Azərbaycanın bank sektorunun sağlamlaşdırılması sahəsində Maliyyə Bazarlarına Nəzarət Palatasının gördüyü mühim işlərdən biri də Azərbaycan Kredit Bürosunun (AKB) yaradılmasına dəstək verilməsidir. Bildiyiniz kimi AKB ölkədə fəaliyyət göstərən 8 bankın təsisçiliyi ilə yaradılmışdır.Bu addımın əhəmiyyətini indi həm müştərilər, həm də banklar anlayır.
FED.az Bank müştərilərinin kredit tarixçələri, problemli müştərilər və onların banklara münasibəti, kredit tarixçələrinin necə və harada istifadə olunması ilə bağlı Azərbaycan Kredit Bürosunun baş direktoru Elçin Həbibovun «ASAN Radio»da yayımlanan «Bank Saatı» verilişinə müsahibəsini təqdim edir. Qeyd edək ki, «Bank saatı» verilişi Azərbaycan Beynəlxalq Bankı və «ASAN Radio»nun birgə layihəsidir.
- Elçin müəllim, bir neçə il əvvəl Azərbaycanda Kredit Reyestri vardı. Bu xidmət müştərilərin kredit tarixçələri – yəni kim nə vaxt nə qədər kredit götürüb, necə ödəyib – bütün bu məlumatlar reyesterdə qeyd olunurdu.
- Mərkəzləşdirilmiş Kredit Reyesteri indi də mövcuddur. Bu reyestr 2005-ci ildən yaradılıb. Lakin indi funksiyaları nəzarət istiqamətinə yönəldilib. Aprel ayında banklar haqqında qanuna edilmiş dəyişiklikdən sonra Kredit Reyesterindən məlumatların istifadəçilərə təqdim edilməsi xidməti dayandırılıb. Amma onlar məlumat toplamağa davam edirlər. Kredit Reyesteri bank fəaliyyətinə nəzarət olunması, trendləri müəyyənlədirmək üçün nəzərdə tutulmuş məlumatları birbaşa mənbədən əldə etmək üçündür. Hansı ölkələrdə ki Kredit Bürosu yaradılmayıb, o halda Kredit Reysterləri o yükün böyük hissəsini öz çiyninə götürür.
ELƏCƏ DƏ BAX: “Kimsə mənim və qohumlarımın adına bircə səhm tapsa, ona bağışlayacam” - MÜSAHİBƏ
- AKB nədir, niyə yaradılıb, hazırda hansı işlə məşğuldur?
- Kredit Bürosu borcalanların maliyyə öhdəliyi haqqında məlumatlar toplayan, onların risk təhlilini aparan, istifadəçilərin sorğusu əsasında təqdim edən hüquqi şəxsdir. Kredit Bürosunun fəaliyyəti nəticəsində kredit qərarlarının daha effektiv, operativ həyata keçirilməsi mümkündür. İki mühüm faktor rol oynayır. Birincisi, risklərin idarə olunması daha rahat olur. İkincisi isə maliyyəyə çıxış imkanlarının, xüsusilə də biznes imkanları – kiçik və orta sahibkarların maliyyə resurslarına çıxış imkanları artır.
- Deməli söhbət ondan gedir ki, biz – yəni istehlakçılar, sahibkarlar kredit götürəndə bütün məlumatlar Kredit Bürosuna toplanır. Hansı bank bizə kredit ayırır, daha sonra o məlumatı Kredit Bürosuna ötürür, sonra biz krediti necə ödəyiriksə o məlumatları da Kredit Bürosuna təqdim edir. Sabah bizə başqa bir bankdan kredit almaq lazım olsa o bank mənim nə qədər məsuliyətli və etibarlı olmağımı Kredit Bürosuna müraciət edərək haqqımda dosye əldə edə, oradan öyrənə bilər. Bu məlumatlar həm də şirkətlərə aiddir, elədir?
- Bəli. Kredit Bürolarının yaradılmasının əsas məqsədi ondan ibarətdir ki, bazarda həm fiziki, həm də hüquqi şəxsin risk profilini yaratsın. Şəxsin borcla bağlı bütün kreditləri, öhdəlikləri, cərimələri, haqqında neqativ məlumatlar varsa onları, borcla bağlı məhkəmə qərarları – bütün bunlar Kredit Bürosuna inteqrasiya olunmuş olacaq.
- Bu məlumatlar hansı formada saxlanılır? Elektron?
