2025-ci ilin aprel ayından etibarən milli valyutada olan vahid xəzinə hesabının vəsaitləri hərrac üsulu ilə depozitlərə yerləşdirilməyə başlanılıb. Bu mexanizmin tətbiqində əsas məqsəd dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə edilməsi və büdcə üçün əlavə gəlirlərin formalaşdırılmasıdır.
Prezident: "Biz borc götürəcəyik, qərar vermişik"
Bu barədə FED.az-a Maliyyə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, mexanizm çərçivəsində dövlət büdcəsində müvəqqəti olaraq istifadə olunmayan sərbəst vəsaitlər şəffaf və rəqabətli depozit hərracları vasitəsilə bank sektorunda yerləşdirilir. Hərraclarda banklar faiz dərəcələri üzrə təkliflər təqdim edir və ən yüksək faiz dərəcəsi təqdim edən banklarda vəsaitlər depozitlərə yönəldilir. Bu yanaşma bir tərəfdən dövlət büdcəsi üçün əlavə faiz gəlirlərinin əldə edilməsinə, digər tərəfdən isə bank sektorunda likvidliyin artmasına şərait yaradır.
Ötən ilin doqquz ayı ərzində keçirilmiş depozit hərracları nəticəsində dövlət büdcəsinə 98,6 milyon manat məbləğində faiz gəliri təmin edilib. Bundan əlavə, Mərkəzi Bankın vasitəçiliyi ilə xarici valyuta vəsaitlərinin xaricdə likvid fondlara yerləşdirilməsi və idarə olunması nəticəsində il ərzində 22,4 milyon manat ekvivalentində faiz gəliri əldə olunub.
Nəticə etibarilə, vahid xəzinə hesabının effektiv idarə edilməsi sayəsində 2025-ci il ərzində dövlət büdcəsinə ümumilikdə 121 milyon manat gəlir təmin olunub.









