Vüsal Kərimli: “Çalışırıq ki, sürücülər vətəndaşları 30 qəpik olaraq yox, insan kimi görsünlər”.
“Sosial şəbəkələrdən istifadə edirəm, amma öz adımla deyiləm”
Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərmli ictimai nəqliyyatdakı mövcud vəziyyət, problemlər və onların həlli yolunda atılan addımlarla bağlı sualları cavablandrıb. Onunla müsahibəni təqdim edirik.
- Vüsal müəllim, sirr deyilsə, sonuncu dəfə ictimai nəqliyyatdan nə vaxt istifadə etmisiniz?
- Ötən həftənin şənbə günü.
- Maraqlıdır, ictimai nəqliyyatdan mütəmadi olaraq istifadə edirsiniz, yoxsa bu bir təsadüf idi?
- Elə bilirsiniz, əməkdaşlarımın mənə verdiyi məlumatların hamısına inanıram? (gülür). Sözümdən belə anlaşılmasın ki, məni aldadırlar. Əsla! Sadəcə problemi özüm yerində görməmiş rahat ola bilmirəm. “BakuBus”da da, BNA-da da hansısa məqamı yoxlamaq üçün libasımı dəyişib əraziyə gedirəm. Lazım olanda şəkil də çəkirəm. Bizim işçilərlə birgə “Whatsapp” qrupumuz var. Məsələn, hansısa avtobusla bağlı daxil olan şikayətə əməkdaşlarımız yerində baxır, “hər şey normaldır” deyir. 1 həftə sonra özüm həmin şikayəti araşdırıram. Olub ki, şikayətçini də, daşıyıcını da dəvət edib bir yerdə müzakirə aparmışıq. Bu gün bir görüşdən gəlirdim. Gördüm səkidə işarələmə işləri aparılıb. Daha sonra işarələmə işləri aparan qurumun rəhbərilə danışdım. Məlum oldu ki, kimsə özü üçün parklama yeri düzəldib və xətləmə aparır. Biz dərhal bunun qarşısını aldıq.
- Belə anlaşıldı ki, əməkdaşlarınızın sizi aldatdıqlarına dair şübhələriniz yarandığından qəfil yoxlamalar aparırsınız?
- Yox, məsələ işçilərin məni aldadıb-aldatmaması ilə bağlı deyil. Rəhbər şəxsin öz vizionu olmalıdır. İşə, hadisələrə öz yanaşması, öz baxışı olmalıdır. Biz “BakuBus”ı dişimizlə-dırnağımızla qurmuşuq. Ona görə də “BakuBus”la bağlı qərəzli fikir bildiriləndə, çox pis oluram. Çünki “BakuBus” böyük zəhmət hesabına başa gəlib. Orada hansısa korrupsiya faktı ola bilməz. Digər daşıyıcılarda sərnişinlərdən alınan 30 qəpiklər hara gedir, nəyə xərclənir, bilinmir. “BakuBus”da isə hər şey kart sistemilə, köçürmə ilədir. Alınan hər bir yeni avdanlıq da kartla alınır. Burada hansısa yeyinti faktı ola bilməz. Bəzi mətbuat orqanlarının “BakuBus”u ləkələmək istəyi məni məyus edir. Bilirsiniz, indi burada çalışan 30-35 yaşlı işçilərimiz gələcəyin nəqliyyatçılarıdır. 15 ildir Azərbaycanda nəqliyyatçı yetişmir. Biz bunu etməyə çalışırıq. Buna kölgə salmaq cəhdləri isə xoşagələn deyil. Biz investisiya qoyub onları kurslara göndəririk. Mən özümə görə yox, o uşaqlara görə narahatam. Mən rəhbərəm, sabah vəzifəmi icra edə bilməsəm, ölkə rəhbəri tərəfindən işimə xitam veriləcək. Çünki vəzifə əbədi deyil, işin başında işini bilənlər olmalıdır. Əsas gənclərin həvəsdən düşməməsidir.
Bəzən əməkdaşlarımız gəlib deyir ki, “müəllim, bizdən mənfi yazırlar, amma siz reaksiya vermirsiniz”. Belə bir hal bu yaxınlarda da baş verdi. Yenə ənənəvi olaraq başıma kepka qoydum “Gənclik Mall”ın qarşısına getdim. Deməli, sürücü ərazidə avtobusu qeyri-qanuni saxlayıb, mən də onun şəklini çəkirəm. Televiziya kanallarından biri kadrda məni göstərir və deyir ki, “baş verənlərdən Bakı Nəqliyyat Agentliyinin xəbəri yoxdur”. Operator və “jurnalist”in BNA rəhbərinin kimliyindən xəbəri belə yoxdur. Olsaydı, kadrda ən azı məni tanıyardı. Jurnalist xalqı maarifləndirməlidir, qara yaxmamalıdır. Əgər nöqsan var və onun həllinə çalışılmırsa, onu tənqid etmək olar. Amma hadisə yerində rəhbərliyin olduğu bir anda “BNA-nın heç bir əməkdaşı burada yoxdur” demək heç bir jurnalist etikasına sığmır. Ən azı qurumun mətbuat katibindən açıqlama almaq olardı.
- Yəqin ki, Agentliyə avtobuslarla bağlı çox sayda şikayətlər daxil olur. Maraqlıdır, şikayətlər hansı şəkildə araşdırılır?
- Qeyd edim ki, bu gün BNA-ya daxil olan hər bir məktub, müraciətlər şəxsən tərəfimdən izlənilir. Qəza baş verən 160 saylı avtobusla bağlı bütün müraciətlərin hamısını araşdırmışıq. O vaxt avtobuslar paylaşdırılarkən heç bir müsabiqə keçirilməyib. Müsabiqə məsələsini ilk dəfə BNA həyata keçirdi. Hətta bunu da tənqid edirlər ki, niyə müsabiqə keçirirlər. 3 il əvvəl də indiki problemlər var idi. Maraqlıdır niyə indi qabardılır?
- Hər halda bu, insanların Agentliyin yeniliklər edəcəyinə dair yaranan ümidindən irəli gəlir...