- Təbii ki. Kredit Bürosu ilə bağlı bir məsələni qeyd etmək istəyərdim ki, yaradıldığımız gündən bu yana çox da uzun müddət keçməyib. Yanvar ayının 5-də qeydiyyatdan keçdik, amma sistemin istismara verilməsi, banklarla müqavilə imzalamaq və məlumatların inteqrasiyası mart ayınadək çəkdi. Sistemimiz martın 6-da istismara verildi. Məlumatın həm alınması, həm ötürülməsi tam avtomatlaşıb. Əlavə olaraq qeyd etmək istərdim ki, Kredit Bürosunun hal-hazırda olan sistemi bizim başladığımız sistemin yenilənmiş versiyasıdır, tam test olunmuş versiyadır. Həm banklarla, həm də bank olmayan kredit təşkilatları ilə məlumat inteqrasiyası var, məlumat təchizatçıları üçün də əlverişli formadır. Texnologiyamız paralel sorğuları, sistemin dayanıqlılığını təmin edir.
- Elçin müəllim, tutaq ki hər hansı bank mənim haqqımda sorğu verib kredit borcumu öyrənmək istəyir. Kredit Bürosundan o məlumatı hansı formada alır? Sadəcə cədvəllər alır mənim borcum hansı formada ödənilib, gecikməm olubmu? Yoxsa orada sadəcə mənim yaxşı və ya pis müştəri olmağımla bağlı nəsə yazılır?
- Kredit hesabatı kredit tarixçələri əsasında formalaşan bir sənəddir. Bu sənəd cədvəllərdən ibarətdir.Sənəddə hər bir şəxsin kredit məlumatlarının icmalı öz əksini tapır. Bu icmalda son 10 il ərzində müşərinin kredit öhdəlikləri, ödəyib bitirdiyi kredit haqqında informasiyalar olur.
- Deməli 10 il əvvəl aldığımız kreditdə ləngimələr olubsa sistemdə bu görünməyəcək?
- Elədir.
- Hazırda Kredit Bürosunda neçə nəfərin kredit informasiyası var?
- Hal-hazırda Kredit Bürosunda 2milyon 900 min insan haqqında kredit tarixçəsi var. Bu əhalinin təxminən 30 faizi deməkdir, iqtisadi fəal əhalinin isə böyük hissəsidir.
- Deməli indiyədək ölkəmizdə 2 milyon 900 min nəfər kredit götürüb. Bəs zaminlər haqqında məlumatlar necə, toplanır?
- Bəli, hazırda bazada 1 milyon 300 min zamin haqqında məlumat toplanıb. Onların cəmi 345 mini aktiv kreditə zamindir.
- Zamin dayananlar azalır deyəsən..
- Trenddə azalma var, bəli. Artıq insanlar həm kredit götürməyə, həm də zamin durmağa daha məsuliyyətli yanaşırlar. Düşünürəm ki bu düzgün yanaşmadır. Çünki Azərbaycan qanunvericiliyinə əsasən kredit verilərkən zamin duran şəxs krediti alan şəxslə eyni hüquqa malikdir, eyni məsuliyyəti daşıyırlar.
- Məsələn, mən bir şəxsə zamin durmuşam, o da krediti qaytarmayıb. Təbii ki onun tarixçəsi korlanır, Reyestrdə haqqında mənfi rəy əks etdirən tarixçə yaranır. Bəs mənim haqqımda sorğu olsa nə deyəcəksiniz? Zamin durduğu insan krediti qaytarmayıb ya necə?
- Əgər zamin durduğunuz kredit vaxtında ödənilməyibsə bu sizin üçün mənfi rəydir.
- Bank bu məlumatı əsas gətirərək zaminə kredit verməkdən imtina edə bilər?
- Ümumiyyətlə bank kredit verərkən borcalanı çox dərindən analiz edir. Cari öhdəlikləri ilə yanaşı zamin olduğu öhdəliklərə də baxır. Maliyyə Bazarlarına Nəzarət Palatasının qəbul etdiyi bir sənəd var, orada müvafiq limitlər var ki, gəlirlərin xərclərə nisbəti hansı limitdən artıq olanda o kredit götürə bilər. Zaminin öhdəlikləri də həmin çərçivədə hesablanır.
- Deməli hətta mən kredit götürməmişəmsə, zamin durmuşamsa hansısa banka müraciət edəndə mənə deyə bilərlər ki sizə 50 min manat limitində kredit ayrılması mümkün idi, lakin kiməsə zamin durmaqla o limiti bitirmisiniz.
