Böyük Britaniya çirkli pulların yuyulmasına və korrupsiyaya qarşı mübarizə aparmaq üçün çoxdan bəri vəd etdiyi sət addımlara başlayıb. FED.az xəbər verir ki, 2017-ci ildə qəbul edilmiş "Kriminal maliyyələşdirmə haqqında" (“Criminal Finances Act”) qanununun ilk təsirini də Azərbaycan hiss etdi. Xəbər verildiyi kimi, Londonda yaşayan Azərbaycanlı milyonçu, Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın bu ölkədəki sərvətinin və gəlirlərinin mənbəyi bilinmədiyinə görə, sərvətinin bir hissəsi müsadirə edilib, özü isə nəzarətə götürülüb.
ELƏCƏ DƏ BAX: Cahangir Hacıyevin təcridxanada qalacaq - MÜDDƏTİ ARTIRILDI
Bəs bu qanun ümumiyyətlə kimlərə qarşı yönəlib? Onun nəticələrini kimlər hiss edəcək? Zamirə Hacıyevadan başqa pulunu Londonda saxlayan başqa kimlərin əmlakları müsadirə edilə bilər?
FED.az 2017-ci ildə qəbul edilmiş "Kriminal maliyyələşdirmə haqqında" (“Criminal Finances Act”) qanunun əhatə dairəsini, işləmə mexanizmini və mümkün təsirlərini araşdırıb.
2017-ci ildə qəbul edilmiş "Kriminal maliyyələşdirmə haqqında" (“Criminal Finances Act”) qanuna əsasən, London hüquq-mühafizə orqanları dəyəri 50 min funt-sterlinqdən yuxarı olan mülkiyyətin mənşəyi haqqında məlumat əldə etmək üçün sorğu göndərmək hüququna malik olacaq. Ali Məhkəmə tərəfindən mübahisələndiriləcək bu sorğu adıçəkilən qanunda “İzahedilməz Sərvət Sərəncamı” (Unexplained wealth orders ( UWO) adlanır. Qeyd edək ki, bu qanun 2002-ci ildə “Cinayət yolu ilə əldə edilmiş gəlirlər haqqında” Qanuna edilmiş əlavə hesab edilir.
“İzahedilməz Sərvət Sərəncamı”nın ilk hədəfində olan şəxs isə Azərbaycan Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva oldu. Artıq neçə aydır ki, dünya və yerli mətbuat Zamirə Hacıyevanın Londonda xərclədiyi pullardan, orada malik olduğu əmlaklardan yazır.
İzahedilməz Sərvət Sərəncamı (UWO) nədir?
İzahedilməz Sərvət Sərəncamı (bundan sonra UWO) - sərvətin cinayət yolla əldə edilməsinə və ya başqa dövlətin məmurunun korrupsiya yolu ilə əmlaka sahib olmasına dair şübhələr yaranarsa, o zaman Britaniya hüquq-mühafizə orqanları tərəfindən mülkiyyətin leqallaşdırılmasına kömək edəcək bir hüquqi yoldur.
Qanuna əsasən, Britaniyanın Ali Məhkəməsinə bu dövlət qurumları UWO təqdim edə bilər:
Bunlar Milli Cinayətkarlıq Agentliyi (National Crime Agency),
Ağır Dələduzluq İdarəsi (Serious Fraud Office),
Kral Prokurorluq Xidməti (Crown Prosecution Service),
Maliyyə İdarəçilik Təşkilatı (Financial Conduct Authority),
Məsələnin maraqlı tərəfi odur ki, qanun təkcə İngiltərə və Şotlandıya ərazisində deyil, Avropa iqtisadi zonasında, dünyanın bir sıra dövlətlərində yaşayacaq şübhəlilərə də şamil olunacaq.
Bunu necə həyata keçirəcək?
Yuxarıda adları sadalanan qurumlar ilk addımda Ali Məhəkəməyə müraciət etməklə Avropada istənilən şəxsin sərvətinin mənbəyini soruşmaq haqqı əldə edə bilər (Unexplained Wealth Orders). İkinci addım kimi müvəqqəti dondurma əmri (Interim Freezing Order) üçün iddia qaldıra bilər.
