Koronavirus pandemiyası müvəqqəti olsa da (payızdan etibarən iqtisadi sektorların və ölkələr arasında sərnişin axınının işə düşəcəyi gözlənilir), onun gətirdiyi problemlər bütün dünyada olduğu kimi, Azərbaycanda da bir neçə il davam edəcək.
“Beynəlxalq Valyuta Fondu”nun (BVF) proqnozlarına görə, 2020-ci ildə Azərbaycan iqtisadiyyatı 2,2% geriləyəcək, 2021-ci ildə isə iqtisadi artım 1%-dən aşağı olacaq (0,7%). “Fitch” Agentliyi isə Azərbaycanda iqtisadi geriləmənin 2020-ci illə yanaşı (4,8%), 2021-ci ildə də davam edəcəyini gözləyir (2,5%).
Böyüyən büdcə kəsiri
Bütün digər dövlətlərdə olduğu kimi, pandemiya Azərbaycan üçün də ciddi problem yaradıb – neftin ilin əvvəlindən bəri 60–70% ucuzlaşması ölkənin gəlirlərini kəskin azaldıb.
Birjada neft qiymətlərinin büdcədəki rəqəmdən 3 dəfə aşağı olması, dövlət büdcəsinə yenidən baxılmasına ehtiyac yaradıb. BVF-nin hesablamasına görə, bu il Azərbaycanda büdcə kəsiri ÜDM-in 8,2%-nə qalxacaq, gələn il isə 3,7%-ə ensə belə, büdcə yenə də kəsirdə olacaq. Artıq Prezident İlham Əliyev büdcəyə yenidən baxılacağını bildirib, Hesablama Palatası isə xərclərin mümkün azalması istiqamətlərini açıqlayıb.
Hökümətin həll etməli olduğu 1-ci problem
Büdcənin azaldılmasının mümkün istiqamətləri sırasında əmək tutumlu olmayan xərclərin, o cümlədən infrastruktur layihələrinin ixtisar edilməsi göstərilir. Amma hətta diqqətlə ölçüb–biçilsə belə, azalma üçün imkanlar böyük deyil, üstəlik, istənilən qənaət: (1) işsizliyin artmasına, (2) iqtisadi canlanmanın zəifləməsinə səbəb olacaq. Halbuki hökümət əksinə, işgüzar aktivliyin yüksəlməsinə çalışır, bunu isə iqtisadiyyata əlavə vəsait buraxmadan etmək çətindir.
Belə vəziyyətdə dövlət əlavə gəlir mənbələri tapmaq barədə düşünməlidir. Vəziyyəti düzəltmək üçün Dövlət Neft Fondundan dövlət büdcəsinə transferləri daha da artırmaq olar, amma bu, neft gəlirlərinin daha sürətli xərclənməsi deməkdir.
2-ci problem - DOLLAR
Neftin ucuzlaşması fonunda ölkədə dollara tələbat kəskin artıb. 2020-ci ildə Neft Fondu büdcəyə 6 milyard 676 milyon dollar köçürməli idi. Bu, hər ay orta hesabla 556 milyon dollar deməkdir.
Amma ilk 4 ayda Neft Fondu illik dollar transferinin təqribən yarısını – 3 milyard 176 milyon dollar satmalı olub. Dövlətin tətbiq etdiyi müxtəlif məhdudiyyətlərə və nəzarət tədbirlərinə baxmayaraq, aprel ayında 400 milyon dollardan artıq valyutanın satılması dollara tələbatın hələ azalmadığını göstərir. Dollara çevrilən vəsaitlərin sonrakı taleyi qeyri-müəyyəndir, onun bir hissəsi banklarda əmanət kimi, digəri isə əllərdə («yastıq altında») – faktik şəkildə ölkə iqtisadiyyatından çıxarılmış olaraq, özü də ölkənin investisiyalara böyük ehtiyac duyduğu indiki vəziyyətdə – saxlanılır. Həmin vəsaitlərin dollar əmanəti kimi banklara cəlb edilməsi sərfəli deyil (illik 0,5–1,5% gəlirlilik var), manat əmanətlərinə isə indiki vəziyyətə maraq aşağıdır.
Belə vəziyyətdə əllərdəki dollar kütləsinin kölgə iqtisadiyyatına yönəldilməsi, ya da daha pis variant kimi, yenidən xaricə axması ehtimalı böyükdür.
Bu isə hökumətin həll etməli olacağı ikinci ciddi problem olaraq görünür.
Bəs, belə vəziyyətdə nə etmək olar? İqtisadiyyat üçün tələb olunan vəsaiti haradan cəlb etməli və valyutanın xaricə axınına necə mane olmalı?
