Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar, neft və qaz satışının azalması, eləcə də Ukraynaya hücumla əlaqədar artan xərclər Rusiya büdcəsi üçün problem yaratmağa başlayıb.
Eləcə də bax: Putin: "Rusiya büdcəsinin vəziyyəti hazırda G20 ölkələrinin əksəriyyətindən yaxşıdır"
FED.az xəbər verir ki, avqust ayının nəticələrinə görə, Rusiyanın dövlət büdcəsinin gəlirləri artıq 2-ci aydır ki, azalmaqdadır. İyulda 26% azalan gəlirlər, avqust ayında 11% aşağı düşüb.
Rusiya maliyyə nazirliyi bildirib ki, büdcənin həm neft, həm də qeyri-neft gəlirləri azalır.
Nəticədə bu ilin 8 ayının nəticəsinə görə, Rusiyanın büdcə profisiti ilin ilk 7 ayı ilə müqayisədə kəskin şəkildə - 71 faiz azalaraq 137 milyard rubla (təxminən 2,3 milyard dollar) düşüb.
Halbuki, cəmi 1 ay əvvəl büdcə profisiti 480 milyard rubl idi.
Rusiya Maliyyə Nazirliyinin açıqladığı məlumatlara əsasən, bu ilin yanvar-avqust aylarında ölkənin büdcə gəlirləri 17,6 trilyon rubl təşkil edib.
Sözügedən dövrdə Rusiyanın büdcə xərcləri 17,5 trilyon rubl, büdcə profisiti isə 137 milyard rubla qədər azalıb.
Bu ilin yanvar-iyul dövründə 481 milyard rubl olan ölkənin büdcə profisiti beləliklə, 71 faiz azalıb.
Rusiyanın ilin ilk 8 ayında neft və təbii qaz gəlirləri 7,8 trilyon rubl təşkil edib.
İş o yerə çatıb ki, neft qazın daha ucuz olduğu ötən ilin avqustunda (yalnız avqust ayında) büdcənin gəlirləri indikindən 11% artıq idi.
Ekspertlər qeyd edirlər ki, neft və qaz gəlirlərinin artmasına baxmayaraq, Rusiya da sanksiyaların təsirini azaltmaq üçün xərclərini artırıb və bu səbəbdən bu il büdcə kəsiri ilə üzləşməsi ehtimalı var.