Əgər mülkiyyətçi maliyyənin gəldiyini mənbəni açıqlaya bilməsə və istintaq zamanı ciddi pozuntu aşkar olunarsa, nəticələri ciddi ola bilər. Necə ki, Zamirə Hacıyevanın, nəinki əmlakına həbs qoyuldu, artıq azadlığından da məhrum edildi.
Lakin “İzahedilməz Sərvət Sərəncamı”nin verilməsi üçün Ali Məhkəmənin bunlara razılığı olmalıdır:
1. Sorğuya 50 min funt sterlinqdən artıq sərmayyə qoyanlar və ya aktivləri olan cəlb edilə bilər. Bura daşınmaz əmlak, hesab balansı və digər investisiyalar daxildir;
2. Sorğuya cəlb olunan şəxsin əmlakına birbaşa və ya kimlərinsə üzərindən (tək və ya şərik) nəzarət etməsinə dair sənədlər olmalı;
3. Şəxsin öz gəlirləri hesabına belə bir sərvətin əldə edə bilməyəcəyinə dair əsaslı dəlillər göstərilməlidir;
Qanuna görə, aşağıdakı kateqoriyalara aid edilən təbəqə UWO şübhəlisi sayıla bilər:
- Böyük Britaniya və Avropa Birliyi ölkələrində mühim siyasi mövqeyə malik şəxslər və dövlət məmurları. Bu kateqoriyaya dövlət başçıları, hökumət rəhbərləri, parlament üzvləri, mərkəzi bankların əməkdaşları daxildir.
- Ağır cinayətlərə cəlb olunmuş şəxslər və onlarla əlaqəsi olan insanlar. Həmin insanlar tərəfindən korrupsiya halı, çirkli pulların yuyulması, vergidən yayınma kimi ağır cinayət hadisələri həm Böyük Britaniya, həm də digər ölkələrin ərazilərində də baş verə bilər.
“İzahedilməz Sərvət Sərəncam”dan sonra şəxsə ona qoyulan tələbləri yerinə yetirməsi üçün müəyyən vaxt veriləcək. Bu müddət ərzində şəxs öz sərvətinin gəlir mənbələrini izah etməli və bunu sənədlərlə sübuta yetirməlidir. Hüquq-mühafizə orqanları, habelə, əmlakın istifadə edilməməsinə dair “dondurmaq” qərarı çıxarmaq üçün Ali Məhkəməyə müraciət edə bilər.
Qeyd edək ki, Britaniya beynəlxalq arenada qanunun tətbiqini maliyyə institutları və maliyyə konsaltinqləri vasitəsilə həyata keçirə biləcək. Belə ki, maliyyə təşkilatlarının müştərilərindən birinə qarşı “İzahedilməz Sərvət Sərəncamı” tətbqi edilərsə, o zaman onlar Britaniya Ali Məhkəməsinin UWO qərarı ilə qarşılaşacaqlar. Bu halda həmin şəxsin bank hesabına və ya başqa tip investisiyalarına müvəqqəti dondurulma əmri gələcək. Bu əməliyyatdan sonra müştəri gəlirlərinin mənbəyini açıqlamalıdır. Və burada müştərisi olduğu maliyyə institutu Londonla vasitəçi rolunu oynayacaq. Analitiklər hesab edir ki, əmrin maliyyə institutunda icra olunması daha effektiv ola bilər.
Qanunun, daha maraqlı və korrupsionerlər üçün daha təhlükəli başqa tərəfi də var. Belə ki, sənədə əsasən, belə şəxslərə xidmət edən maliyyə konsultantları bu əməliyyatlarda terrorizmin maliyyələşdirilməsi və ya çirkli pulların yuyulması şübhəsi his edərlərsə, dərhal bu barədə məlumat verməli olacaqlar.
Yeni qanunda maliyyə konsultantlarının icra mexanizminə dair xüsusi müddəalar salınmasa da, qanunvericilikdə konsultantların öz vəzifələrini itirməsi və ya cinayət təqibinə məruz qalması xatırladılır. Britaniyali analitiklər düşünür ki, maliyyə konsultantları tərəfindən terrorizmdən və çirkli pullar vasitəsilə göstərdikləri xidmətlərin qarşısının alınması üçün onların məsuliyyətə cəlb edilməsi vacibdir. UWO-da qeyd edilir ki, konsultantlar əgər şübhə yaradan əməl hiss edərlərsə,buna dair hesabat hazırlamalıdır. Şübhə barədə məlumat verməmək və ya müvəkkilindən “imtina edilməməsi” cinayət hadisəsi hesab olunur və məsləhətçi təqib edilə bilər.
