2025-ci ildə Azərbaycanda hüquqi şəxslərə digər subsidiyaların əhəmiyyətli artımı fonunda dövlət müəssisələrinə yönəldilən subsidiyalar azalıb, aparılan təhlillər bu azalmanın əsasən subsidiyaların uçotundakı təhriflərdən qaynaqlandığını göstərib.
İlham Əliyev: «Bir dəfə bir məhsula bu qədər subsidiya veririk və bu 10 il davam edir, belə olmaz»
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.
Sənədə əsasən, hesabat ilində dövlət büdcəsində subsidiyalar üzrə 1 milyard 167,1 milyon manat vəsait icra edilib ki, bu da dövlət büdcəsi xərclərinin 3 %-ni təşkil edir (2024-cü ildə 2,8 %). 2025-ci ildə subsidiyalar təsdiq edilmiş məbləğlə müqayisədə 12,7 %, dürüstləşmiş proqnozla müqayisədə 6,5 % az, 2024-cü ilin icrası ilə müqayisədə isə 10,7 % çox icra edilib.
2024-cü illə müqayisədə cəmi subsidiyalar artsa da, dövlət müəssisələrinə subsidiyalar azalıb, subsidiyaların artımına əsas təsir hüquqi şəxslərə digər subsidiyalardan qaynaqlanmışdır. Belə ki, hesabat ilində dövlət müəssisələrinə subsidiyalar 55,6 milyon manat (11,4 %) azalıb, qeyri-dövlət müəssisələrinə və hüquqi şəxslərə digər subsidiyalar isə müvafiq olaraq 4,6 milyon manat (5,2 %) və 163,8 milyon manat (34,2 %) artıb.
Nəticədə əvvəlki illərdən fərqli olaraq, hüquqi şəxslərə digər subsidiyalar cəmi subsidiyalarda ən yüksək paya (əvvəlki illərdə ən yüksək xüsusi çəki dövlət müəssisələrinə subsidiyalara aid olub) sahib olub. Hüquqi şəxslərə digər subsidiyalardakı artım əsasən dövlət zəmanəti verilmiş kreditlər üzrə faizlərin subsidiyalaşdırılması və problemli kreditlərin həlli ilə bağlı maliyyə təminatına, ictimai nəqliyyat sahəsində islahatlara və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ayrılan subsidiyalarla bağlıdır.













