Azərbaycanda dövlət büdcəsinə dəymiş ziyanın bərpasını izlənməsi mexanizmi yaradılacaq.
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyində keçirilən kollegiya iclasında bildirilib. Müzakirələrdə dövlət vəsaitlərinin təyinatı üzrə səmərəli istifadəsinə nəzarətin gücləndirilməsi, nəzarət tədbirlərinin keyfiyyətinin və şəffaflığının artırılması üçün tədbirlərin davam etdiriləcəyi bildirilib.
Eləcə də nəzarət tədbirlərinin növlərindən biri kimi təhlil və monitorinqlərin əhatə dairəsinin genişləndiriləcəyi vurğulanıb.
Nazir Sahil Babayev Nazirlik sistemində tətbiq olunan informasiya sistemlərindən əldə olunan məlumatlar əsasında risk əsaslı yanaşma və təhlil metodlarının tətbiqi ilə nəzarət tədbirlərinin aparılmasının vacibliyini bildirib. Nazir həmçinin, yoxlama tədbirlərinin keyfiyyətinin və şəffaflığının artırılması, dövlət büdcəsinə dəymiş ziyanın bərpasının izlənməsi mexanizminin yaradılması, həmçinin Xidmətin kadr potensialının gücləndirilməsi barədə tapşırıq verib.