- Əlbəttə. Bilirsiniz, Bakı bizim övladlarımıza qalacaq. Bakını başqasına verməyəcəyik. Ona görə indi atılan addımlar ağrılı olsa da, gələcəyimizin rahatlığı üçün təminatdır. Çünki 5 il sonra Bakını idarə etmək mümkün olmayacaq. Bu gün Bakıda böyük tikinti işləri gedir. Onların tənzimlənməsi böyük səy tələb edəcək. Hazırda 49 təklif vermişik, hamısına baxılır. Onların reallaşması zaman alacaq. Mən niyə hansısa layihənin icrası zamanı Avropaya istinad etməliyəm... Mən nəqliyyatda Bakı standartını yaratmaq istəyirəm. “BakuBus”un qarajı Avropanın heç bir şirkətində yoxdur. Digərlərində də bu sistemi qurmağa çalışacağıq.
- Dediniz şikayətlərlə şəxsən maraqlanırsınız. Bu gün əksər şikayətlər sosial şəbəkələr üzərindən səsləndirilir. Maraqlıdır, sosial şəbəkədən istifadə edirsiniz? Bəlkə orada da “libasınızı” dəyişibsiz, xəbərimiz yoxdur?
- Sosial şəbəkəni izləməyimi bizim mətbuat katibimiz Maisdən soruşun ki, gecə saat neçədə ona yazıram. Ki, vətəndaş “Facebook”da, “İnstagram”da bizə sual ünvanlayıb, niyə cavablandırmamısan... Sosial şəbəkələrdən istifadə edirəm, amma öz adımla deyiləm (gülür).
- Məlumdur ki, bəzi özəl şirkətlərin arxasında məmurlar dayanıb. Onlarla mübarizə aparmaq isə çətinlik yaradır. Onlarla necə mübarizə aparmağı düşünürsünüz?
- Bilirsiniz, dövlət başçısı mənim arxamda durduğu müddətdə, hansısa daşıyıcının arxasında duran məmur mənə maraqlı deyil. Cənab Prezidentin ictimai nəqliyyatdakı nöqsanlarla bağlı çıxışından sonra Bakıya özəl şirkət tərəfindən 50 avtobus gətirilib. Yaxın günlərdə bəzi istiqamətlərdə köhnə avtobusları dəyişəcəm. Əvvəl, özəl şirkətlər tərəfindən bu addımlar atılmırdı. Amma ölkə başçısının çıxışından sonra bu məsələlər həll olunmağa başlayıb. Bu gün konkret addımların atılmaması hansısa məmurdan asılılığa görə deyil, vətəndaşın avtobussuz qalmamasına görədir.
- Vüsal müəllim, xüsusilə Bakıətrafl kəndlərə işləyən marşrut xətlərində vəziyyət bərbaddır. Hətta o gün sosial şəbəkələrdə bir foto vardı, avtobusda oturacaq yerinə stul qoyulmuşdu...
- Bəzən köhnə fotolar yayımlanır. Amma bu gün onu edəcək daşıyıcı bilir ki, belə olan təqdirdə fəaliyyət göstərə bilməyəcək. Bəzi hallarda daşıyıcılara hansısa xətti verəndə, deyirlər ki, yol bərbaddır gedə bilmərik. Bunlar hamısı bir-birinə zəncirvari bağlıdır. Hər halda qeyd olunan məqam da tərəfimizdən araşdırılacaq.
- Bir müddət əvvəl Bakıda tramvay və tralleybusların fəaliyyət göstərəcəyi gündəmə gəlmişdi. O məsələnin axırı necə oldu?
- Fransız şirkəti bununla bağlı BNA-ya müraicət etmişdi. Bu gün Avropada tramvayların olduğu yerlərdə əhali sayı azdır. Bakıda tramvay xətlərinin çəkilməsi üçün Lökbatan qəsəbəsi istiqamətində bulvarın kənarı ilə bütün ictimai nəqliyyatı ləğv edərək, Zığ qəsəbəsinədək həyata keçirə bilərik. Amma tramvay xəttini düzəltdiyimiz vaxt vətəndaş ora nə iləsə gəlməli və getməlidir. Ona görə, bu məsələ real görünmür.
- Bakının ictimai nəqliyyatındakı mövcud vəziyyəti necə dəyələndirərdiniz?
- Ümumilikdə Bakı Nəqliyyat Agentliyi fəaliyyətə başladığı 3ilin ilk ilini mövcud problemlər və onların araşdırılmasına yönəltdi. Nəqliyyat sistemi canlı orqanizmdir. Canlı orqanizmin dayandırılması və müəyyən layihələrin icra olunaraq, davam etdirilməsi kimi hüququmuz və lüksumuz yoxdur. Ona görə də problemləri mərhələli şəkildə - qısamüddətli hədəflər və ortamüddətli hədəflər şəklində müəyyən etmişik. Ən zəruri məsələ avtobus parklarının yenilənməsidir. Nəzərinizə çatdırım ki, Bakı Nəqliyyat Agentliyi fəaliyyətə başldığı zaman daşıyıcıların sayı 67 idi ki, hazırda bu rəqəm 41-ə endirilib. Ölkə rəhbəri son çıxışında da bildirdi ki, özəl sektor bu sahədə gözləntiləri doğrultmadı. Hazırda biz bu istiqamətdə də işlərimizi davam etdiririk. “BakuBus” nümunəsi olaraq, müqavilələr bağlanmaq üzrədir. Bu yaxınlarda 300 yeni avtobus ölkəyə gətiriləcək. Mövcud xətlər 3 il ərzində özlərini peşəkar şəkildə göstərə bilməyən daşıyıcılardan alınacaq və əhaliyə daha yüksək xidmət göstərənlərə veriləcək. Eyni zamanda, əsas məsələlərdən biri də paytaxtdakı sıxlıqlarla bağlıdır. Tıxaclar və sıxlıqlar bütün dünya ölkələrinin şəhərlərinə xas xüsusiyyətdir. Lakin tıxacların və sıxlıqların süni yolla yaradılmasının qarşısını almağı hədəfləmişik. Bəzi yerlərdə qeyri-qanuni parklamalar, bəzi yerlərdə tikinti şirkətləri tərəfindən icazəsiz tikintilər aparılması, səkilərin, yolların hesablanmadan tikinti ərazisinə daxil edilməsi bu problemləri daha da qabardır. Eyni zamanda, Bakı şəhərinin inzibati ərazisindəki avtomobil yollarında nişanlama və işarə çatışmazlığı mövcuddur. Hazırda onların analizi yekunlaşıb və hökumətə göndərilib. Önümüzdəki ildən etibarən həm məlumatlandırıcı, həm işarəverici nişanların quraşdırılmasına başlanacaq. Ümumilikdə bütün bunları bir neçə mərhələyə bölmək olar: avtobusların nizamlanması, taksilərə dair kvotanın tətbiqi üzrə tədbirlər planın hazırlanması. Küçə və prospektlərdəki piyada səkilərin yenidən bərpa olunması, piyadalar üçün daha təhlükəsiz piyada zolaqlarının yaradılması, eyni zamanda bəzi küçələrin istiqamətinin dəyişdirilməsi gündəmdədir. Bununla da süni şəkildə yaradılan tıxacların həllinə nail ola biləcəyik.