- Bəli, ola bilər.
- Kredit tarixçəsinin pis olması nə ilə nəticələnir? Tutaq ki bank sizə müraciət etdi ki bu müştərinin kredit tarixçəsi necədir? Reyestr məlumat təqdim etdi ki bu müştəri problemlidir? Bank bu məlumata rəğmən özü istəsə kredit verə bilər həmin adama?
- Kredit bürosu heç bir halda bu məlumat mübadiləsinin nəticəsinə - yəni borcalanla kreditor arasındakı münasibətlərə qarışmır. Biz yalnız məlumatları ötürürük.
- Deməli bank məlumatı sizdən alıb analiz edəndən sonra istəsə həmin müştəriyə kredit verə bilər.
- Bəli, özü qərar verir.
- Tutaq ki bir nəfər bir neçə dəfə kredit götürüb, yaxşı qaytara bilməyib. Sonra kreditini bağlasa da kredit tarixçəsi artıq korlanıb. Bu insan neyləsin? Bir də kredit almasın? O öz tarixçəsini necə təmizləyə bilər?
- Ümumiyyətlə, kredit tarixçəsinin korlanmamasına çalışmaq lazımdır. Amma hər hansı bir səbəbdən artıq korlanıbsa növbəti mərhələdə artıq ondan daha böyük təminat istənəcək. Yenə kredit ala bilər, amma əvvəlki məbləğlərdə olmayacaq, az miqdarda veriləcək. Yəni riskli müştəri olduğu üçün az kredit ayrılacaq.
- Deməli daha ağır şərtlərlə və daha az məbləğlərlə öz kredit tarixçəsini təmizləyə bilir.
- Bəli.
- Kredit Bürosunun məlumatlarına müştərinin özü baxa bilər, bu aydındır. Başqa kimlər baxa bilər? Bu xidmət pulludur ya pulsuz?
- Şəxsin özü bir təqvim ilində iki dəfə müraciət etməklə məlumatlara ödənişsiz baxa bilər. Digər hallarda müvafiq ödənişi ödəməklə baxılması mümkündür. Məbləğ simvolikdir, cüzi miqdar təyin olunub. Şəxs cəmi 1 manat ödəməklə istədiyi vaxt kredit tarixçəsinə baxa bilər.
- Öz tarixçəsi ilə maraqlananlar var?
- Biz bu xidməti ASAN 1 xidmətində göstəririk, bank saatları çərçivəsində həyata keçiririk. Kredit Bürosunun fəaliyyətdə olduğu müddət ərzində 7164 nəfər şəxs öz kredit tarixçəsini öyrənmək üçün müraciət edib.
- Tutaq ki kimsə məndən borc istəyir, mən ondan kredit tarixçəsini tələb edə bilərəm? Belə hallar olur?
- Ola bilər ki olsun, amma bizə gəlib çatmır. Müraciət edən sadəcə tarixçəsini istəyir və əldə edir. Əldə etdikdən sonra özündə saxlaması və ya kiməsə verməsi öz hüququdur.
- Bu məlumata internetdə baxmaq olur?
- Olur. Bizdə bunun üçün distant müraciət forması var. Müvafiq ərizə ilə Büroya müraciət edilir, bunu ya elektron imza ilə təsdiqləməli, ya da notarial qaydada yaxınlaşıb təsdiqləməlidir. Elektron imzası olan insanlar üçün internetdən müraciət etmək çox rahatdır.
- Şəxsin həyat yoldaşı onun kredit tarixçəsini əldə edə bilər?
- Bu tarixçə hər bir şəxsin özünə təqdim edilir, bu fərdi məlumatdır. Həyat yoldaşı olsa da ikinci şəxsə təqdim edilmir.
- Belə bir hal ola bilər ki banka kimsə kredit üçün müraciət etsin, bank da sizə müraciət etsin, siz də araşdırıb görəsiniz ki bu adam ömründə kredit götürməyib. Belə olan vəziyyətlərdə şəxsin kreditinə qarşı məsuliyyətli olub-olmadığını necə bilmək olar?
- Bu bütün dünyada trenddir. Yeni müştəri bazara girir və onun qiymətləndirilməsi üçün hər bankın öz individual yanaşma tərzi var. Bildiyim qədəri ilə bazarda “ilk tarixçənizi bizimlə aç” adlı kampaniyalar da var. Bu normal yanaşmadır, dünya praktikasına uyğundur. Banklar bu halda kredit kartları verir və ya kiçik həcmli kreditlər açırlar. Müddət keçdikcə şəxsin kredit tarixçəsi formalaşır. Bunun əsasında bank növbəti qiymətləndirmələrdə şəxsin tarixçəsinə baxa bilir.
