Maliyyə-bank sektoru ilə sahibkarlar arasında əməkdaşlığın daha da gücləndirilməsi, biznesin maliyyə xidmətlərinə çıxışının getdikcə yaxşılaşdırılması məqsədilə yaradılan Sahibkarlarla Əməkdaşlıq Şurasının növbəti geniş iclası keçirilib.
"Azərbaycanda İslam maliyyə mexanizmlərinə tələbatın texniki-iqtisadi təhlili aparılmalıdır"
FED.az xəbər verir ki, orta və uzunmüddətli dövrdə ölkədə makroiqtisadi və maliyyə sabitliyinin dayanıqlılığının qorunması baxımından iqtisadiyyatın şaxələnməsi proseslərinin vacibliyi barədə məsələləri çıxışında önə çəkən Mərkəzi Bankın sədri Taleh Kazımov diqqətə çatdırıb ki, hazırda Mərkəzi Bank tərəfindən maliyyə sektorunun inkişafı üzrə Strategiya hazırlanmaqdadır və həmin strategiyada maliyyə sektorundakı problemlərin həlli istiqamətində prioritet məsələlər əksini tapır. O qeyd edib ki, real sektorda, xüsusilə rayon və kənd yerlərində iqtisadi subyektlərin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.
Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Banklar Assosiasiyasının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Mikromaliyyə Assosiasiyasının, Azərbaycandakı Amerika Ticarət Palatasının, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının və digər qurumların rəhbərləri çıxış edərək bildirdilər ki, sahibkarlarla maliyyə-bank sektoru arasında aktiv dialoq platforması olan Sahibkarlarla Əməkdaşlıq Şurasının faəliyyəti sahibkarlıq subyektlərinin maliyyə-bank xidmətlərinə çıxışının yaxşılaşmasına şərait yaratmaqla bütövlükdə istehsal və xidmət sahələrinin inkişafına, milli iqtisadiyyatın şaxələnməsinə, qeyri-neft sektorunda iqtisadi artımın daha da sürətlənməsinə töhfəsini verməkdədir.
Çıxışlarda real sektorun kreditləşməsinin aktivləşdirilməsi, regionların iqtisadi inkişafının sürətləndirilməsi üçün investisiya şirkətlərinin fəaliyyətinin gücləndirilməsi, güzəştli kreditlərin əhatə dairəsinin genişləndirilməsi və daha çox kiçik və orta sahibkarlığın inkişafına yönəldilməsi, regionlarda sahibkarların girov təminatında üzləşdikləri problemlərin (xüsusilə daşınar əmlakın girov kimi qeydiyyatı üzrə) aradan qaldırılması, real sektorun, eləcə də kənd təsərrüfatının inkişaf etdirilməsi üçün islam bankçılığı kimi alternativ maliyyə alətlərindən istifadənin nəzərdən keçirilməsi, sahibkarlar üçün maliyyə-bank xidmətlərinin rahatlaşdırılması, sahibkarların maliyyə savadlılığının artırılması üçün təlimlərin təşkil edilməsi, habelə müvafiq qanun layihələrinin hazırlanması və düzəlişlərin edilməsində sahibkarlarla müzakirələrin aparılması, həmçinin Mərkəzi Bankın requlyator kimi zəruri dəstək tədbirləri və digər məsələlər önə çəkildi. Mərkəzi Bank tərəfindən milli iqtisadiyyatda baş verən proseslər, onların təsirləri ilə bağlı aparılan təhlillər və tədqiqat nəticələri barədə sahibkarların məlumatlandırılmasının vacibliyi vurğulanıb.
Görüşdə daha sonra sahibkarlar və banklar üçün aktual mövzular ətrafında geniş müzakirələr aparılıb.