Azərbaycan, Qazaxıstan və Gürcüstanın kommersiya banklarının Orta Dəhlizin inkişafının maliyyələşdirilməsində birbaşa iştirakı məhdud olacaq, bununla belə, onlar iqtisadi fəallığın artımından əhəmiyyətli fayda əldə edəcəklər.
"Moody`s": "Orta Dəhlizin inkişafı Azərbaycan, Qazaxıstan və Gürcüstanın kredit keyfiyyətini gücləndirir"
FED.az xəbər verir ki, "Moody's" beynəlxalq reytinq agentliyinə görə, layihənin maliyyələşdirilməsində dövlətlər, dövlət müəssisələri, beynəlxalq maliyyə inkişaf institutları və özəl investorlar əsas mənbələr olaraq qalır.
"Kommersiya bankları əlaqəli infrastrukturun maliyyələşdirilməsində iştirak edə bilər. Lakin Qazaxıstan banklarının maliyyələşdirmə strukturunun təxminən 80 %-i, Azərbaycan banklarının isə təxminən 90 %-i qısamüddətli resurslara aiddir. Bu, yüksək borc xərcləri ilə birlikdə, onların uzunmüddətli kreditləşdirmə imkanlarını məhdudlaşdırır. Gürcüstan bankları da yüksək xərclərlə üzləşirlər, lakin onların bazar maliyyələşdirilməsinin təxminən 60 %-ni uzunmüddətli resurslar təqdim edən beynəlxalq maliyyə inkişaf institutları təmin edir", - hesabatda qeyd olunur.
"Moody's"in məlumatına görə, Qazaxıstan və Azərbaycanın özəl sektorunun kreditləşdirilməsi məhdud olaraq qalır - müvafiq olaraq ÜDM-in təxminən 25 %-i və 20 %-dən az hissəsi. Gürcüstanda isə bu göstərici ÜDM-in 66 %-nə çatır.
Analitiklərin proqnozlarına görə, Qazaxıstanda özəl sektor dövlət dəstəyi ilə real sektorun uzunmüddətli maliyyələşdirilməsində daha fəal rol oynayacaq. Ən iri banklar artıq infrastruktur layihələrində iştirak etmək üçün öz resurslarından istifadə etməyə başlayırlar. Onlar Orta Dəhlizin inkişafına çox güman ki, dolayı yolla - logistika mərkəzlərinin, əlaqəli infrastrukturun, sindikatlaşdırılmış kreditlərin və digər layihələrin maliyyələşdirilməsi vasitəsilə töhfə verəcəklər. Azərbaycan, Qazaxıstan və Gürcüstan bankları üçün bu, kredit portfellərini şaxələndirmək və korporativ seqmentdə mövcudluğu genişləndirmək imkanıdır.
"Moody's" qeyd edir ki, Orta Dəhlizin inkişafı və digər dövlət təşəbbüsləri ilə bağlı iqtisadi fəallığın artması korporativ və KOB sektorlarının güclənməsinə, əhalinin gəlirlərinin artmasına və nəticə etibarilə pərakəndə kreditləşmənin həcmində artıma kömək edəcək.
"Bu, regionun bank sistemlərinin dayanıqlılığını artıracaq, risklərin daha səmərəli idarə olunmasına imkan verəcək, yüksək mənfəətliliyi və depozit axınını təmin edəcək, likvidliyi gücləndirəcək", - proqnozda vurğulanır. (Report)