“Yeni yaradılan İpoteka və Kredit Zəmanət Fondu sahibkarların banklardan manatla aldıqları kreditlərə hesablanmış faizlərin bir hissəsini dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdıracaq”.
Bunu iqtisadçı-ekspert Vüqar Bayramov bildirib. O qeyd edib ki, sahibkarların banklardan manatla aldıqları kreditlərə hesablanmış faizlərin bir hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması Kredit Zəmanət Fondunun da funksiyasına daxil idi:
“Bu, əslində, sahibkarların kreditə əlçatanlığının artırılması üçün vacib məqamdır. Məsələn, kommersiya bankı 18 faizə kredit təklif edir. Bu kredit faizi yüksək olduğundan sahibkar üçün cəlbedici deyil. Mövcud qaydalara əsasən, sahibkar fonda müraciət etməklə faizin bir hissəsinin ödənilməsini istəyə bilər. Fond 18-in 8 faizini subsidiya edə bilər. Nəticədə, sahibkar 18 faizlik kreditin yalnız 10 faizini ödəyir. Digər 8 faiz isə fond tərəfindən birbaşa banka ödənilir. Məsələn, 100 min manatlıq kredit 3 il müddətinə götürülübsə, o zaman orta hesabla 18 min manatlıq faiz ödənişinin 10 min manatını sahibkar, 8 min manatını isə dövlət ödəyir.
Əgər kredit müddəti 3 ildən çoxdursa, o zaman orta hesabla 18 min manatlıq faiz ödənişinin yalnız 8 min manatını sahibkar ödəyəcək. Qaydalara əsasən, sahibkarın ödəyəcəyi faiz 6-dan az olmamalıdır. Belə subsidiyalaşmanın üstünlüyü ondan ibarətdir ki, bu, bank kreditlərinə tələb yaratmaqla yanaşı, prosesi şəffaflaşdırır”.