Dünya ölkələri düzgün vergi-büdcə siyasətinə sadiq qaldıqları təqdirdə qlobal tənəzzüldən qaça bilərlər, lakin bəzi ölkələrin gələn il hələ də tənəzzüllə üzləşmə ehtimalı var.
FED.az xəbər verir ki, bunu bazar ertəsi Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgiyeva "Reuters" agentliyinə müsahibəsində deyib.
"Qlobal tənəzzülün qarşısı alına bilər. Bunun üçün mərkəzi bankların pul-kredit siyasətinin sərtləşdirilməsinə uyğun olaraq hökumətlərin vergi-büdcə siyasətləri olmalıdır. Yenə də gələn il tənəzzülə düçar olacaq ölkələr ola bilər",- deyə agentlik onun sözlərini sitat gətirib.
"Bizə mərkəzi bankların qətiyyətlə hərəkət etməsi lazımdır. Niyə? Çünki inflyasiya çox davamlıdır. Bu, iqtisadi artım üçün pisdir, yoxsullar üçün isə çox pisdir. İnflyasiya yoxsullara qarşı yönəldilmiş vergidir", - Georgiyeva bildirib.
Bununla yanaşı, BVF rəhbərinin fikrincə, enerji qiymətlərinin aşağı salınması və subsidiyaların verilməsi yolu ilə bütün sənaye sahələrini bir anda dəstəkləməyə yönəlmiş fiskal siyasət pul siyasətinin məqsədlərinə ziddir.
İyul ayında BVF qlobal iqtisadiyyatın perspektivləri ilə bağlı hesabat təqdim edib. Ərzaq və enerji qiymətlərinin bahalaşması, eləcə də tələb və təklifin balanssızlığı ilə bağlı problemlər səbəbindən dünyada inflyasiyanın əvvəlcədən proqnozlaşdırılandan daha sürətlə artdığı vurğulanıb.(Marja)