Rusiyanın paytaxtı Moskvada yeni tikilən yaşayış binalarında mənzillərin qiymətinə görə Yakimanka rayonu liderliyini qoruyub. Oktyabrın əvvəlinə burada mənzillərin bir kvadratmetrinin orta təklif qiyməti 3,11 milyon rubl, yaxud təxminən 38,6 min ABŞ dolları (65,6 min manat) təşkil edib.
Xırdalanda evlər ucuzlaşıb - QİYMƏTLƏR - VİDEO
FED.az xəbər verir ki, bu barədə Rusiyanın daşınmaz əmlak bazarı üzrə ixtisaslaşmış “RBC Nedvizhimost” nəşri “bnMAP.pro” analitik platformasının araşdırmasına istinadən məlumat yayıb.
Yakimanka ardıcıl dördüncü aydır ki, Moskvanın ən bahalı yeni tikililərinin yerləşdiyi rayon olaraq qalır. Rayon iyul ayında Tverskoyu geridə qoyaraq liderliyə yüksəlib.
Analitiklər Yakimankanın liderliyini ərazidə yüksək qiymətli lüks yaşayış layihələrinin cəmləşməsi ilə izah edirlər.
Reytinqdə ikinci yeri bir kvadratmetrin orta qiyməti 2,96 milyon rubl (36,7 min dollar) olan Xamovniki, üçüncü yeri isə 2,92 milyon rubl (36,2 min dollar) göstəricisi ilə Tverskoy rayonu tutub.
Moskvanın ən bahalı yeni tikililərinin yerləşdiyi 10 rayon
| Rayon | 1 kv.m, mln rubl | ABŞ dolları |
|---|---|---|
| Yakimanka | 3,11 | 38 606 |
| Xamovniki | 2,96 | 36 744 |
| Tverskoy | 2,92 | 36 247 |
| Arbat | 2,60 | 32 275 |
| Meşşanski | 2,31 | 28 675 |
| Zamoskvoreçye | 1,89 | 23 462 |
| Taqanski | 1,70 | 21 103 |
| Presnenski | 1,54 | 19 117 |
| Doroqomilovo | 1,47 | 18 248 |
| Krasnoselski | 1,44 | 17 875 |
Araşdırmaya əsasən, ən bahalı beş rayondan dördündə mənzillərin bir kvadratmetri 30 min dollardan yüksək qiymətə təklif olunur.
Reytinq tərtib edilərkən yalnız lüks mənzillər deyil, satışda olan bütün kateqoriyalardan yeni tikililər nəzərə alınıb. Bu səbəbdən göstəricilər faktiki alqı-satqı qiymətlərini deyil, elanlarda təqdim olunan mənzillərin orta təklif qiymətini əks etdirir.
Hesablamalarda 2 noyabr 2026-cı il tarixinə məzənnə əsas götürülüb: 1 ABŞ dolları 80,5573 rubl, 1 ABŞ dolları isə 1,70 manat təşkil edir. (banker)













