Azərbaycanda dolların bahalaşacağından qorxaraq manat əmanətlərini yarımçıq geri götürən bəzi vətəndaşlar itki ilə üzləşiblər. Sonradan əmanəti bərpa etmək istəsələr də bu mümkün olmayıb.
Eləcə də bax: Maliyyə naziri: «Neftin ucuzlaşması, şübhəsiz, gəlirləri azaldacaq»
FED.az xəbər verir ki, bu barədə Maliyyə Naziri Samir Şərifov Az TV-yə müsahibəsində bildirib. Onun sözlərinə görə, dolların bahalaşacağından təşvişə düşüb depozitlərini geri götürən vətəndaşlar olub: «Mən bu gün (yəni martın 12-də – FED.AZ) dövlət banklarından biri ilə vəziyyəti maraqlandım. Bildirdi ki, vəziyyət səngiyib. Çünki artıq dövlət birmənalı olaraq bəyan edib ki, narahat olmayın, valyutamız var, biz ondan satırıq. Hərraclar vasitəsilə banklara valyuta satışı davam edir. Həmin bankın sədri mənə bildirdi ki, bir neçə müştəri bankda manatda yerləşdirdiyi depozitləri təşvişə düşdüyünə görə gəlib ləğv ediblər. Nəticədə də, şərtlər pozulduğundan depozitlər üzrə faizi itiriblər, təxminən 15-20 min manat itiriblər. İki gün sonra gəliblər ki, «olar bunu geri qaytaraq». Şübhəsiz ki, banklar da «yox» cavabını veriblər. Təşvişə düşənlər özlərini cərmələyirlər. Bütün əhaliyə müraciət edirəm ki, təşvişə heç bir əsas yoxdur».