Qazaxıstan Respublikasının Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyinin sədri Mədinə Abılkasımovanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri baş tutub.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, səfər zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov Qazaxıstan nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Mərkəzi Bankın sədri Bank tərəfindən həyata keçirilən “2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası” və onun çərçivəsində icra olunan strateji təşəbbüslər barədə geniş məlumatı Qazaxıstan nümayəndə heyətinin diqqətinə çatdırıb.
Görüş zamanı Qazaxıstan Respublikasının Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyinin sədri tərəfindən maliyyə sabitliyinin təmin olunması, bank və sığorta nəzarəti sahəsində tətbiq olunan yanaşmalar, həmçinin maliyyə bazarlarının tənzimlənməsi sahəsində Qazaxıstan Respublikasının təcrübəsi haqqında ətraflı məlumat verilib. Həmçinin Qazaxıstanda rəqəmsallaşma istiqamətində həyata keçirilən layihələr və bu istiqamətdə görülən işlərə dair təqdimat keçirilib.
Görüş qurumlar arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanları və ikitərəfli maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.