AZCON Holding şirkətlərindən olan Xəzər Dəniz Gəmiçiliyi - ASCO 2025-ci ildə yük daşımalarını artırıb.
Qurumdan FED.az biznes və maliyyə xəbərləri portalına verilən məlumata görə, qurumun gəmiləri 2025-ci il ərzində 9 milyon 086 min ton yük daşıyıb. Bu göstərici 2024-cü illə müqayisədə 5,4 faiz artım deməkdir.
Ötən il ən yüksək artım quru yük gəmiləri ilə daşımalarda qeydə alınıb. Belə ki, 2025-də bu tip gəmilərlə 1 milyon 325 min ton yük daşınıb. Bu, 2024-cü ilin eyni göstəriciləri ilə müqayisədə 45 faizdən çoxdur. Eyni zamanda bu rəqəm göstərir ki, ASCO daşıma portfelini şaxələndirir və ənənəvi olaraq neft və neft məhsulları ilə yanaşı, quru yüklərin daşınmasını da artırır.
Ötən il tankerlərlə daşınan yükün həcmində də artım müşahidə olunub. Belə ki, 2024-cü ildə tankerlərlə 4 milyon 216 min ton yük daşındığı halda, 2025-ci ildə bu göstərici 4 310 min tona çatıb, yəfni bu seqment üzrə daşımalarda 2 faizdən çox artım qeydə alınıb.
Statistikaya əsasən, 2024-cü ildə bərə gəmiləri ilə 76 757 ədəd təkərli texnikanın (vaqon, TIR və avtotexnika ) daşınması həyata keçirilib. 2025-ci ildə də təxminən eyni səviyyədə, yəni 77 071 ədəd vaqon, TIR və avtotexnika daşınıb.
Ən yüksək artım ASCO-nun daşıdığı konteynerlərin sayında baş verib. Belə ki, 2025-ci ildə ASCO-nun gəmiləri ilə daşınan konteynerlərin sayı 22,030 TEU olub. Bu 2024-cü illə müqayisədə 203 faiz və ya 3 dəfə artıqdır.