- Büroda banklardan və qeyri-bank təşkilatlarından başqa hansı məlumatlar var?
- Hazırda Büronun 120 təşkilatla müqaviləsi mövcuddur. Bunlardan 30-u bank, 47-si bank olmayan kredit təşkilatı, 14-ü ləğv prosesində olan bank, 22 sığorta şirkəti, Mərkəzi Bank, 3 mobil operator və 3 kommunal xidmət operatorudur.
- Deməli, hər hansı bir bank Kredit Bürosuna müraciət edəndə məlum olur ki, bu adamın kredit tarixi haqqında məlumat yoxdur. O zaman baxırlar ki bu adam öz telefon ödənişlərini necə ödəyir, kommunal borcu varmı.
- Bəli, ən azından onun mobil borcları üzrə tarixçəsini öyrənmək olar. İndiki dövrdə hər şəxsin telefonu var. Telefon öz adınadırsa müvafiq müraciət etməsindən sonra təbii ki öz razılığı ilə Büroya Müraciət edilir, sorğu göndərilir. Nömrə əsasında onun haqqında məlumat verə bilirik ki, bu şəxs nə qədər istifadə edir, nə qədər ödəyir. Əgər böyük problemləri varsa bu görünür.
- Siz dediniz ki kommunal xidmətlər də sistemə qoşulub.
- Bəli, Azərsu, Azərişıq, Azəriqaz.
- Deməli kimsə qazın, işığın pulunu gecikdirirsə bilsin ki nə vaxtsa kredit götürəndə bu gecikmələr haqqında mənfi rəy yarada bilər.
- Bəli.
- Elçin müəllim, ola bilər ki hansısa təşkilat sizin Büronun üzvü deyil, amma müştərinin tarixçəsinə baxmaq istəyir.
- Xeyr, Kredit Bürosunun üzvü olmayan təşkilatın Bürodan məlumat alması mümkün deyil. Çox zərurət olarsa şəxsin özündən bunu istəyə bilər, şəxs hesabatı bizdən alar, o da şəxsdən əldə edər.
- Təcrübə göstərir ki, əvvəllər insanlar kredit götürəndə çox da fikirləşmirdilər ki onu qaytara biləcəklərmi geri. Yəni bir növ təcrübəsiz idilər. Amma sonralar problemlər yarananda daha çox ehtiyyatlanmağa başladılar, indi tərəddüdlə kredit götürərlər. Bu işinizdə hiss olunur?
- Təcrübə bir qədər subyektiv yanaşmadır. Bunu digitallaşdırmaq mümkün deyil. Düşünürəm ki, müştəri-bank prizmasından baxsaq onlar bunu daha çox hiss edə bilərlər. Amma mənim müşahidələrim onu göstərir ki, artıq həm borcalanlar, həm də borcverənlər bu məsələyə daha məsuliyyətli yanaşırlar. Bununla bağlı banklarda böyük risk idarəetmə alətləri qurulub və bu istiqamətdə böyük layihələrə imzalar atılır. Bir müddət sonra biz görəcəyik ki kreditlər tam onlayn verilir.
- Kredit Bürosundan kredit tarixçəsini almaq banklardan başqa hansı qurumlara lazım ola bilər? Bankdan kredit alarkən tələb olunur bu tarixçə, başqa harda tələb edilə bilər?
- Kredit tarixçəsi bir şəxsin təkcə kredit qabliyyətini əks etdirmir. Nisyə mal alqı-satqısı edən şirkətlər, lizinq şirkətləri, mal satışını hissə-hissə həyata keçirən şirkətlər də bu məlumatlara ehtiyac duya bilər. AKB-nin onlarla bir layihəsi var. Bu şirkətlər Kredit Büroya üzvlüyə hazır olanda biz onların da Büromuzda təmsilçiliyini təmin edəcəyik. Əsas məsələ onların həmin məlumatlara çıxışıdır, eyni zamanda onların məlumatları da Kredit Bürosu bazasına xüsusi qatqı verir.
"Pis müştəri"dən "yaxşı müştəri"yə çevrilməyə 10 il lazımdır - MÜSAHİBƏ
09:45
11 Dek 2018