2018-ci ilin altı ayında dövlət büdcəsinin icrasına (operativ) dair məlumat açıqlanıb.
Maliyyə Nazirliyindən FED.az-a verilən məlumata görə, 2018-ci ilin altı ayında dövlət büdcəsinin mədaxili 9 mlrd. 821,6 mln. manat, xərcləri 9 mlrd. 524,3 mln. manat olub, 297,3 mln. manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.
2018-ci ilin altı ayında dövlət büdcəsinin mədaxili 9821,6 mln. manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,1 faiz və yaxud 2096,8 mln. manat çoxdur.
Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 3 mlrd. 382,6 mln. manat vəsait daxil olub ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz və ya 30,0 mln. manat çoxdur. Həmin vəsaitin 65,8 faizi və yaxud 2 mlrd. 226,1 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.
2018-ci ilin altı ayında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 1 mlrd. 619 mln. manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38,2 faiz və yaxud 447,8 mln. manat çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 178,9 mln. manat təşkil edib. Sair daxilolmalar üzrə büdcəyə 33,1 mln. manat vəsait daxil olub.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 4 mlrd. 608 mln. manat vəsait transfert edilib.
2018-ci ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin mədaxil proqnozu 5 mlrd. 258,2 mln. manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 mlrd. 125,1 mln. manat və ya 27,2 faiz çoxdur.
2018-ci ilin altı ayında dövlət büdcəsinin xərcləri 9 mlrd. 524,3 mln. manat icra olunub ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 16,2 faiz və ya 1 mlrd. 330,6 mln. manat çoxdur.
İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk altı ayında dövlət büdcəsi xərclərinin 38,1 faizi və ya 3 mlrd. 625,7 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz və ya 125,7 mln. manat çoxdur.
2018-ci ilin altı ayında dövlət büdcəsi xərclərinin 4948,8 mln. manatı və ya 51,9 faizi cari xərclərə, 3 mlrd. 596,3 mln. manatı və ya 37,8 faizi əsaslı xərclərə, 979,2 mln. manatı və ya 10,3 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.
Cari ilin aprel-iyun ayları üzrə dövlət büdcəsinin xərcləri 5 mlrd. 116,3 mln. manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisdə 835,3 mln. manat və ya 19,5 faiz çoxdur.
Cari ilin altı ayında icmal büdcənin gəlirləri 15 mlrd. 100,2 mln. manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 mlrd. 492,1 mln. manat və ya 30,1 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 10 mlrd. 843 mln. manat icra olunub. İcmal büdcədə 4 mlrd. 257,2 mln. manat artıqlıq (profisit) yaranıb.