FED.az xəbər verir ki, Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin Milli Ödəniş Sisteminin inkişafı və nəzarəti şöbəsinin böyük mütəxəssisi Rəşad Qasımov “Kart dələduzluğuna qarşı mübarizə tədbirləri” mövzusunda sualları cavablandırıb.
Azərbaycanda kartdan pul çəkən telefon dələduzları - ƏN ÇOX GƏNCLƏRİ ALDADIRLAR
-Fırıldaqçılar daha çox hansı üsullar vasitəsilə kart məlumatlarını əldə etməyə çalışır?
- Fırıldaqçılar müxtəlif üsullarla – özlərini bank əməkdaşı kimi təqdim edərək zənglər edərək, maillər yazaraq və ya telefona mesajlar göndərərək kart məlumatlarını əldə etməyə və vəsaitlərdən qanunsuz olaraq istifadə etməyə cəhd göstərə bilərlər. Bu səbəbdən heç bir halda kart məlumatları 3-cü tərəflərə təqdim ediməməli və kart məlumatlarını sorğulayan zəng, mail, mesajlar cavablandırılmamalıdır.
Son dövrlərdə fırıldaqçılar tərəfindən ən çox istifadə olunan metodlar – dəyərli mükafat vəd edən kampaniyalarda, lotereyalarda iştirakla bağlı saxta elanların paylaşılması, qısa zamanda yüksək gəlir vəd edən, piramida sxeminə əsaslanan investisiya əməliyyatlarına vəsait yatırılması və ya internet üzərindən satılan məhsulların sahibinə müraciət edərək, alıcı qismində ödəniş etmək üçün kart məlumatlarının əldə olunmasıdır. Bu kimi hallarla qarşılaşılan zaman kart məlumatları, eləcə də 3D Secure xidməti vasitəsilə telefona daxil olan şifrələr heç bir halda qarşı tərəfə bildirilməməlidir. Nəzərə alınmalıdır ki, bank əməkdaşları sözügedən həssas məlumatları heç bir halda kart sahibindən sorğulamır. Qeyd olunan məlumatların açıqlanması nəticəsində ödəniş kartında olan vəsaitlər fırıldaqçılar tərəfindən oğurlana bilər.
- Ödəniş kartından istifadə zamanı hansı məqamlara diqqət yetirmək lazımdır?
- PİN kod heç bir halda kartın üzərində qeyd olunmamalıdır. Eyni zamanda, PİN koda dair məlumatları kartla bir yerdə saxlamaq tövsiyə olunmur. Əks təqdirdə, pul kisəniz itirildikdə və ya oğurlandıqda kartınız üzrə bütün məlumatlar səlahiyyətli olmayan şəxslərin əlinə keçəcəkdir.
Kartla aparılan bütün əməliyyatlardan anında xəbərdar olmaq üçün mobil bankçılıq xidmətlərindən istifadə etmək məqsədəuyğundur. Hər hansı şübhəli hal baş verdikdə, internet və ya mobil bankçılıq xidmətlərindən istifadə etməklə və ya bankın qaynar xəttinə zəng etməklə kartı dərhal bloklaşdırmaq və məsələnin araşdırılması üçün müvafiq banka müraciət etmək lazımdır.
İnternet üzərindən aparılan ödənişlərdə təhlükəsizliyin təmin edilməsi üçün 3D Secure xidmətinə qoşulmaq və əməliyyatları SMS vasitəsilə əldə olunan birdəfəlik şifrə ilə başa çatdırmaq tövsiyə olunur.
- Mərkəzi Bank tərəfindən kart dələduzluğuna qarşı mübarizə tədbirləri çərçivəsində hansı işlər görülür?
-Qeyd edim ki, Mərkəzi Bank tərəfindən davamlı olaraq bütün hədəf qrupları nəzərə alınmaqla ölkəmiqyaslı maarifləndirici tədbirlər həyata keçirlir. Cari ildə Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində "Rəqəmsal ödənişlər sahəsində 2023-cü il üzrə maliyyə savadlılığına dair Fəaliyyət Planı" hazırlanmışdır. Fəaliyyət Planına müvafiq olaraq ödəniş kartlarından istifadə zamanı müşahidə olunan fırıldaqçılıq halları barədə maarifləndirici video və audioçarxlar hazırlanmışdır və hazırda Mərkəzi Bankın və eləcə də bankların sosial şəbəkə hesablarında, həmçinin televiziya və radio kanallarında yayımlanmaqdadır.
Eyni zamanda, qeyd etmək istərdim ki, rəqəmsal ödənişlər üzrə dələduzluq hallarının aşkarlanması istiqamətində qurumlararası davamlı informasiya mübadiləsinin aparılması, əldə olunan məlumatların operativ təhlil edilərək preventiv tədbirlərin həyata keçirilməsi məqsədilə Mərkəzi Bankda hüquq-mühafizə orqanları, aidiyyəti dövlət qurumları və bank sektorunun nümayəndələrindən ibarət xüsusi işçi qrupu fəaliyyət göstərir. Banklar tərəfindən müəyyən edilən dələduzluq halları ilə bağlı məlumatlar sözügedən işçi qrupunda təmsil olunan hüquq-mühafizə orqanlarının, eləcə də digər müvafiq dövlət qurumlarının nümayəndələrinə təqdim olunduqdan sonra aidiyyəti qurumlar tərəfindən dələduzluq fəaliyyəti ilə məşğul olan şəxslərin araşdırılması, aşkar edilərək məsuliyyətə cəlb olunması istiqamətində zəruri işlər həyata keçirilir.
- Kartın itirilməsi, oğurlanması və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə edilməsi müəyyən edildiyi təqdirdə nə etməli?
- Kartın itirilməsi, oğurlanması və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə edilməsi müəyyən edildiyi hallarda kart dərhal bloklaşdırılmalıdır. Kart sahibi xidmət olunduğu bankın məlumat mərkəzinə və ya qaynar xəttə zəng edərək, eyni zamanda mobil və internet bankçılıq xidmətlərindən istifadə etməklə kartı bloklaşdıra bilər. Bu zaman kart üzrə bütün əməliyyatlar dayandırıldığı üçün vəsaitlərin itirilməsi riski aradan qalxmış olur.
- İnternet və mobil bankçılıqdan istifadə zamanı hansı məqamlara diqqət yetirmək lazımdır?
- İnternet və mobil bankçılıq xidmətlərindən istifadə edərkən qeyd edəcəyimiz təhlükəsizlik qaydalarına riayət etmək tövsiyə olunur. Belə ki:
- Bank hesabına daxil olmaq üçün ictimai kompüterlərdən və ya şəbəkələrdən istifadə edilməməli;
- Bank məlumatları 3-cü tərəflərlə bölüşülməməli;
- Təkrarlanan və ya asanlıqla ehtimal oluna bilən şifrələrdən istifadə edilməməli;
- Bank hesabları daim nəzarətdə saxlanılmalı, hər hansı şübhəli halla rastlaşılan zaman dərhal hesaba xidmət göstərən müvafiq bank məlumatlandırılmalıdır.