Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi problemlə üzləşən yerli banklara dəstək verəcək. FED.az xəbər verir ki, bu prezident İlham Əliyevin təsdiqlədiyi qurumun əsasnaməsində nəzərdə tutulub.
Eləcə də bax: Maliyyə Nazirliyində dəyişiklik - PREZİDENTDƏN FƏRMAN
Əsasnaməyə görə, Agentlik ölkə iqtisadiyyatında maliyyə və iqtisadi tarazlığın pozulması təhlükəsi yarandıqda, dövlət vəsaiti hesabına ölkənin maliyyə-bank və ödəniş sistemində mühüm rolu olan maliyyə və bank təşkilatlarına, habelə strateji əhəmiyyətli qeyri-maliyyə təsərrüfat subyektlərinə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla, müddətli likvidlik təqdim edə bilər.
Müvəqqəti likvidlik həmin təşkilatlarda müddətli depozitlər yerləşdirmək və ya buraxdığı müddətli borc kağızları almaq kimi formada verilir. Bunun üçün agentlik ölkə daxilindən və xaricindən borc şəklində vəsaitlər cəlb edilməsi ilə əlaqədar Maliyyə Nazirliyinə təkliflər verməlidir.
Həmin hallarda, Agentliyin sözügedən təşkilatlardan zəruri sənədləri və məlumatları tələb etmək hüququ var.