Bütün dünyada belə bir təcrübə var ki, şəhəri daha çox avtomobil istifadəsi üçün deyil, piyada istifadəsi üçün hazırlayasan. Biz şəhəri piyadaların daha çox, nəqliyyatın daha az olması istiqamətində hazırlayırıq. Avropa standartları məhz bunu ehtiva edir. Bakı Nəqliyyat Agentliyinin hədəfi Bakı standartları yaratmaqdır. Bakıda küçələrdə pandusların inşasına başlamışıq. Bugünə qədər 3 mindən çox pandus, təhlükəsizlik üçün tumbalar quraşdırılıb. Təəssüf ki, bir çox qəzalar zamanı nəqliyyat vasitələri piyadaların üstünə çıxır. Bizim quraşdırdığımız məhəccərlər və tumbalar məhz belə nəticələrin qarşısını almağa yönəlib.
Nəqliyyat vasitələrinin daha az olması isə ictimai nəqliyyatın yüksək səviyyədə olmasını tələb edir. Bunun üçün parkinq yerləri, ictimai nəqliyyatın daha əlçatan olması lazımdır. Hazırda məhz bu istiqamətdə işlərimizi davam etdiririk.
- Bakı Nəqliyyat Agentliyi paytaxtda nəqliyyatın işini yaxşılaşdırmaqdan ötrü xeyli işlər görür. Amma buna baxmayaraq, sizin də qeyd etdiyiniz kimi, Bakının tıxac problemi həll olunmur. Bu problem sizin fəaliyyətinizdə, avtobusların intervalının müəyyən olunmasında hansı çətinlikləri yaradır? Agentlik olaraq bu sahədə hansı qəti addımları atmağı planlaşdırırsız?
- Tıxac bir az əvvəl də qeyd etdiyim kimi, əsasən süni problemlərdən yaranır. Burada qeyri-qanuni parklamadan danışmaq istərdim. Bildiyiniz kimi, qeyri-qanuni parklamaya dair İnzibati Xətaların icrası Agentliyə tapşırılıb. İki aya yaxın müddətdə bunun xüsusi inteqrasiya proqramını hazırladıq. Artıq br neçə gündür ki. İnzibati Xətaların tətbiqinə başlanılıb. İlkin olaraq, əməkdaşlarımız qeyri-qanuni parklamanı planşetlər vasitəsilə müəyyən edir. Qanunvericilikdə ediləcək dəyişikliklərə verdiyimiz təkliflərdə qeyd etdiyimiz kimi, yeni ildən etibarən qeyri-qanuni parklamalar insanlar yox, kameralar vasitəsilə müəyyən ediləcək. Ümumi strategiyamızın hədəfi insan təmasının olmamasıdır. Kamera vasitəsilə həm şəffalıq təmin ediləcək, həm də ora hər hansı müdaxilə mümkünsüz olacaq.
- Düşünürsüz ki, məsafədən idarəetmə bu sahədəki çətinlikləri aradan qaldıracaq?
- Siz özünüz də həm nəzəri, həm də praktiki yoxlaya bilərsiniz. Əvvəllər “Gənclik” metrostanasiyasının qarşısında yaranan tıxac, indi hiss olunacaq dərəcədə azalıb. Ərazidə günün pik saatlarında sürət 12 km/saat idisə, hazırda 20-25 km/saatdır. Burada tıxacın yaranma səbəbi qanunsuz parklama və avtobusların taksilər səbəbindən dayanacağa girə bilməməsi idi. Eyni zamanda, daşıyıcılar sürücülərə ciddi nəzarət etmədiyi zaman da intizamsızlıq yaranır. Nəzarət mexanizmi sadəcə işdən çıxarılma olmamalıdır.
Hər bir vətəndaşın şikayəti analiz olunur. Əgər bizim daxili nəzarət şöbəsi tərəfindən sürücü ya qaydanı pozub, ya etik çərçivə kənarında danışırlarsa, onlar barədə lazımi tədbirlər görülür.
Mən bundan başqa, bizdəki sürücülük mədəniyyətinə toxunmaq istərdim. Bu sahədəki çatışmazlıq böyük tıxaca da səbəb olur. Zolaqlar üzrə hərəkət, demək olar ki, çox azdır, işıqfora yaxınlaşmamış zolaqdəyişmələr var. Bizdə 3 zolaq varsa, baxırsan ki, 4-5 avtomobil yanaşı dayanıb. Zolaqlar elə-belə düşünülməyib. Zolaqların sayı fövqəladə hal yarandığı təqdirdə vətəndaşın avtomobildən rahat çıxışını təmin etmək üçündür. Əfsus olsun ki, bizdəki sürücülər buna riayət etmir. Eyni zamanda, sürücü qaydaları pozur, sürücülük mədəniyyəti aşağıdır, üstəgəl tıxacdan da şikayət edir. Tıxacı biz yaradırıq, avtomobillər yaratmır, qəzaları biz törədirik, avtomobillər törətmir. Sürücülük mədəniyyəti, onun sürücülük vəsiqəsi aldığı andan sükan arxasına keçənə qədər formalaşmalıdır.
