İslam maliyyəsi inklüziv iqtisadi inkişafın alətidir.
AMB: İslam maliyyəsi ilə bağlı qanunvericilik paketləri bu il təsdiqlənəcək
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş "İslam Maliyyəsi üzrə 20-ci IsDB Qlobal Forumu"nda bildirib.
Onun sözlərinə görə, bu gün qlobal iqtisadiyyat dərin struktur dəyişiklikləri dövründən keçir və belə bir şəraitdə İslam maliyyəsinin rolu daha da əhəmiyyət qazanır: "Ticarətdə artan parçalanma və yüksələn qeyri-müəyyənliklər adaptiv və inklüziv maliyyə sistemlərinin qurulmasını zəruri edir. Risklərin bölüşdürülməsi və etik prinsiplərə əsaslanan yanaşması ilə İslam maliyyəsi bu sistemlərin formalaşmasına töhfə verə biləcək praktik alətlər təqdim edir".
T. Kazımov bildirib ki, onun şəxsi qənaətinə görə, Azərbaycanda İslam maliyyəsinin uğurlu inkişafı iki əsas istiqamətdə irəliləyiş tələb edir: "Birincisi, hüquqi bazanın təkmilləşdirilməsi və tənzimləmə mühitində şəffaflığın təmin olunmasıdır. İkincisi isə İslam maliyyə sisteminin səmərəli fəaliyyətini təmin edəcək peşəkar insan kapitalının formalaşdırılması və inkişaf etdirilməsidir".
O vurğulayıb ki, İslam maliyyəsinin tətbiqi mərhələli şəkildə genişləndiriləcək: "Biz artıq bu istiqamətdə konkret addımlar atırıq. İslam maliyyəsi alətlərinin tətbiqini genişləndirmək məqsədilə Mülki Məcəlləyə, Vergi Məcəlləsinə və maliyyə qanunvericiliyinə dəyişikliklər hazırlanır. Məqsəd ənənəvi və İslam maliyyəsi arasında bərabər və neytral tənzimləmə mühitinin formalaşdırılmasıdır. Bazar iştirakçılarının mövcud hazırlıq səviyyəsini nəzərə alaraq, ilkin mərhələdə "İslam pəncərəsi" modelinin tətbiqinə üstünlük vermişik. Sonrakı mərhələdə isə bazar tələbatını qiymətləndirərək tammiqyaslı tətbiqlə bağlı qərar qəbul ediləcək".
T. Kazımov qeyd edib ki, eyni zamanda, tənzimləyici "sandbox" mexanizmindən fəal istifadə edirlir: "Hazırda iki bank öz məhsullarını bu platformada uğurla sınaqdan keçirir və proses Azərbaycan Mərkəzi Bankının nəzarəti altında həyata keçirilir. (Report)














