Azərbaycanda rəqəmsal ödənişlərlə bağlı vəziyyət və bu sahədə gözlənilən yenilpklərlə bağlı FED.az-ın suallarına Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin şöbə rəisi Ramil Mahmudov cavab verir.
ELƏCƏ DƏ BAX: “Problemli krediti olanların əmlakını əlindən almağı nə Allah, nə də Quran götürər” - MÜSAHİBƏ
-Ramil müəllim, nağdsız ödənişlər dedikdə nəyi nəzərdə tuturuq. Məsələn, mən nağdsız ödəniş dedikdə kartla ödənişi başa düşürəm. Nağdsız ödəmənin başqa yolları da var?
-Nağdsız ödəniş sistemi dedikdə tək kartdan ödəmə nəzərdə tutulmur. Kart bu sistemdə ödəniş vasitələrindən sadəcə biridir. Bilirik ki nağd pul bizim gündəlik həyatımızın ayrılmaz hissəsdir, yəni pul da ödəniş alətidir. Amma nağdsız ödəniş alətlərindən biri olan kart sayəsində əlimiz pula dəymədən bütün ödəmələrimizi həyata keçirən bir vasitədir. Bura həm bank köçürmələri, həm ödəniş kartları ilə aparılan əməliyyatlar, həm elektron pullar aiddir.
-Deməli əlimiz pula dəymədən etdiyimiz bütün əməliyyat və ödənişlər nağdsız ödənişlərdir.
-Bəli.
-Dövlət başçısının fərmanı ilə 2018-2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi proqramı qəbul olunub və artıq onun reallaşdırılmasına başlanıb, dəyişikliklər də onun çərçivəsində olacaq. Bu proqramın məqsədi nədir? Aydındır ki nağd ödənişlərin azaldılmasını nəzərdə tutur, amma iqtisadiyyata, əhaliyə və dövlətə faydası nədir?
-Faydasından danışırıqsa il növbədə biz nağd pul kütləsinin azaldılmasına fokuslanmalıyıq. O cümlədən iqtisadiyyatda şəffaflığın və çevikliyin artırılmasında da nağdsız ödənişlərin rolu böyükdür.
-Nağd ödənişlər şəffaflığa mane olur?
-Əgər biz beynəlxalq təcrübəyə - inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki inkişaf etmiş ölkələrdə nağd puldan daha az istifadə edilir, ödəmələr nağdsız yollarla həyata keçirilir. Bütün maliyyə resursları banklara cəmlənir və maliyyə sektoru üzərindən həyata keçirilir. Maliyyə sektoru üzərindən həyata keçiriləndə əlbəttə ki əməliyyatların çevikliyi artır. Dövlətin bu sahəyə həm baxışı, həm də proqnozlaşdırılması dəyişir. Sadə desək, cibimizdə və ya əlimizdə olan pul kütləsini bilsək, habelə dövriyyədəki pulumuzun miqdarını bilsək asanlıqla proqnoz da apara bilərik, idarəetmə də asan olar, sərf olunacaq sahələr də genişlənir.
ELƏCƏ DƏ BAX: Əməkdaşlıq etdiklərimizi də yoxlaya bilərik - VERGİLƏRDƏN MÜSAHİBƏ
-Dövlət büdcəsində dövlətin maliyyəsi onsuz da əsasən nağdsız aparılır, hesab edirəm ki gözlənilən əsas yenilik daha çox sahibkarlara və əhaliyə aid olacaq. Sizcə sahibkarlar üçün hansı maraqlı dəişiklər gözlənilir? Postterminallar, kassalardan əlavə nəsə olacaq?
-Edilən dəyişikliklər, tətbiq ediləcək yeniliklər ilk növbədə insanlarda maraq oyatmalıdır. Nəzərə alsaq ki sahibkarlar özləri də ödəyicidir, onların da vergidən kommunal xərclərədək saysız-hesabsız ödənişləri var. Onlar həm ödəniş edərkən, həm qəbul edərkən nə qədər rahatlıq hiss edərsə bir o qədər arxayın olarlar. Çünki mal və ya xidmət satan sahibkarlar nağdsız ödənişlərin tərəfdarıdır. Bu sahibkarın ilk növbədə investisiya marağını artırır, çünki dövriyyəsi genişlənmiş olur. Digər tərəfdən də onun dövriyyəsi şəffaf olarsa bankların da həmin sahibkara qarşı marağı artar. Bayaq qeyd etdiniz ki post-terminallar var, o terminalları quraşdıran da banklardır. Post-terminalın quraşdırılması üçün bankda ilk növbədə hesab açılmalıdır. Banklar həmin hesabdakı dövriyyəni görə bilirlər. Dövriyyə artdıqca bu həmin təsərrüfat subyektinə və sahibkara qarşı bankın marağını artırır. Banklar dövriyyəsi böyük olan sahibkarlarla əməkdaşlıq etməkdə maraqlıdır.
