Azərbaycan Kredit Bürosu (Büro) tərəfindən hazırlanmış rəqəmsal kredit tarixçəsi platforması - Findoc portalında yeni xidmət istifadəyə təqdim edilib.
FED.az xəbər verir ki, qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanmış platformada artıq vətəndaşlarla yanaşı hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər də özləri barədə toplanmış bütün məlumatlara çıxış imkanı əldə edəcəklər.
Hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin Findoc portalı tərəfindən təqdim edilən xidmətlərdən yararlanmaq üçün gücləndirilmiş elektron imza (Asan İmza) ilə https://findoc.az/ linkinə daxil olaraq razılıq ərizəsini imzalamaları tələb olunur.
Portal vasitəsilə müvafiq istifadəçilərə hal-hazırda təklif edilən xidmətlər aşağıdakılardır:
- kredit hesabatına baxış;
- kredit hesabatının PDF formatında əldə edilməsi;
- kredit hesabatının Asan İmza ilə imzalanmış formada əldə edilməsi;
- kredit hesabatının AKB-nin rəsmi emailindən digər e-mail ünvanına yönləndirilməsi;
- kredit tarixçəsinin mübahisələndirilməsi.
Kredit hesabatı istifadəçilərə il ərzində iki dəfə tam ödənişsiz təqdim edilir.
Ödənişsiz sorğu limiti bitdikdən sonra göstərilən xidmətlərdən yararlanmaq üçün hər bir məhsul üzrə fərdi qaydada ödəniş və ya daha sərfəli olan abunəlik paketlərindən istifadə imkanı mövcuddur.
Müvafiq ödənişlər Portal üzərindən və nağdsız qaydada həyata keçirilir.
Portal real-vaxt rejimində, 7/24 əsaslarla fəaliyyət göstərir.
Xatırladaq ki, Büro 15 yanvar 2018-ci il tarixində yaradılmışdır. Büro müştərilərin kredit tarixçəsini təşkil edən məlumatları kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, nisyə mal alqı-satqısı həyata keçirən şirkətlərdən, habelə borc öhdəliyi ilə bağlı digər məlumat bazalarından toplanılmasını, saxlanılmasını, təhlilini, kredit hesabatlarının formalaşdırılmasını, borcalanlara fərdi reytinqlərin verilməsini və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edən qurumdur.
Hazırda Büroya qoşulmuş təşkilatların sayı 230-dan artıqdır.
Findoc – sənin kredit hekayən.