Azərbaycan Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə dekabrın 24-də keçirilmiş növbəti depozit hərracına yekun vurub. FED.az bildirir ki, hərracda tələb 433 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,92% təşkil edib.
Qeyd edək ki, hərracda 350 milyon manat depozitin cəlb edilərək yerləşdirilməsi nəzərdə tutulurdu. Verilən sifarişlər təklifdən təqribən 1,2 dəfə artıq olub. Bununla yanaşı əvvəlki hərracların nəticələrini nəzərə aldıqda, bu dəfə bankların depozitə marağının yüksək olmadığı aydınlaşır.
Belə ki, AMB-nin dekabrın 17-də keçirdiyi hərracda 350 milyon manatlıq depozit üçün sifarişin həcmi 662,5 mln. manat, yəni təklifdən 1,9 dəfə artıq olub.
Dekabrın 10-da keçirilən hərracda isə 350 milyonluq təklif qarşısında 733,2 milyon manat və ya 2,1 dəfə artıq sifariş daxil olmuşdu.
Dekar ayında AMB-yə depozit yatırmaq üçün ən böyük tələb ayın 3-də keçirilən hərracda qeydə alınıb. Həmin gün 350 milyonluq təklif qarşılığında 1 milyard 79,9 milyon manatlıq və ya 3,1 dəfə artıq sifariş daxil olub.