Eyni zamanda, tıxaclardan danışarkən inşaat işlərini vurğulamaq istərdim. Bəzən özümüz gedib baxırıq ki, inşaat maşını orta küçəni bağlayıb beton tökür. Kim icazə verib, bilinmir. Maraqlısı budur ki, işlər ya səhər tezdən, ya da axşam vaxtlarında edilir. Deməli tıxacı da, sıxlığı da yaradan biz özümüzük. Əsas məqsədimiz cəzalandırmanı, inzibati tənbehi bir az da gücləndirməkdir. Təbii ki, qeyri-qanuni parklamanın aradan qaldırılması zamanı istər planşetlərin, istər kamerların tətbiqi, istər avtomobillərin təxliyə olunması ağır bir proses olacaq. Amma şəffaflıq təmin olunacaq.
- Ötən ayın əvvəlində Bakıxanov və Səməd Vurğun küçələrinin kəsişməsində sarı tor nişanlanması məhz tıxacların qarşısının alınması üçün salındı. Artıq bir aya yaxın vaxt keçir. Bilmək istərdik sarı tor nişanlanması nə dərəcədə effektlidir və gələcəkdə digər küçələrdə də tətbiqi nəzərdə tutulubmu?
- Əslində sarı torun bütün kəsişmələrdə salınması nəzərdə tutulub. Avropada, qonşu Türkiyənin özündə sarı torun üzərində kameralar da quraşdırılıb. Əgər işıqforun yaşıl işığı yanırsa belə, sürücünün oradan keçməsi mümkün deyilsə və o, yaşıl işıqda tora düşürsə, bu, inzibati tənbehə tabe tutulur. Ümumilikdə, bütün kəsişmələrdə, binaların çıxışında, xüsusilə yanğın, mühafizə çıxışlarında sarı torun tətbiqini planlşdırırıq. Hazırda təsdiq almışıq. Bakını 74 kəsişməsində sarı torun tətbiqi planlaşdırılır. Bu, ciddi dərəcədə tıxacların aradan qalxmasına təsir göstərəcək. Çünki kəsişmələr dolu olmayandan sonra nəqliyyat axını davam edəcək.
- Statistika bəllidirmi ki, bugündək neçə sürücü sarı tora düşüb?
- Torun inzibati tənbehi bizim qurum tərəfindən həyata keçirilmir. Ona görə də statistika onlarla əlaqəli şəkildə təqdim edilə bilər. Amma vizual araşdırma ərazidəki ənənəvi tıxacların azaldığını deməyə əsas verir.
- Paytaxtın marşrut şəbəkəsinin optimallardırılması ilə bağlı “Yol-1” layihəsi təqdim edildi. Hazırda bu layihənin icrası hansı mrəhələdədir?
- Bakı Nəqliyyat Agnetliyi tərəfindən ümumilikdə şəhərdə tıxacların azaldılması üzrə 40-dan çox layihə təqdim edilib.”Yol-1 “layihəsi çox vacib layihədir. Bu, “Yol-1” layihəsi “Yol-1 Tibilisi” layihəsidir. Buradan İzmir prospektinə qədər yol kəsişmələri və geridönmələr tamamilə analiz edilib, tələbə uyğun hazırlanıb. Hazırda müvafiq qurumlar tərəfindən ərazidəki kommunikasiya xətlərinin köçürülməsi hesablanır. Bunlar bizə təqdim edildikdən sonra layihənin icrasına başlanacaq. Bakı Nəqliyyat Agentliyi problemi araşdırıb, həll təklif edən qurumdur. Bunun texniki tərəfləri digər qurumlar tərəfindən həyata keçirilir. Necə ki, 3-cü mikrorayon dairəsində layihəmiz yekunlaşmaq üzrədir, paralel olaraq, 4-cü mikrorayon dairəsi layihəsinə başlayacağıq. Çünki Memar Əcəmi, 3-cü mikrorayon dairəsi, 4-cü mikrorayon dairəsi, “Şamxinka” adlandırılan yer, Tbilisi prospekti bir-birinə bağlı layihələrdir. Biz məsələni lokal şəraitdə həll etməyi hədəfləmişik.
- Bu gün sərnişindaşımada əsas problemlərdən biri sürücülərlə bağlıdır. Bir müddət əvvəl Agentlik vahid sürücü bazası yaratdı, təxminən 3 minə qədər sürücü ora cəlb olundu. Bu gün nəqliyyatdakı sürüclərin həmin mərkəzdə hazırlanması nə vaxt reallaşacaq?
