Azərbaycanın qarşılıqlı qiymətləndirilməsi çərçivəsində Avropa Şurasının Pulların Yuyulmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Mübarizə Tədbirlərinin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) qiymətləndiricilərindən ibarət missiya qrupu cari ilin 1-15 mart tarixlərində Bakıya onsayt səfər həyata keçirib.
FED.az xəbər verir ki, bu barədə Maliyyə Monitorinqi Xidmətinin məlumatında deyilir.
Bildirilir ki, prosesin məqsədi 2013-cü il Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) metodologiyasına uyğun olaraq, ölkənin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (ƏL/TMM) sahəsində beynəlxalq standartlara texniki uyğunluğunu və bu sahədə siyasətin effektiv icrasını qiymətləndirməkdir.
Qeyd edək ki, qiymətləndirmə qrupu MONEYVAL Katibliyinin üzvlərinin köməyi ilə hüquq, maliyyə və hüquq-mühafizə sahəsində təcrübəyə malik MONEYVAL ekspertlərindən ibarətdir.
Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov tədbirin açılışında qiymətləndirmə qrupu və ölkənin ƏL/TMM sistemində cavabdeh orqanların əməkdaşları ilə görüşüb. Açılışda, həmçinin, qiymətləndirmə missiyasının rəhbəri İrina Talianu iştirakçıları salamlayıb, qiymətləndirmə prosesinin nəticələrinin ölkəmiz üçün əhəmiyyətini vurğulayıb və müsahibələrdə onlara müvəffəqiyyətlər arzulayıb.
Qiymətləndirilməyə Nazirlər Kabinetinin qərarı ilə 21 oktyabr 2020-ci il tarixində yaradılmış Koordinasiya Şurasında təmsil olunan dövlət qurumlarının, habelə aidiyyəti özəl sektorun (öhdəlik daşıyan şəxslər- QHT-lər, banklar, mühasibat, vergi və hüquq xidmətləri göstərən şirkətlər, auditorlar, notariuslar və s.) əməkdaşları cəlb edilib.
Qiymətləndirmənin sonunda MONEYVAL Katibliyi tərəfindən Əsas Nəticələr sənədi bütün iştirakçılara təqdim edilib.
Hesabatın 2023-cü ilin dekabrında MONEYVAL-ın 66-cı plenar iclasında müzakirəsi və qəbulu planlaşdırılır.
Xatırladaq ki, çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlər çərçivəsində Azərbaycan 2002-ci ildən etibarən MONEYVAL-da təmsil olunmağa başlayıb. Azərbaycanda PL/TMM sahəsində mövcud vəziyyətlə bağlı MONEYVAL-ın ilk qiymətləndirmə hesabatı 2004-cü ildə qəbul edilib.
Bundan sonra, 2008-ci ildə də MONEYVAL tərəfindən Azərbaycan üzrə qiymətləndirmə aparılaraq müvafiq hesabat hazırlanıb. Bu qiymətləndirmə hesabatlarında Azərbaycanda PL/TM ilə effektiv mübarizə sisteminin formalaşdırılması baxımından təklif və tövsiyələr irəli sürülüb. Bu təklif və tövsiyələr ölkədə PL/TMM sisteminin formalaşdırılması və inkişafı istiqamətində aparılan islahatlar zamanı mühüm əhəmiyyət kəsb edib.
MONEYVAL-ın IV raund qiymətləndirilməsi Azərbaycanda 2014-cü ildə həyata keçirilib.