“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” təşkilatının birgə təşkilatçılığı ilə Şamaxı rayonunda keçirilən və ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 3-cü “YAŞAT” düşərgəsi davam edir.
“YAŞAT” Fonduna ayrılan 5 milyon manatın hara xərclənəcəyi - AÇIQLANDI
FED.az xəbər verir ki, avqustun 28-də düşərgə iştirakçılarının Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyevlə görüşü baş tutub.
Rəhman Hacıyev 70-ə yaxın düşərgə iştirakçısına Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı əsasında yaradılan QDF-in fəaliyyətinin əsas istiqamətləri, görülmüş işlər və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.
Vətən müharibəsindən danışan Rəhman Hacıyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti və müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu böyük şücaət göstərərək torpaqlarımızı düşmən tapdağından azad etdi. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Qədirbilən xalqımız şəhidlərin xatirəsini daim əziz tutacaq və dərin ehtiramla yad edəcək.
Daha sonra Rəhman Hacıyev iştirakçılara işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri haqqında ətraflı məlumat təqdim edib.
Sonra görüş sual-cavab sessiyası ilə davam edib. İdarə Heyətinin sədri düşərgə iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.
Qeyd edək ki, QDF-in təşəbbüsü ilə sessiyada fəal iştirak edən 3 gənc düşərgə başa çatdıqdan sonra Fondun ofisinə dəvət olunacaq. Onlar burada həm Fondun fəaliyyəti ilə yaxından tanış olacaq, həm də torpaqların bərpası istiqamətində görülən işlərə öz töhfələrini vermək imkanı əldə edəcəklər.
Məlumat üçün bildirək ki, iyulun 16-da “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “PMD Hospitality”nin tərəfdaşlığı ilə 3-cü “YAŞAT” düşərgəsinə start verilib.
Şamaxı rayonunda təşkil olunan və sentyabr ayının əvvəlinədək davam edəcək düşərgələrdə şəhidlərimizin 10-11, 12-14 və 15-17 yaş kateqoriyasında olan övladları, ümumilikdə 350-dən çox uşaq iştirak edir.
Layihə çərçivəsində ümumilikdə 7 düşərgənin həyata keçirilməsi nəzərdə tutulur. Hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatr tamaşaları, öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramları keçirilir.