Ukraynada yaranan son vəziyyətlə əlaqədar Azərbaycan tərəfindən bir neçə dəfə humanitar yüklər göndərilib. Bu çərçivədə göndərilən humanitar yardımlar və yenidənqurma işlərinə dəstəyin həcmi artıq 40 milyon dolları keçib.
Azərbaycan Ukraynaya 1 milyon dollar yardım ayırdı - SƏRƏNCAM
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Energetika Nazirliyinin Elektrik və istilik enerjisi şöbəsinin müdiri Ələsgər Həsənov deyib.
O bildirib ki, müharibə nəticəsində Ukraynada elektrik enerjisi təsərrüfatına dəyən zərərin aradan qaldırılması, dayanıqlı enerji infrastrukturunun formalaşdırılması üçün Azərbaycandan Ukrayna tərəfinin istəyinə uyğun olaraq müxtəlif elektrik avadanlıqları, naqillər, kabellər göndərilib:
"Göndərilənlər arasında 70-dək generator, milyonlarla metr naqil və kabeli qeyd etmək olar. Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq 1 milyon ABŞ dollarının manat ekvivalenti həcmində vəsait ayrılıb. Buna uyğun olaraq elektrik avadanlıqlarının göndərilməsi nəzərdə tutulub".
Ələsgər Həsənov qeyd edib ki, göndərilən elektrik avadanlıqları Azərbaycan istehsalıdır. (Trend)