- Bu gün çox böyük sürücü problemi var. Bakıda 2041 avtobus fəaliyyət göstərir. 2041 avtobusun sürücülərinin hamısını qanunvericiliyin tələblərinə uyğun hesablasaq, təxmini 2.7 əmsal alınır. Sürücü 6-da işə başlamaq üçün saat 4-5-də qaraja gəlməlidir. Qarajda onun tibbi yoxlaması həyata keçirilməlidir. Mən sizə “BakuBus” MMC-də həyata keçirilən sxemi bildirirəm.Yoxlamadan sonra avtobusu mexanikdən təhvil almalı və müvafiq sənədləri yoxladıqdan sonra xəttə çıxmalıdır. Bir sürücü isə 8 saatdan artıq çalışa bilməz. Biz bu əmsalla hesablasaq, 1 avtobusu idarə etmək üçün 2.5-2.7 sürücü lazımdır. Belə olan halda, xətlərdə olan avtobusları idarə etmək üçün 5 min sürücü lazımdır. Daşıyıcılarda olan mövcud sürücü sayı buna adekvat deyil. Sürücü Təlim Mərkəzində yenidənqurma işləri bitdikdən sonra yeni ildən etibarən, sürücüləri praktiki təlimlərə cəlb edəcəyik. Sürücülərin bizim tərəfimizdən təklif olunması üçün qanunvericilikdə dəyişiklik olunmalıdır. Bizim məqsədimiz bütün avtobus şəbəkəsinin dövlət nəzarətinə keçməsdir. İstəyimz budur ki, sürücülər “BakuBus”dakı kimi maaş alsınlar, vətəndaşları, bizim övladlarımızı 30 qəpik olaraq yox, insan kimi görsünlər. Bunun üçün vaxt lazımdır. Sürücü çatışmazlığı da nəzərə alınmalıdır. Bəzən baxırsan müraciət edənlər avtobus sürməyiblər. Biz mərhələ-mərhələ onları təlimlərə cəlb edib, ümumi bazaya daxil edəcəyik. Bir daha qeyd edirəm ki, mövcud qanunvericilik çərçivəsində daşıyıcıya hansısa qadağa və məhdudiyyət tətbiq etmək səlahiyyətimiz yoxdur. Bakı Nəqliyyat Agentliyi cənab Prezidentin sərəncamına uyğun olaraq, hökumətə, daşıyıcılara, sürücülərə, qarajlara, taksilərə, avtobuslara dair tələblər hazırlayır. Tələblər təsdiq olunduqdan sonra sürücü istədiyi kimi hərəkət edə bilməyəcək. Bir şeyi də xüsusi qeyd etmək istərdim. Yəni bütün məsuliyyəti sürücünün üzərinə qoymaq da düzgün deyil. Sürücü də istəyər ki, gəlsin “BakuBus”dakı kimi yoxlanılsın, rahat şəkildə əmək haqqını alsın. Avropada, Rusiyada, Türkiyədə avtobus sürücülərinə xüsusi hörmət var. Biz öz avtomobilimizi idarə edərkən 3-4 nəfərə cavabdeh oluruqsa, avtobus ən azı 50-60 nəfərə cavadehdir. Onlarla da mülayim danışmaq lazımdır. Çünki sürücülər də bizə xidmət göstərir. Daşıyıcılar isə bunlarla yanaşı, onlardan maddi maraq gözləyir. Bizim isə qarşıya qoyduğumuz məqsədimiz, ölkə rəhbəliyi tərəfindən də bildirildiyi kimi, əhaliyə ən yüksək səviyyədə xidmət etməkdir.
Lakin hansısa sürücü qəza törədir və insan tələfatı ilə nəticələnirsə, mövcud qanunvericilik çərçivəsində o sürücünün digər daşıyıcı xətlərdə çalışmasının qarşısını almağa çalışırıq.
- Əgər qanunvericilikdə dəyişiklik edilərsə və sərnişindaşıma tam olaraq dövlətin nəzarətinə verilərsə, Bakı Nəqliyyat Agentliyi həmin marşrutları yeni avtobuslarla təmin etmək iqtidarındadırmı?
- Bizim planlaşdırdığımız strategiya var. Hazırda Bakıda 2100 avtobus fəaliyyət göstərir. 2100 avtobusun bir çoxu təkrarlanır. Bu ilkin olaraq şəhərin yüklənməsinə səbəb olur. İkincisi, ekologiyanın çirklənməsidir. Ölkə rəhbəliyinin istəklərindən biri də avtobusların sıxılmış təbii qazla işləməsidir. Bizim təklif etdiyimiz qanun layihəsində 2022-ci ildən ictimai nəqliyyatda sıxılmış təbii qazdan, yaxud elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadə nəzərdə tutulub. Bu, bizim təklifimizdir. Bu gün “BakuBus”da 302-ə yaxın avtobus var. Onların xəttə çıxma nisbəti 270-ə yaxındır. Digər 30-u qəzalar, problemlərin yaranma ehtimalı ilə bağlı ehtiyatda saxlanılır. Gətirəcəyimiz 300, bəlkə də bir az çox avtobus sıxılmış təbii qazla işləyən avtobuslar olacaq. Hər il mərhələli şəkildə avtobus parkını yeniləməkdə davam edəcəyik. Bizim mütəxəssislərimizin hesablamalarına görə, Bakı üçün 1700 avtobus lazımdır. Say 2100-dən 1700-ə endiriləcək. Bu da xətlərin optimizasiyası, dayanacaq yerlərinin dəyişdirilməsi, yeni yolların salınması, müəyyən marşrut xətlərinin uzadılması, bəzilərinin xətdən çıxarılması hesabına baş verəcək. Biz bunları 3 il ərzində reallaşdırmağı planlayırıq. Biz işə başlayanda cəmi iki daşıyıcının qaraj təsərrüfatı vardı. Bu gün 11-ə yaxın daşıyıcı həm hüquqi şəxs statusuna keçib, həm də qaraj təsərrüfatı var. Tələblər qəbul olunduqdan sonra hansılarla yola davam edəcəyimizi aydınlaşdırcağıq. Biz daşıyıcılarla görüşlərdə də demişik ki, bizim istəyimiz vətəndaşın rahat, təhlükəsiz, üzügülər şəkildə mənzil başına çatmasıdır. Hazırda daşıyıcılar bunu təmin edə bilmir. Demək edə bilmirsə, dövlətimiz bunun qeydinə qalacaq və tam nəzarətə götürəcək. Bundan heç bir şübhəniz olmasın.
- Vüsal müəllim, bu gün bir çox ölkələrdə tələbə və şagirdlər üçün endirim kartları tətbiq olunur. Azərbaycanda da bu təcrübənin tətbiqi gündəmdədirmi?
- Hər hansı kartın tətbiqindən əvvəl bütün sistem analiz olunmalı və bundan sonra kartlaşma, nağdsız ödənişə gedilməlidir. Biz bu sistemi ilkin olaraq “BakuBus” və metroda tətbiq etdik. İstifadə olunan kartlar bunlarla yanaşı, 150-yə yaxın daşıyıcının avtobusunda istifadə olunur. Hazırda bütün avtobusların tam kartlaşdırılmasına hazırlıq gedir. Dəqiq tarix söyləmək çətindir. Çünki məlumatlar bizdə tam formalaşmayıb. Bütün avtobuslarda kartlaşma yekunlaşdıqdan sonra həm tələbə, həm sosial kartların tətbiqi müvafiq qurumlarla razılaşdırıldıqdan sonra icra olunacaq.
