCO-nun cəmi öhdəlkilərinin həcmi 606 milyon 379 min manat olub. Bu, 2024-cü ildəki 46 milyon 884 min manat (8,4%) çoxdur. Öhdəliklərin artmasının əsas səbəbi cəmi qısamüddətli öhdəlkilərin həcminin 2024-cü ildəki 116 milyon 347 min manatdan 182 milyon 169 min manata yüksəlməsi hesabına baş verib. Yəni bu öhdəliklər bir ildə 65 milyon 822 min manat və ya 56,6% artıb. Cəmi uzunmüddətli öhdəliklərin həcmi isə 18 milyon 938 min manat (4,3%) azalaraq 424 milyon 210 min manata düşüb.
Nəticə olaraq 2025-ci ilin sonunda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin cəmi kapitalında 105 milyon manat (8,3%) azalma olub. Belə ki, şirktin cəmi kapitalı 2024-cü ildə 1 milyon 267 milyon manat idisə, 2025-ci ildə bu rəqəm 1 milyard 162 milyon manata bərabər olub. Kapitalın azalması bölüşdürülməmiş mənfəətin 2024-cü ildəki 451 milyon 797 min manatdan 329 milyon 565 min manata düşməsi, - yəni 122 milyon 232 min manat (27,1%) azalması hesabına baş verib.







![ASCO ötən il 17,5 milyon manat zərər edib – [red]KAPİTALDA 105 MİLYONLUQ AZALMA - HESABAT[/red] | FED.az](upload/news/small/3485867.jpeg)
![ASCO ötən il 17,5 milyon manat zərər edib – [red]KAPİTALDA 105 MİLYONLUQ AZALMA - HESABAT[/red] | FED.az](upload/news/small/1743658.jpeg)
![ASCO ötən il 17,5 milyon manat zərər edib – [red]KAPİTALDA 105 MİLYONLUQ AZALMA - HESABAT[/red] | FED.az](upload/news/small/4504235.png)