-Sahibkarlar ödənişi nağdsız qəbul edəndə müəyyən faiz ödəyirlər, ən azı ödənişin özündən. Bundan sonra necə olacaq? Bəzən ödənişi kartla qəbul etmirlər ki onlar bank faizi ödəməli olurlar, nağd alanda iqtisadi cəhətdən daha sərfəli olur onlara. Bu proqramın qəbulu bu vəziyyəti dəyişəcəkmi? Yəni onlar üçün sərfəli olacaq?
-Hər bir ödənişin qəbul edilməsi üçün sahibkar banklarla müqavilə bağlayır və bunun üçün müəəyyən qədər xidməthaqqı ödəməlidir. Bu xidməthaqqının ödənilməsinin obyektiv səbəbləri də var. Bank bu infrastrukturu qurur, bu infrastrukturun saxlanması üçün müəyyən bir maliyyə lazımdır. Dövriyyəsi böyük olan təsərrüfat subyektlərində bu faiz çox aşağı məbləğdir. Dövriyyə böyüdükcə həmin bankın təqdim etdiyi xidmət haqqı da azalır. Bildiyimiz kimi indi bazar iqtisadiyyatı dövrüdür, gəlir xərcə bağlıdır. Qanunda da bir çox stimullaşdırıcı tədbirlər nəzərdə tutulub, bu həm kart ödəyiciləri, həm də sahibkarlar üçündür.
-Nədir bu stimullaşdırıcı tədbirlər, bir az açıqlaya bilərsiniz?
-Sahibkarlar üçün ilk növbədə vergi güzəştlərinin verilməsi nəzərdə tutulub. Bu güzəştlər nağdsız ödənişlər qəbul edən sahibkarlar üçündür. Bu Vergilər Nazirliyinin təklifidir. Bildiyimə görə hazırda bunun üzərində qızğın iş gedir. Vergilər Nazirliyi hər zaman nağdsız ödənişlərin inkişafına böyük dəstək olub, bunu biz də hiss etmişik və hər zaman qarşılıqlı tərəfdaşlıq etmişik onlarla. Güzəştlər tətbiq olunandan sonra həmin ödənilən vəsait kompensasiya olunur. Belə olanda sahibkarların nağd ödəməyə marağı qalmır, ödənişləri nağdsız qəbul etməkdə özü maraqlı olur.
-Beynəlxalq təcrübədən danışdınız bayaq, onlar niyə nağdsız ödənişlərə daha çox üstünlük verir?
-Nağdın özünün də bir maliyyəti var. Sahibkarın dövriyyəsi az olanda obyektin saxlanması, daşınması riskləri az olur, amma böyük, dövriyyəsi çox olan supermarketlər var, yanacaqdoldurma məntəqələrinin dövriyyəsi çox böyükdür. Bunların saxlanması da böyük xərclər tələb edir. Hamısı üst-üstə gəldikdə görürsən ki nağdsız ödəməyə çəkilən xərc daha azdır və o sistem daha sərfəlidir. Buna görə də dünya təcrübəsində böyük təsərrüfat subyektləri nağdsız ödəməyə meyllidir.
-Biz bayaqdan nağdsız ödənişlərdən danışırıq, amma nağd və nağdsız ödənişlərin nisbətini bilmirik əksəriyyətimiz. İndi ödənişlərin nağd və nağdsız ödəmə nisbəti neçədir?