- Bu gün sürücüləri narahat edən problemlərdən biri də parklama yerləri və vahid qiymətin olmamasıdır. Agentlik parklama üzrə vahid, tənzimləmə tarifi tətbiq etməyi planlaşdırırmı?
- Tamamilə razıyam. Bakının müəyyən yerlərində qurşadırılmış parkomatlar və onun yanında xidmət göstərən insanlar, ya insana, ya da avtomobilə görə fərqli qiymətlər müəyyən edir. Bunlar Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş qiymətlər olmalı idi. Bu günə qədər biz təsdiqini ala tapa bilməmişik. Şəhər mərkəzindəki qiymətlərlə, şəhərətrafındakı qiymətlər eyni ola bilməz. Bununla əlaqədar olaraq işlərimiz yekunlaşmaq üzrədir. Müvafiq hökumət qurumlarına da müraciətlərimiz olacaq. Nəinki küçə parklamaları, eyni zamanda yeraltı qarajlarda da tarifin əsaslandırma ilə tətbiqini düşünürük. Demək olar ki, yeraltı parkinqlərlə əlaqədar təklifləri göndərmişik. Yürüstü parklmalarla əlaqədar Bakını zonalara ayırmaqla onun hesablanması aparılır.
- Bəzən parkinq yerlərində sıxlıq müşahidə edilir, vətəndaş avtomobilini park etmək üçün yer tapa bilmir. Parkinq yerlərinin əvvəlcədən onlayn sifarişi mümkün olacaqmı?
- Bizim tətbiq edəcəyimiz parkinq sisteminin məqsədi nağdsız ödənişləri təşviq etməkdir. Yeni sistemdə həmçinin, telefon vasitəsilə avtomobilinizin ölçülərinə uyğun yer sifariş edə biləcəksiniz. Gələn ildən şəhərin müəyyən girişlərində elektorn tablolar quraşdırmaq istəyirik ki, ən yaxın parkinq və boş yerlər barədə məlumatlar yer alsın. Məsələn, elə insanlar var ki, iş yerindən asılı olaraq həftənin 5 günü eyni yerdə parkinqdən istifadə edir. Bunun əvvəlcədən sifarişi, əvvəlcədən ödəniş etmək kimi seçimləri olacaq. Tətbiq edəcəyimiz bütün həll yolları bugünün informasiya və kommunikasiya texnologiyalarına cavab verəcək.
- Ölkə başçısının sərəncamına əsasən, dayanma-durma qaydalarının tətbiqi, parkinqlərə nəzarət Agentliyin səlahiyyətinə verilib. Bildiyimiz qədərilə hazırda Bakı Şəhəri İcra Hakimiyyətilə Agentlik arasında təhvil-təslim prosesi gedir. Maraqlıdır, proses niyə yubanır?
- Bilirsiniz, orada müəyyən texniki məsələlər var ki, araşdrıma tələb edir. Dövlət müəyyən investisiya qoyub. Düşünürük ki, burada yeni sistem tətbiq etsək, daha məqsədəuyğun olar, yoxsa mövcud sistemi təkmilləşdirməkləmi... Eyni zamanda, müəyyən sənədləşmə işləri var ki, təhvil alınmayıb. Önümüzdəki ay ərzində təhvil-təslimin yekunlaşacağını düşünürük.
- Məsələ burasındadır ki, təhvil-təslim prosesi ərzində, əlində xüsusi cihaz olan və özünü hansısa qurumun əməkdaşı kimi təqdim edən şəxslər vətəndaşdan parkinq pulu tələb edir, yaxud dayanma-durmaya görə cərimə kəsirlər. Hər halda bu problemlərin aradan qaldırılamsı üçün prosesin sürətləndirilməsi daha qənaətbəxş olar.
- Demək olar ki, biz burada çox maraqlıyıq. Məsələ ilə əlaqədar bütün dövlət qurumlarına müraciət etmişik. Ümid edirik ki, qarşıdakı ayda proses yelunlaşacaq. Lakin sizin vurğuladığınız məsələyə gəldikdə, Agentliyin əməkdaşlarından başqa, Bakı şəhərində dayanma-durmaya görə heç bir qurumun əməkdaşı kimisə inzibati tənbehə tabe tuta bilməz. Bu gün Bakı Nəqliyyat Agentliyinin 20-25 əməkdaşı şəhərin problemli hissələrində bu işi aparır. Biz özümüz də onlara tapşırmışıq ki, heç bir halda vətəndaşla dialoqa girməsinlər. Əgər vətəndaş nəqliyyat vasitəsinə oturub ərazini tərk edirsə, bizim üçün problem yoxdur. Bizim üçün əsas inzibati tənbehə tabe tutmaq deyil, o yolun qayda-qanunla istifadə edilməsidir. Yaxud vətəndaş bəzən etik olmayan sözlərdən istifadə edir. Bizim əməkdaşlarımıza verilən tapşırığıa əsasən, hətta ağır sözlərə belə cavab vermirlər. Amma bundan sonra əməkdaşlarımız həm səsli, həm də videoqeydiyyat aparan avadanlıqlarla təchiz olunacaqlar. Bunun sayəsində əməkdaşımızın məruz qaldığı münasbiətlə bağlı, həmin vətəndaşdan aidiyyatı orqanlara müarciət edəcəyik. Biz bunu tətbiq edirik ki, tıxac olmasın. Bir vətəndaşa görə yüzlərlə vətəndaşın narahatlığına səbəb ola bilmərik.
- Pik saatlarda “BakıKart”ların yüklənməsində problemlər yaşanır. Bunun onlayn qaydada yüklənməsi mümkün ola bilərmi?
