Vergi Məcəlləsinə uçotun bərpası, gəlirlərin leqallaşdırılması, vergi güzəştlərindən istifadə ilə bağlı çoxlu sayda dəyişikliklər edilib. FED.az xəbər verir ki, bu dəyişikliklərin əksəriyyəti, ilk növbədə, vergi ödəyicisində uçotun bərpası məsələlərinə həsr olunub. Eyni zamanda, Məcəllədə vergi ödəyicisinin mənafeyinə xidmət edən güzəştlər və azadolmalarla bağlı yeniliklər mövcuddur. Lakin təəssüf ki, sahibkarların bir çoxunun bundan xəbəri yoxdur. Niyə? Çünki bəzi sahibkarlar uçot-hesabat məsələlərinə ciddi yanaşmır, mühasiblərlə işləməyə çox da önəm vermirlər, az məbləğlərdə vergidən yayınmanı “qənimət” hesab edib böyük güzəştlərdən məhrum olurlar. Bəzi müəssisələrin uçot işləri qaydasında olmadığına görə, onlar verilmiş güzəştləri də axıra qədər tətbiq edə, hüquqlarından tam şəkildə yararlana bilmirlər. Nəticədə həmin şirkətlərin istehsal etdiyi məhsulun və ya göstərdiyi xidmətin maya dəyəri arzu edilməyən şəkildə artır. Bu isə nə sahibkara sərfəlidir, nə də dövlətə...
Eləcə də bax: Azərbaycan iqtisadiyyatı yavaş-yavaş - "kölgə"dən çıxır - NAZİR AÇIQLADI
Sədərək-Binə ticarət mərkəzinə yolu düşənlər iri lövhələrdə vergi xidməti ilə bağlı elanlara rast gələ bilərlər. Həmin elanlarda buradakı mağazalarda işləyənlərin vergi uçot-hesabat işlərinin qaydaya salınması üçün mühasib xidmətləri təklif olunur. Bəzi sahibkarlar tədbirli tərpənib mühasiblərlə iş qurublar. Ona görə yox ki, onlar gəlirlərini bəyan etmək niyyətindədirlər. Ona görə ki, onlar biznesdə ziyan edirlər. Pərakəndə satıcılar sahibkarlardan elektron qaimə-faktura tələb edəndə, onlar müştərini itirməmək üçün tez-tələsik mühasibin köməyinə üz tuturlar. Çünki vergi orqanları 2018-ci ildən bəri bütün əməliyyatların yalnız elektron qaimə-faktura ilə həyata keçirilməsini tələb edir. Bütün bunlara əməl etməyən vergi ödəyicisi riskli qrupa aid edilir. Beləliklə, sahibkar ciddi problemlərlə üzləşir. Əgər sahibkar gəlirlərini və xərclərini bəyan etməzsə, bu halda o, həm güzəştlərdən məhrum olacaq, həm də müştərilərini tədricən itirəcək.
Bir sıra sahibkarlar, həmçinin, Vergi Məcəlləsində baş verən dəyişikliklərdən, vergi güzəştlərindən məlumatsız olduqları üçün dövriyyəsini gizlətməyə çalışırlar. Çünki onların vergi ödənişinin əhəmiyyəti, onun zərurəti, vergidən yayınmanın mənfi nəticələri barədə təsəvvürləri belə yoxdur. Peşəkar mühasiblərin cəlb olunması isə bu problemi həll edə bilər. Tanış bir mühasib deyir ki, son aylarda mühasibat balansının hazırlanması və vergi hesabatının verilməsi üçün xeyli sifariş alıb. Hiss olunur ki, iş adamları yavaş-yavaş vicdanla işləməyin yeganə yol olduğunu anlayırlar. Yeri gəlmişkən, bu günlərdə Nazirlər Kabinetinin qərarı ilə peşəkar mühasibləri özündə birləşdirən təşkilatların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qaydalar təsdiq olunub. Qaydalara görə, mühasib ixtisası üzrə ali təhsili olmayan və ən azı 5 il bu sahədə fəaliyyət göstərməyən şəxslər peşəkar mühasib hesab edilmir. Bəzi sahibkarlar düşünürlər ki, şirkətin mühasibat balansını tərtib edib vergiləri hesablamaqla və vergi orqanına hesabat göndərməklə mühasibin işi tamamlanır. Mühasibin zəruriliyi vergi orqanı ilə yarana biləcək hər hansı problemin həlli zamanı yada düşür. Əslində isə peşəkar mühasib gəlir və xərcləri optimallaşdırmağı, sahibkara vergiləri qanuni yolla necə azaltmağın yollarını göstərməyi bacarmalıdır.
Mühasiblər həm də daim öz üzərlərində işləməlidirlər. Vergi Məcəlləsinə uçotun bərpası, gəlirlərin leqallaşdırılması ilə bağlı çoxlu sayda düzəlişlər edildiyindən, cari ildən başlayaraq vergi orqanları, sahibkarların ictimai birlikləri, konsaltinq şirkətləri, müstəqil ekspertlər məlumatlandırma və maarifləndirmə məsələlərinə xüsusi önəm verirlər. Vergilər Nazirliyinin Tədris Mərkəzi Vergi Məcəlləsinə dəyişikliklərin izahı ilə bağlı mühasiblər üçün praktiki seminarlar təşkil edir. Nazirliyin rəsmi saytında, sosial şəbəkələrdəki səhifələrində çoxlu sayda izahedici materiallar, videoçarxlar paylaşılır, müstəqil ekspertlər, mühasiblər, auditorlar gündəlik olaraq ortaya çıxan maraqlı məsələlərlə bağlı fikir bildirirlər. Ümumi tendensiya odur ki, 2018-ci ildən başlayaraq iqtisadiyyatın “kölgədən” çıxarılması prosesinə bütün müstəvilərdə dəstək verilir. Paytaxtın mərkəzi küçələrində Vergilər Nazirliyinin “Birlikdə kölgədən işığa doğru” şüarı yazılmış tablolara rast gəlirik. Bu cür təbliğat kampaniyası ondan xəbər verir ki, Vergilər Nazirliyi özü də bu prosesin aktiv iştirakçısıdır, necə deyərlər, “kölgədən” çıxmaq niyyətindədir. Deməli, bu proses uzun sürəcək, davamlı olacaq, ölkəmizin hər qarışını əhatə edəcək. Hətta Binə-Sədərək ticarət mərkəzindəki sahibkarların da qapısını döyəcək. Ona görə də sahibkarların bu cür problemlə üzləşməmələri üçün indidən tədbir görmələri və nə qədər ki, gec deyil, peşəkar mühasiblərə müraciət etmələri tövsiyə olunur.