Növbəti ilin dövlət büdcəsində mənzil-kommunal təsərrüfatı texnikasının alınması üçün 50 milyon manat vəsait proqnozlaşdırılıb.
FED.az xəbər verir ki, bu Maliyyə Nazirliyinin açıqladığı «2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı»nda bildirilir.
Mənzil və kommunal təsərrüfatı xərclərindən şəhər, rayon və qəsəbələrdə dövlət balansında olan yaşayış binalarının, o cümlədən dam örtüklərinin, fasadların və pilləkən qəfəslərinin əsaslı təmiri üçün 61,5 milyon manat, lift təsərrüfatının saxlanılması üçün 7,6 milyon manat, işıqlandırılma üçün 35,5 milyon manat, yaşıllıqların salınması,
saxlanılması və landşaft quruluşu işləri üçün 53,6 milyon manat, mənzil və kommunal təsərrüfatı müəssisələri üçün 48,2 milyon manat vəsait nəzərdə tutulub.
Göstərilən xidmətlərə görə satış tarifinin məhsulun maya dəyərindən aşağı olması nəticəsində yaranmış zərərin örtülməsi üçün “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə 46,5 milyon manat (2023-cü illə müqayisədə 5,5 milyon manat və ya 13,4 faiz çox) vəsait nəzərdə tutulub.