- Bəzən “BakıKart”ı analiz etdiyimiz zaman, bir sərnişinin eyni gündə 37 dəfə eyni karta 20 qəpik yüklədiyini görürük. Misalçün, xarici ölkələrdə, ən yaxın İstanbulu götürək. Şəhərdə dolum mərkəzləri çox deyil. Vətəndaş əvvəlcədən gedəcəyi yeri bilir və vaxtına qənaət etmiş olaraq, rahat şəkildə bir dəfə kartına balans yükləyir. Bakıda dayanacaqlarda “BakıKart” və “MilliÖn” aparatlarında balans artırmaq mümkündür. Sonrakı mərhələdə gediş üçün balans yüklənməsinin onlayn qaydada tətbiqi nəzərdə tutulur. Bu, bütün avtobuslar karlatlaşadırıldıqdan sonra mümkün olacaq. Amma hər dayanacaqda yükləmə aparatı olmalıdır deyə, bir tətbiq yoxdur. İnsanların daha çox olduğu dayanacaqlarda olmalıdır. Bu, bütün dünyada belədir.
- Taksilərlə bağlı hansı dövlət tənzimləmələri nəzərdə tutulub?
- Mən taksilərin dövlət şirkətinə məxsus olmasının tərəfdarı deyiləm. Çünki bu, rəqabətli mühiti aradan qaldıracaq. Amma təbii ki, taksilər nəzarətdə olmalıdır. Bunun üçün də işlərə başlamışıq. Yaxın günlərdə bununla bağlı hökumətə təkliflərimizi də göndərəcəyik. Birincisi, bundan başlamaq lazımdır ki, bu gün Bakıda 22-25 min arası taksi fəaliyyət göstərir. İstanbulda 18 min ədəd taksi fəaliyyət göstərir. Əhalisi isə Bakıdan çox, 15 milyondur. Bizim hesbalamalarımıza əsasən, Bakıda 8500 taksi fəaliyyət göstərməlidir. Taksi fəaliyyətinin bütün parametrləri qanunvericilikdə göstərilib və hökumətə təklif verilib. Təkliflər qəbul olunduqdan sonra taksi fəaliyyətini də ciddi şəkildə nəzarətə götürəcəyik.
Hava limanı taksi konsepsiyası ayrı olacaq. Hava limanı ölkəmizin qapısıdır. İnsanların ölkəyə ayaq basdığı andan etibarən aldadılmasnın qarşısı alınmalıdır. Biz bu layihəyə başlamışıq. Eyni zamanda, proqram təminatımızı da yekunlaşdırmaq üzrəyik. BNA-nın rəsmi proqram təminatı olacaq. Bütün taksilər qeydiyyatdan keçdikdən sonra göstərdikləri xidmət səviyəsinə görə, vətəndaşlar tərəfindən onlara ballar veriləcək. Məqsədimiz, ictimai nəqliyyatı ictimai qınaq üzərində qurmaqdır. Ona görə də hər şey vətəndaş məmnunluğuna xidmət etməlidir. Biz isə vətəndaşla bu işi icra edənlər arasında tənzimləyici olmalıyıq. BNA üçün əsas olan vətəndaşın istəyidir.
Taksi fəaliyyəti ictimai nəqliyyatın nisbətən lüks növü olduğu üçün orada da işlərimizi mərəhələli şəkildə quracağıq ki, ciddi problemlər ortaya çıxmasın.
- Yəqin ki, məlumatlısınız, günün pik saatlarında metrostansiyaların çıxışlarında taksilərin əlindən avtobuslar dayanacağa yaxınlaşa bilmir. Çox xaotik vəziyyət müşahidə edilir. Vətəndaş bilmir sürücü avtobusu dayanacaqda saxlayacaq, yoxsa bir az irəlidə. İnsanlar avtobusun arxasınca qaçmaq məcburiyyətində qalırlar. Bayaq qeyd etdiniz ki, daha çox avtobusun xəttə buraxılması ekologiyanın çirklənməsinə səbəb ola bilər. Amma olmazmı ki, pik saatlarda daha çox avtobus xəttə buraxılsın? Yəni problemi qismən də olsa həll etmiş olar...
- Bu dəqiqə mövcud marşrutlara nisbətdə avtobusların sayı yetərsizdir. Daşıyıcının maddi marağı var. O da istəyir ki, daha çox avtobusla daha çox gəlir götürsün. Amma əlində avtobus yoxdur. Bəzi marşrut xətləri 24-ə yaxın avtobus tələb edir, amma faktiki olaraq 20 avtobusu var. Bəzən vətəndaşlardan müraciətlər alırıq ki, bu avtobusları xəttən çıxarın, “BakuBus”a verin. “BakuBus”un avtobusları nəzərdə tutulmuş xətlər üçün ayrılıb. Amma intervallardakı çatışmazlıq avtobusun çox, yaxud az olması ilə bağlı deyil. Bəzən ardarda eyni nömrəli iki avtobus gəlir. Çünki onlar bir-birilərinin qrafikinə düşmüş olur. Metroların çıxışındakı xaotik vəziyyətlə bağlı səsləndirilən fikirlərlə tamamilə razıyam. Dediyim kimi, bizim əməkdaşlarımız planşetlər vasitəsilə cərimələrin tətbiqinə başlayıb. Cərimələmədə də müəyyən boşluqlar var idi. Onu da hazırlayıb hökumətə göndərmişik. Bəzən bir nəqliyyat vasitəsi qeyri-qanuni parklama yerində dayanır. Siz onu cəmisi 1 dəfə cərmiləyə bilərsiniz. Bizim təkliflərimizdə dəyişikliklər nəzərdə tutulub. Nəqliyyat vasitəsi 1 ay ərzində dəfələrlə dayanma-durmanın tələblərini pozubsa, cəriməsi artaraq gedəcək, daha çox təkrarlanacağı təqdirdə sürücülük vəsiqəsinə xitam veriləcək.
- Sürücülərin tibbi müayinədən keçirilməsi məsələsi də diqqət mərkəzindədir? Son vaxtlar qeydə alınan marşrut qəzalarında məlum oldu ki, sürücü ya sərxoş halda, ya da narkotik vasitə qəbul edərək, sükan arxasına əyləşib. Bu sahədə vəziyyət necədir və sürücülərin tibbi müayinədən keçirilməsinin BNA-nın nəzarətinə verilməsi gözlənilirmi?