Dövlət özü dollar istiqrazları buraxmalıdır
Fikrimizcə, belə vəziyyətdə optimal çıxış yollarından biri dövlət qurumlarının və şirkətlərinin özünün dollar istiqrazı buraxmasıdır.
Bu addım dövlətə büdcəni və iqtisadiyyatı vəsaitlə təmin etməyə imkan yaradar, eləcə də əllərdəki pulları iqtisadiyyata cəlb edər. Nəhayət, daha yaxşı şərt təklif edilməsi dolların ölkədən kənara axmasını dayandıra bilər.
İstiqraz buraxan tərəf kimi, ilk növbədə Maliyyə Nazirliyi çıxış edə bilər, istiqrazın alıcısı Neft Fondu və ya digər investorlar ola bilər. Bu, formal olaraq büdcənin Neft Fondundan borc almasıdır.
Dollar istiqrazı buraxmaq üçün ikinci potensial emitent Dövlət Neft Fondunun özüdür. 500 milyon və ya 1 milyard dollarlıq istiqraz buraxılışı Neft Fondunun büdcəyə əlavə vəsait köçürməsi ilə yanaşı, investorların marağını yoxlamaq baxımından da ona imkan verər.
“Valyuta qazanan təşkilatlar klubu”
Dövlət şirkətləri isə öz ehtiyacları üçün dollar istiqrazları buraxa bilərlər – amma yalnız o təşkilatlar ki, gəlirləri valyutadadır. Məsələn, SOCAR, AZAL, Xəzər Dəniz Gəmiçiliyi, «Azərenerji» (xaricə enerji ixrac edir).
İstiqrazların şərtləri emitent təşkilatın iqtisadi vəziyyətindən, eləcə də gözlənilən gəlirlərindən asılı olacaq. Təqribi müddətlər 5 il, illik gəlir isə 3,5–4% arasında dəyişə bilər. Bu bankların təklif etdiyi əmanət faizlərindən və xaricdəki əmlak bazarı gəlirliliyindən daha yüksəkdir.
Yalnız yerli investorlara satılmalıdır
İstiqraz buraxılışının həcmi emitentin ehtiycaları və nəzərdə tutulan layihədən asılı olaraq dəyişə bilər, amma ilk dəfə üçün Neft Fondunun 500 milyon dollar, SOCAR-ın 100–150 milyon dollar, «Azərenerji»nin 50–100 milyon dollar, «AZAL»ın isə təqribən 50 milyon dollar istiqraz öhdəliyi qəbul etmək imkanı şübhəsizdir.
Motivasiyanı bir qədər də artırmaq üçün dollar əmanətləri üzrə sığortalanan məbləği ya bir qədər də aşağı – məsələn 1%-ə endirməli, ya da ümumiyyətlə ləğv eləmək mümkündür. Nəticədə, əllərində dollar olanlar bu vəsaiti istiqrazlara daha həvəslə yönəltməli olacaqlar.
Bu istiqraz buraxılış kampaniyasının digər mühüm üstünlüyü ondan ibarətdir ki, istiqrazlar yalnız yerli oyunçular – yəni ölkə vətəndaşları və təsisçiləri yerli vətəndaş olan şirkətlər tərəfindən əldə edilə bilər. Bu da xarici borclanma təhlükəsini aradan qaldırar.
Problemi fürsətə çevirmək imkanı
Azərbaycanın dövlət qurumları uzun müddətdir ki, xarici valyutada istiqraz emissiya etməyiblər. Maliyyə Nazirliyinin istiqrazları, Mərkəzi Bankın isə banklar üçün nəzərdə tutduğu notları manatla buraxılır. Bununla bağlı ən yeni təcrübə hələlik SOCAR-ın buraxdığı istiqrazlardır. 2016-cı ildə 5 illik müddətə buraxılan həmin istiqrazlar qiymətli kağazlar bazarında bu cür maliyyə alətinə böyük ehtiyac olduğunu göstərib. Üstəlik, SOCAR-ın istiqraz üzrə öhdəliklərini intizamla icra etməsi (faizlərin vaxtında ödənilməsi və bazarda böyük likvidliyin olması) sübut etdi ki, investorların belə kağızlara tələbatı güclüdür. Ancaq maraqlıdır ki, istiqrazlarına tələbin olduqca böyük olmasına baxmayaraq, SOCAR hələ ki yeni istiqrazlar buraxmayıb.
Bazarda mövcud olan bu ehtiyacı imkana çevirməyin vaxtıdır. Bu - həm dolları olan investorların sərfəli yatırım etməsinə imkan verəcək, həm də şərait yaradılacaq ki, manatdan dollara çevrilən vəsaitlər yastıq altanda qalmasın və iqtisadiyyata xidmət etsin.
FED.az-ın redaktoru Əli Əhmədov