Azərbaycan manatının məzənnəsinin sabitliyi üçün ölkənin əsas ticarət tərəfdaşı olan ölkələrdən gələ biləcək təhlükələr yaranmağa başlayıb. Bu təhlükələr 2018-ci ilin III rübündən etibarən daha da fəallaşacaq.
Təhlükələr arasında Azərbaycan manatına ən çox təsir göstərə biləcək olan amil Rusiya rublunun ucuzlaşması ehtimalıdır. Belə ki, 2018-ci ilin yanvar-fevral aylarında ABŞ-ın Rusiya maliyyə bazarlarına yeni sanksiyalar tətbiq etməsi gözlənilir. Bu sanksiyalar Rusiyanın rublda olan dövlət istiqrazları kimi, valyutada olan xarici bazarlarda borclanma alətlərinə də tətbiq edilə bilər. Nəticədə, Rusiya maliyyə bazarlarının mənfi təsirə məruz qalması qaçılmaz olacaq. Buna bir də neft qiymətlərində mümkün azalma amili də əlavə olunarsa, o zaman Rusiya rublu kəskin ucuzlaşa bilər.
Digər təhlükə kimi Türkiyədə lirənin ucuzlaşması prosesi göstərilir. Xatırladaq ki, Türkiyə yüksək xarici ticarət kəsirinə sahib olan ölkədir. 2017-ci ildə bu ölkədə 80 mlrd. dollara yaxın xarici ticarət kəsirinin olacağı gözlənilir. Hələ ki, bu kəsir portfel investisiyaları və bir qədər də birbaşa investisiyalarla balanslaşdırılsa da, ABŞ-da uçot dərəcəsinin artmağa davam etməsi investisiyaların həcmini kəskin azaldaraq lirəsinin ucuzlaşmasına gətirib çıxaracaq.
Bir başqa, lakin ən böyük təhlükə isə Çin iqtisadiyaytının yavaşlaması, ABŞ-ın bu ölkəyə tətbiq etdiyi ticarət sanksiyaları nəticəsində yüksək borca sahib olan bu ölkənin özəl sektorunun problemlərlə üzləşməsi və nəticədə, yuanın ucuzlaşmasına səbəb olmasıdır. Çin yuanının ucuzlaşması nəinki Azərbaycan manatını, bütün dünya valyutalarını, xüsusilə də inkişaf etməkdə olan ölkələrin valyutalarını kəskin ucuzlaşdıra bilər.
Analitiklər belə hesab edirlər ki, Azərbaycan manatı üçün hazırda daxili heç bir təhlükə yoxdur: "Manat sabit məzənnəsini qoruyacaq. Hətta, qlobal konyunktur uyğun olarsa, manat bir qədər möhkəmlənə də bilər. Lakin xarici amillərin təsiri heç zaman unudulmamalıdır. Üzən məzənnə rejimi, xarici amillərin təsiri bu dəfə anında manatın məzənnəsində öz əksini tapacaq".