Yeri gəlmişkən, UWO - fondların qanunsuz gəlir mənbələrinin araşdırılması nəticəsində dövlət üçün böyük gəlir gətirə biləcək bir layihədir.
Məsələn, UWO artıq uzun illərdir ki, İrlandiyada və Avstraliyada mövcuddur. Avstraliyada 2001-ci ildən bəri irəli sürülən 28 iddiadan 24-ü uğur qazanıb.
İrlandiya isə bütün iddiaları qazanaraq rekord nəticə əldə edib və bundan 15 milyon dollardan artıq gəlir əldə edib.
Britaniyanın Milli Cinayətkarlıq Agentliyiinin məlumatına görə, artıq 140-dən çox şəxsin aktivləri müvəqqəti dondurulub. Onların çoxusu rusiyalı oliqarxlardır. 2016-ci ildə “Transparency International”ın hesabatına görə , Böyük Britaniyada UWO subyekti olan 4.4 milyard funt-sterlinq dəyərində mülkiyyət mövcuddur. Dövlət reyestrlərində təkcə paytaxt Londonda 40 min əmlakın ofşorlarda qeydiyyatda keçmiş şirkətlərə məxsus olduğu göstərilir.
Bəs yeni qanuna əsasən, Britaniyaya hansı tarixdən sonra gətirilən pullar araşdırılacaq?
Qeyd edək ki, 2017-ciildəki qanun 2002-ci ildəki The Proceeds of Crime Act (cinayətkarlıq yolu ilə əldə olunan gəlirlər) qanunun əlavəsidir. Yəni 2002-ci ilə qanunu baza qanunudur. Həmin qanunda da göstərilir ki, 2003-cü ilin 24 fevralından Böyük Britaniyaya daxil olan çirkli pulların mənbəyi cinayət məsuliyyətinə cəlb edilə bilər. Deməli, pulunu Britaniyada saxlayanlar çeklərinin tarixlərinə bir də, bu dəfə daha diqqətlə baxmalı olacaqlar. Pulların göstəriən tarixdən sonrakı hissəsi üçün təhlükə var.
Hər hansı şəxsin sərvətinin araşdırılması üçün müraciəti kimlər edə bilər?
Bu çox mühüm məqamdır. Məsələ bundadır ki, çirkli pullarla mübarizə ilə bağlı çağırışlar çoxdan səslənsə də, indi artıq real mexanizm yaradılıb. İndi əsas məsələ, bu mexinizmin kim tərəfindən işə salınmasıdır.
FED.az-ın araşdırmasından məlum olub ki, qaydalara əsasən, Böyük Britaniya daxilində araşdırma aparmaq üçün parlamentin nümayəndələri, alt palatalar, icra qurumları, vətəndaş cəmiyyətinin nümayəndələri yazıda göstərilən qurumlara müraciət edı bilər. Burada daha çox Milli Cinayyətkarlıq Ağentliyi yəqin daha aktiv rol oynayacaq. Çünki indiyədək olan mübahisələndirmələrin hamısı bu qurum tərəfindən irəli sürülüb. Başqa sözlə, araşdırmanın başlanması üçün Britaniya daxilində təşəbbüsü bu qurumlar başlaya bilər. Məsələn, İngiltərədə hansısa qeyri-hökumət təşkilatı Azərbaycandan olan hansısa oliqarxın sərvətinin araşdırılması təşəbbüsü irəli sürə bilər. Qanuna görə, bu təşəbbüs araşdırma üçün əsas sayılır.
Amma belə təşəbbüsü təkcə Britaniya deyil, xarici ölkələrin qurumları da irəli sürə bilərlər. Qanuna görə, istənilən ölkənin hökuməti və xarici işlər nazirliyi Britaniyada hər hansı şəxsin sərvətinin araşdırılması üçün müraciət edə bilər.
Bundan başqa, əgər xarici ölkənin məhkəməsinin kiminsə haqqında araşdırma qərarı varsa, bu da Britaniyada araşdırma üçün əsas sayıla bilər və ilkin olaraq həmin şəxsin Avropadakı bank hesabları dondurula bilər.