Azərbaycanda kazino oyunları ilə bağlı bəzi əməliyyatlar maliyyə sahəsinə aid edilməyəcək.
FED.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, Azərbaycanda kazino oyunlarının təşkilatçısı müştəri uyğunluğu tədbirlərini, müştərinin kazinoda həyata keçirdiyi hər bir maliyyə əməliyyatının onun barəsində bu tədbirlər çərçivəsində əldə edilmiş məlumat və sənədlərlə əlaqələndirilməsinə imkan verəcək qaydada həyata keçirməli olacaq. Bu halda kazinolarda yalnız çiplər və yaxud tokenlər istifadə edilməklə aparılan kazino oyunları ilə bağlı əməliyyatlar maliyyə sahəsinə aid edilməyəcək.
Kazino oyunlarının təşkilatçısına və operatoruna münasibətdə bu qanunun 4.8-ci maddəsinin tələbləri müştəri 3 min manat və yaxud daha artıq məbləğdə maliyyə əməliyyatları həyata keçirdikdə tətbiq ediləcək. Həmin maddə xarici hüquqi təsisatın benefisiar mülkiyyətçisinin eyniləşdirilməsi və eyniləşdirmə məlumatlarının verifikasiyasını nəzərdə tutur.
Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.