Azərbaycan Dövlət Neft Fondu 2022-ci ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair məlumatı açıqlayıb.
Fonddan FED.az-a bildirilib ki, 2022-ci il sentyabrın 30-a ARDNF-nin aktivləri 2022-ci ilin əvvəlinə (45 025,1 milyon ABŞ dolları) nisbətən 0,8% artaraq 45 386,4 milyon ABŞ dolları təşkil edib.
2022-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 11 365,9 milyon manat, büdcə xərcləri isə 6 566,9 milyon manat təşkil etmişdir.
Hesabat dövründə Neft Fondunun fəaliyyəti – gəlirləri və aktivlərin artımı ilə bağlı fərqli proseslər baş verib.
Belə ki, 2022-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri təqribən 16 milyard manat olub. Daha dəqiqi gəlirlər 15 milyard 886,9 milyon manat təşkil edib, ondan mənfəət neftinin və qazın satışından 15 106,2 milyon manat, bonus ödənişləri 768,7 milyon manat, tranzit gəlirləri 7,2 milyon manat, akrhesabı ödənişlər 4,8 milyon manat gəlr daxil olub.
Hesabat dövrü ərzində ARDNF dövlət büdcəsinə 6 milyard 542,0 milyon manat vəsait transfert edib. Daha 8,1 milyon maat xaricdə təhsil proqramına, 16,8 milyn manat isə Fondun idarə edilməsinə sərf edilib.
Amma gəlirlərinin xərclərini kəskin - təqribən 5 milyard manat üstələməsinə baxmayaraq fondun aktivləri cüzi artıb – cəmi 356 milyon dollar. Bunun səbəbi dünya bazarlarında baş verən proseslər – dolların başqa valyutalar qarşısında güclənməsi və digər valyutaların dəyər itirməsi olub.
Belə ki, Fondun açıqlamasına görə, xtən 9 ay ərzində ARDNF-nin aktivlərinin bazar dəyərində qısamüddətli qiymət dəyişkənliklərindən yaranan 4 521,0 milyon manat azalma müşahidə olunub.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 4 185,2 milyon manat təşkil edib.
Cari ilin 3-cü rübünədək beynəlxalq maliyyə bazalarında yaşananlar ARDNF-nin investisiya portfelində də öz əksini tapmışdır. Belə ki, qlobal iqtisadiyyatlarda müşahidə olunan yüksək inflyasiya, geo-siyasi gərginliyin dərinləşməsi və Çin-ABŞ ticarət zəncirinin tam bərpa olmaması maliyyə bazarlarının qabaqcıl risklərindəndir və bu sadalananlar maliyyə aktivlərinin qiymətlərinə mənfi təsir etmişdir.
"Həmçinin qeyd etmək lazımdır ki, 2-ci rüblə müqayisədə iqtisadi proqnozlarda nikbinliyinin daha da azalması və bunun fonunda tənəzzül gözləntilərinin artması, bir sıra qabaqcıl iqtisadiyyatların mərkəzi banklarının sərt monetar siyasətinin inflyasiya göstəriciləri üzrə istənilən nəticənin əldə edilməməsi və Böyük Britaniyadakı hakimiyyətin fiskal siyasətindəki qərarsızlıq son rübdə investorlar tərəfindən əlavə çağırışlar kimi səciyyələnir ki, bu da həm səhm, həm də istiqraz indekslərində geriləmələrə səbəb olmuşdur"-deyə açıqlamada bildirilir.
Eyni zamanda, ABŞ Mərkəzi bankının inflyasiya tədbirlərinin, o cümlədən əhəmiyyətli faiz artımının digər ölkələr ilə müqayisədə daha böyük olması və daha öncə baş tutması ABŞ dollarına tələbə əlavə dəstək olmuş və nəticədə digər ölkələrin valyuta məzənnələrinin dollara nisbətdə əhəmiyyətli dəyərsizləşməsinə səbəb olmuşdur.
"Bir çox institusional investorların, o cümlədən suveren fondların investisiya portfellərində olduğu kimi ARDNF-nin də vəsaitləri əsasən müxtəlif valyutalarda ifadə edilən birjada kotirovka olunan səhm və istiqrazlardan (investisiya portfelinin təxminən 80%-i) ibarətdir. Maliyyə bazarlarında yaşanan bu dalğalanmalar qeyd edilən investorlarla bərabər ARDNF-nin də investisiya portfelində realizə edilməmiş müvəqqəti geriləmələrlə müşahidə olunmuşdur"-Fonddan bilriblər.