-Əgər sırf ödəniş kartları ilə aparılmış əməliyyatlara fokuslansaq statistik məlumatları deyə bilərəm. Bu ilin 8 ayı ərzində toplam olaraq təxminən 11 milyarda yaxın dövriyyə olub. Həmin dövriyyənin 16 faizi – 1.7 milyardı nağdsız şəkildə olub, qalan miqdar isə nağd hesablama olub. Yəni bankomatlardan böyük həcmdə nağd vəsaitin çıxarılması üstünlük təşkil edir.
-Qeyd etdiniz ki proqram çərçivəsində stimullaşdırıcı tədbirlər olacaq, hansı ki insanları nağdsız ödəməyə həvəsləndirsin. Bəs məcburi tədbirlər necə, olacaq? Dünya təcrübəsində var ki müəyyən məbləği keçərsənsə ödəməni nağdsız ödəmə etməlisən və yaxud başqa bir formada sövq edirlər. Bizdə bənzər tətbirlər görülürmü?
-Deməli, əvvəlcə qeyd edim ki 2016-cı ildə qəbul olunmuş Nağdsız Hesablaşmalar haqqında Qanunda məcburi tələblər qoyulub. Bu tələblərə görə bir sıra sektorda nağdsız ödənişmələrin aparılması məcburidir. Yəni nağd formada hesablamaq qadağandır həmin qanuna görə. İstər sığorta fəaliyyəti olsun, istər kommunal ödənişlər olsun, istər təhsil haqqı ödənişləri olsun – bütün bunlar nağdsız ödənilir. Siz dediyiniz kimi müəyyən limiti keçdikdə nağdsız ödəmə məcburi olmalıdır kimi üsul da tətbiq etmək olar, bu qanunda da öz əksini tapır. Amma tək inzibati tədbirlərlə bu sahəni inkişaf etdirmək olmaz. Ona görə stimullaşdırma tətbirləri meydana çıxır hansı ki dövlət proqramında öz əksini tapıb. Hər iki tərəfin stimullaşdırılması vacibdir. Kart ödənişlərinə ödənişi edən tərəf və qəbul edən tərəf var. Onların hər ikisinin marağı olmalıdır ki nağdsız ödəniş etsinlər.
-Nağdsız ödəmələrin bir yolu da plastik kartla mümkündür. Kartı olmayanlar üçün kiçik bir izah verək, plastik kartı necə əldə etməli?
-Əldə etmək olduqca rahatdır. Şəxsiyyət vəsiqəsi ilə istənilən banka yaxınlaşırsınız və debit kartı əldə edirsiniz. Kredit kartı məsələsində prosedur bir qədər fərqlidir, kredit kartı almaq üçün təyin edilmiş prosedur bankdan kredit götürməklə təxminən eyni prosedurdur. Amma debit kartın açılması çox rahat və sadədir, bu kartları hətta pulsuz da əldə etmək olur, bəzi banklar pulsuz verir. Müştəri hesabına pul yatırıb rahat formada öz kartından hər yerdə istifadə edə bilər.
-Sözügedən proqramı oxudum, orda bəzi qeydlər var elektron ödənişlərin artırılması haqda. Bəzi yerlərdə internetin gücü də zəifdir, ödəmə mümkün olmur. Olk növbədə diqqəti cəlb eləmir, amma internetin gücü də artırılmalıdır, provayderlər, mobil operatorlarla danışılacaq ki internet infrastrukturu daha güclü olsun və internetlə alınan malların mütəriyə çatdırılması mexanizmi təkmilləşsin. Bu nə qədər vacib problemdir ki Nağdsız Ödənişlərin Genişləndirilməsi Proqramında öz əksini tapıb?
