Bir zamanlar əsas investisiya istiqamətlərindən olan daşınmaz əmlak bazarında durğunluq müşahidə edilməkdədir. Bu seqmentdə vəziyyətin, eləcə də, qiymətlərin necə dəyişəcəyi sual olaraq qalır.
Bazarı şərh edən daşınmaz əmlak bazarı üzrə ekspert Rəşad Əliyev bildirdi ki, bazarda ilin əvvəlindən 2 mühüm amil müşahidə edilir: “Onlardan biri ipoteka kreditləşməsi sahəsində olan böyük dəyişikliklərdir. Əvvəlki illərə nisbətdə kreditləşmə daha aktivdir və statistika da bunu təsdiqləyir. Gözləniləndir ki, bu il verilmiş kredit məbləğlərinin həcmi pik həddə çatsın”.
Ekspertin sözlərinə görə, ipoteka kreditləşməsi məbləğinin artırılması (məsələn, adi ipoteka kreditləri üzrə kredit məbləği 150 min manata qaldırılıb) daha yüksək keyfiyyətli və bahalı mənzillərin alınmasına şərait yaradıb: “Üstəlik, şərtlərə əsasən, yeni tikilən binalardan da mənzil almaq mümkündür. Bu, öz növbəsində ilkin bazara az da olsa, müsbət təsir etməyə başlayıb”.
R.Əliyev bir sıra ərazilərdə aparılan söküntü işlərinin bazara təsirlərinə də toxunub: “Bu, ilk növbədə kirayə bazarına üz tutanların sayını artırıb. Eyni zamanda, keyfiyyəti aşağı (xruşovkalar və s.), eləcə də, qiyməti ucuz olan mənzillərin təklifini azaldıb. Söhbət şəhərətrafı yox, məhz şəhəriçi təkliflərdən gedir. Bu 2 amildən başqa bazara təsir edən digər amillər də var. Məsələn, makroiqtisadi şərait. Bu amilin bazara mənfi təsirləri davam edir”.
O ki qaldı bazardakı qiymətlərin hansı istiqamətdə hərəkət etməsinə, R.Əliyev deyir ki, bazarda ucuzlaşma gözlənilsə də, bu, baş vermədi: “Səbəb də yuxarıda adlarını çəkdiyim amillərdir. Belə ki, ipoteka kreditləşməsi və söküntü işləri bazara təsir edib. Bazarda ümumi qiymət səviyyəsi stabil qalsa da, müxtəlif seqmentlərdə əks tərəfli hərəkətlər olub”.
R.Əliyevin sözlərinə görə, hazırda diqqətlər ilkin bazara yönəlib: “Bildiyiniz kimi, yeni tikililərdə mənzil satışının yeni qaydaları tətbiq olunmalıdır. Bu qaydalar təsdiqlənərsə, bazarda böyük dəyişikliklərin şahidi olacağıq”.