Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda debet və kredit kartları vasitəsilə 8,370 mlrd. manat həcmində nağdsız ödənişlər həyata keçirilib.
Eləcə də bax: Nağdsız hesablaşmalara dair yeni hədd - MÜƏYYƏNLƏŞDİRİLİR
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında aparılan hesablamalara görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 73% çoxdur.
Sözügedən nağdsız ödənişlərin 32 mln. manatı ATM-lər, 3,120 mlrd. manatı POS-terminallar, 5,218 mlrd. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.
Təkcə oktyabrda 1,154 mln. manatlıq nağdsız ödənişlər həyata keçirilib ki, bu da sentyabr ayı ilə müqayisədə 4,2% çoxdur. Oktyabrda nağdsız ödənişlərin 2 mln. manatı ATM-lər, 349 mln. manatı POS-terminallar, 803 mln. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.
Qeyd edək ki, oktyabrda POS-terminallar vasitəsilə aparılan və elektron ticarətdə həyata keçirilən nağdsız ödənişlərin həcmində yeni tarixi rekordlar qeydə alınıb.