-Bu Proqramın bir tarixçəsi var, Proqram hazırlanarkən biz Mərkəzi Bank olaraq beynəlxalq ekspertlərlə çox böyük tədqiqat işləri apardıq. Nağdsız ödənişləri inkişaf etdirmək üçün aysberqin görünməyən tərəflərini də nəzərə almaq lazımdır. Biz müəyyən etməyə çalışdıq ki burda nə problemlər var ki biz onu görəndə deyək ki bu ödənişin inkişafına bu problem mane olur. Vurğulanan sahələrdən biri də məhz bölgələrdə internetin yetərli surətdə olmamasıdır. İnternetə ölkəmizin hər yerində çıxış var, smartfonlar geniş yayılıb. Amma danılmazdır ki internetin sürəti elektron ticarət üçün önəmli faktordur, eləcə də nağdsız ödəniş infrastrukturunun fəaliyyəti üçün də vacibdir. Quraşdırılmış 70 min post-terminalın demək olar ki hamısı GSM şəbəkə üzərindən işləyir, yəni mobil şəbəkə ilə fəaliyyət göstərir. Mobil şəbəkə işləmədikdə və yaxud internetin sürəti zəiflədikdə bu da ödənişlərin ödənməsində ləngimə yaradır və haqlı narazılıqlara səbəb olur. Qaldı ki digər məsələ ilə bağlı dediklərinizə, elektron ticarətin inkişafı çox vacibdir. Loqistika tərəfini götürsək heç kim istəməz ki gedib dükanda pulunu ödədiyi məhsulu həftələr sonra evə gətirsinlər. Bu böyük problemdir, üzərində müvafiq qurumlar işləyir və Dövlət Proqramında da bu məsələ öz əksini tapıb. Elektron ticarətin inkişaf etdirilməsi üçün mühim faktor aldığım məhsulun mənə sürətli çatdırılmasıdır.
-Bu problem həll olunacaq?
-Ümidvaram. Bu problem cənab prezidentin təsdiq etdiyi Dövlət Proqramında öz əksini tapıb və bu problemin həlli yolları axtarılacaq.
-Proqramda bir maraqlı məsələ də var, smart banderol qutuları istifadəyə veriləcək. Nə deməkdir smart banderol qutuları?
-Sadə dillə izah etsək, bu gün bizə göndərilən bağlamalar ya ünvana çatdırılmalıdır, ya da özümüz gedib poçtdan götürməliyik. Xatırlayırsınızsa sovet dövründə poçt qutuları vardı, geniş istifadə olunurdu. Təəssüflər olsun ki bu gün o poçt qutuları yoxdur, artıq istifadə edilmir. Elektron ticarətdə də malın vaxtında çatdırılması mühim faktordur. İşləyən adamların vaxtı da olmur iş vaxtı poçta getməyə.
-Elədir, ASAN Xidmət buna görə 20-00-dək işləyir...
-Bəli. Bayram günləri var, istirahət günləri, iş saatları da həmçinin. Uzadılmış iş rejimində fəaliyyət göstərməkdənsə çox rahat həll yolu tapılıb ki bu da smart banderol qutularıdır. Bu qutular sadə poçt xidmətinin ağıllı – smart variantıdır. Bu bildiyimiz adi poçt qutularıdır, sadəcə ünvan olaraq həmin qutular ünvan kimi göstərilir, mənə baölama gəlirsə həmin qutuya gəlir, mənə də bu barədə SMS bildiriş göndərilir. Bildirişdə deyilir ki sizin məhsul filan ünvandakı smart banderol qutudadır, istənilən vaxt yaxınlaşıb götürə bilərsiniz. 724 işləyən o poçt qutularına yaxınlaşaraq öz kodumu yığram və bağlamamı götürürəm və göndərişimi də o vasitə ilə göndərə bilərəm.
-Bəzən deyirlər ki, ödənişin problemli olduğu sahələrdən biri də yanacaqdoldurma məntəqələridir. Adətən nağd ödəniş tələb edilir.
-Mən bu fikirlə razı deyiləm, çünki özüm də sürücüyəm və yanacaqdoldurma məntəqələrində ödənişi ancaq kartla ödəyirəm. Yanacaqdoldurma məntəqələri post-terminal quraşdırılan azsaylı sahələrdən biridir ki, adətən problem yaşanmır. Çünki bir neçə il ğncə müvafiq dəyişikliklərdən sonra yanacaqdoldurma əməliyyatları kassa üzərindən şəffaf şəkildə həyata keçirilir. Sahibkar da başa düşür ki yanacaqdoldurma məntəqəsində gün ərzində minlərlə manat dövriyyə olur, nağd pul yığılır ki bu da əlavə narahatlıqlar yaradır. Ola bilər ki hansısa ucqar məntəqələrdə post terminalla bağlı problem yaşansın, internet əlaqəsi zəif olsun, texniki problem yaşansın, mümkündür. Amma normalda rastlanan vəziyyət deyil.
ELƏCƏ DƏ BAX: "Pis müştəri"dən "yaxşı müştəri"yə çevrilməyə 10 il lazımdır - MÜSAHİBƏ