- Az əvvəl də qeyd etdiyim kimi, sahibkarlıq subyekti olduğu üçün bizim onlara müdaxilə etmək üçün hüquqi məhdudiyyətimiz var. Müraciətimizdə bu məsələ də var. Bilirsiniz, qarajı olmayan daşıyıcıdan, tibbi məntəqə istəmək yersizdir. İlkin olaraq qarajları olmayan daşıyıcıları xətlərdən çıxarıb, “BakuBus” sistemini tətbiq edəcəyik. Əsas məsələlərdən biri də sürücülərin sağlam şəkildə xəttə çıxmasıdır.
- Belə demək mümkündümü ki, nəqliyyatda baş verən nöqsanların qarşısının alınması üçün Agentliyin təsir rıçaqları kifayət qədər deyil.
- Bu gün üçün avtobus çatışmazlığı var və özəl daşıyıcıların sərnişindaşımada payı 85 faizdir. Cəmi 10-15 faiz dövlət şirkəti olan “BakuBus”un payına düşür. Ona görə biz avtobusları gətirdikdən sonra əlavə rıçaqlara ehtiyac olmayacaq.
“BakuBus” fəaliyyətə başlayanda reallaşacağına inanlar az idi, əksəriyyət deyirdi ki, insanlar ön qapıdan minib ödəniş etməyəcəklər və s. Amma oldu. Yetər ki, insanımıza məlumatlandırma işləri düzgün aparılsın. “BakuBus”dan olan razılıqlar, bundan sona gələcək avtobuslardakı dəyişikliklərdə də olacaq. Əsas məsələ avtobusların gətirilməsi, işini icra etməyən daşıyıcıların xətdən uzaqlaşdırılmasıdır. Bütün bunlardan sonra avtobuslar 30 qəpiyə görə bir-birilə ötüşməyəcək, sürücülər aqressiv olmayacaq. Sürücü həm vaxtlı-vaxtında əmək haqqını alacaq, həm də məzuniyyətinə gedəcək. Bu tənzimləmələr olduqda əlavə rıçaqlara da ehtiyac qalmayacaq.
- İndiyədək quraşdırılan parkinq aparatları standartlara cavab verirmi və təxmini qiymətləri neçədir?
- Bilirsiniz aparatlar Agentliyin fəaliyyətindən əvvəl olmuş bir şeydir. Bizim öhdəliyimiz yoxdur ki, bunu araşdıraq. Söhbət parkinq aparatlarının deyil, parkinq yerlərinin təhvil-təslimindən gedir. Bakı şəhərində 520-ə yaxın parkinq yeri hesablanıb. Aparat quraşdırmaqla parkinq yeri müəyyən olunmur. Yer əvvəlcədən, nəqliyyat axınına uyğun hesblanır. Buna uyğun olaraq küçədə şaquli, ya da paralel parklama olacaq, neçə avtomobillik olacaq, giriş-çıxış zamanı ümumi nəqliyyat axınına təsiri öyrənildikdən sonra prklanma yeri seçilir. Bu istiqamətdə 2 ay araşdırma apardıq. Bütün sxemləri müvafiq icra orqanına göndərmişik. Parkinqlərin yeri təsdiqləndikdən sonra qanunsuz parklama yerləri texniki zona kimi istifadə edilə bilər. Xaricə getdiyimiz zaman oradakı tələblərə riayət edirik. Amma ölkəmizdə olarkən, maşını məktəbin önünə kimi, getdiyimiz mağazanın qapısına kimi sürmək istəyirik. Qaydalar təsdiqləndikdən sonra bütün bunlar mümkün olmayacaq.
- Vüsal müəllim, fiziki məhdud insanların ictimai nəqliyyatdan istifadəsinin rahatlaşması üçün hansı addımlar atılacaq?
- Bu gün hər bir vətəndaş evindən çıxdığı andan etibarən bizim tərəfdaşımıza çevilir. Biz onlar üçün şərait yaradırıq. Fiziki məhdud insanlar üçün 3 minə yaxın pandus qurşadırılmasına başladıq. Düzdür, nəqliyyat vasitələrinin sürücüləri onları ramp olaraq istifadə edib səkiyə çıxırdılar. Onun da qarşısını almaq üçün yeni bir həll yolu düşündük. Mərkəzi küçələri 70 faizində panduslar qurşadırıldı. Hazırda əlaqədar nazirliklə birgə işçi qrupunun yaradılmasını planlaşdırırıq. Fiziki məhdud insanların ən çox getdiyi yerlərdə, ən çox istifadə etdiyi küçələrdə, ən çox olduqları sosial təsislərin pilləkənlərində panduslar quraşdırılmasına, hətta marşrut avtobuslarının belə dəyişdirilib panduslu avtobuslara üstünlük verilməsinə çalışacağıq. Həmçinin, gözdən əlil insanların daha rahat hərəkəti üçün sədlərin düzəldilməsi nəzərdə tutulub. Bu istiqamətlərdə də işlər davam edir. Avtobus tələblərimizdə əsas şərtlərdən biri alçaq tavan və pandusun olmasıdır. Əks təqdirdə, kimə, hansı daşıyıcıya məxsus olmasından asılı olmayaraq, o avtobuslar Bakıda fəaliyyət göstərə bilməyəcək. Yaxın zamanlarda avtobuslara qoyulan tələblər açıqlanacaq. Bunların içərisində nəqliyyat vasitəsinin həm daxili, həm xarici tərtibatı, həm texniki göstəriciləri, ən əsası təhlükəsizlik məsələləri əsas şərt kimi qoyulub.
- Vüsal müəllim, qeyd etməsəm olmaz, alışdığımız məmur tipi deyilsiniz. Təşəkkür edirik bir vətəndaş olaraq.
- Mən sizə təşəkkür edirəm. Bizim işimizin məğzi də hansı təbəqəyə mənsub olmasından asılı olmayaraq, vətəndaşı məmnun etməkdir.