Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda qiymətli kağızlar bazarının həcmi 9,2 mlrd. manat təşkil edib.
Bu barədə FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.
Məlumatda deyilir ki, ötən ilin ilk 9 ayı ilə müqayisədə həm əməliyyatların sayında, həm də ayrı-ayrı bazar seqmentlərində artım müşahidə edilib. Belə ki, korporativ qiymətli kağızların təkrar bazarı 3 dəfə artaraq 1,1 mlrd. manatı ötüb, dövlət qiymətli kağızlar bazarı 8 dəfə artaraq 3 mlrd. manat, törəmə maliyyə alətləri bazarı isə 15% artaraq 3,7 mlrd. manat olub.
Hesabat dövründə real sektor təmsilçilərinin və maliyyə institutlarının fond bazarı vasitəsilə öz kapitallarını artırmaq təşəbbüsləri korporativ qiymətli kağızlar bazarının səhm seqmentində əməliyyatların həcminin 58% (və yaxud 404 mln. manat) artaraq 1,1 mlrd. manat təşkil etməsinə səbəb olub. Ümumilikdə, səhmlərin ilkin bazarında bağlanan əqdlərin məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə artaraq 1 mlrd. manatı üstələyib.
9 ay ərzində korporativ istiqrazlarla bağlanmış əqdlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 82% azalaraq 1,3 mlrd. manat olub. Digər tərəfdən hesabat dövründə xarici valyutada yerləşdirilmiş korporativ istiqrazların həcmi 5 dəfə artaraq 109,4 mln. manata çatıb. Eyni zamanda, korporativ istiqrazların həm milli, həm də xarici valyutada təkrar bazarında əhəmiyyətli artım müşahidə olunub. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə manatla təkrar bazarın həcmi 14,6 dəfə artaraq 753 mln. manat, xarici valyutada isə 22 dəfə artaraq 284 mln. manat təşkil edib.
Yanvar-sentyabrda Azərbaycan Mərkəzi Bankı (AMB) milli valyutaya olan təzyiqlərin azaldılması məqsədilə manat kütləsinin sterilizasiyasını not buraxılışı vasitəsi ilə həyata keçirib. Məhz not buraxılışı dövlət qiymətli kağızları bazarında əməliyyatların həcminin artım dinamikasını müəyyən edib.
Hesabat dövründə dövlət qiymətli kağızları bazarında əqdlərin 83%-ni (və yaxud 2,5 mlrd. manatını) AMB-nin notları ilə ilkin bazarda bağlanan əqdlər təşkil edib. Bununla belə, sözügedən notlar nəzərə alınmadan da dövlət qiymətli kağızlar bazarında müsbət dinamika müşahidə olunub - bu seqment ötən ilin müvafiq dövrü ilə müqayisədə 33% və ya 126,3 mln. manat artıb. Notların ilkin bazarında bağlanmış əqdlər üzrə orta çəkili gəlirlilik 10,91% təşkil edib.
9 ay ərzində qısa və ortamüddətli dövlət istiqrazları ilə 506,4 mln. manat məbləğində əqd bağlanıb. Qısamüddətli dövlət istiqrazlarının ilkin bazarında (472,7 mln. manat) bağlanmış əqdlər üzrə orta çəkili gəlirlilik 13,67% olub. Dövlət istiqrazları ilə təkrar bazar əqdlərinin məbləği 33,7 mln. manat təşkil edib.
Yanvar-sentyabrda ərzində Bakı Fond Birjasının törəmə maliyyə alətləri platformasında ümumi məbləği 3,4 mlrd. manat olan valyuta əsaslı və ümumi dəyəri 307,4 mln. manat olan əmtəə əsaslı törəmə maliyyə alətləri ilə ticarət əməliyyatları həyata keçirilib. Ümumilikdə törəmə maliyyə alətləri bazarının ümumi həcmi 3,7 mlrd. manat olub və ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% artıb.
Hesabat dövründə qiymətli kağızlarla keçirilən repo əməliyyatlarının ümumi məbləği 11,6 mln. manat olub. Bunun 85%-ni (9,9 mln. manatını) dövlət istiqrazları ilə olan 15 repo əməliyyatı təşkil edib. Korporativ istiqrazlarla 1,7 mln. manat məbləğində 2 repo əməliyyatı aparılıb.
9 ay ərzində 7,2 mlrd. manat və 3,1 mlrd. ABŞ dolları məbləğində qiymətli kağızların dövlət qeydiyyatı həyata keçirilib. Həmçinin 349 min avro məbləğində korporativ istiqrazların buraxılışı dövlət qeydiyyatına alınıb.
Yanvar-sentyabrda ümumi məbləği 2,3 milyard manat olan 40 səhm dövlət qeydiyyatına alınıb. Bunlardan 1,2 mlrd. manatı kredit təşkilatları, 54,7 milyon manatı sığorta şirkətləri, 963 milyon manatı isə digər təşkilatlara məxsusdur.
Hesabat dövründə 205 mln. manat və 1051,4 mln. ABŞ dolları məbləğində 35 korporativ istiqrazlar dövlət qeydiyyatına alınıb. Cari ilin mart ayında uzun fasilədən sonra ilk dəfə avro ilə 349 min avro məbləğində 1 korporativ istiqrazın (sonuncu dəfə 2011-ci ildə) dövlət qeydiyyatı həyata keçirilib. Dövr ərzində kredit təşkilatlarına məxsus ümumilikdə 3,7 mln. manat və 1002,2 mln. ABŞ dolları məbləğlərində 20 korporativ istiqrazlar dövlət qeydiyyatına alınıb.
9 ay ərzində ümumilikdə 3,9 mlrd. manat məbləğində dövlət qiymətli kağızları qeydiyyata alınıb. Dövr ərzində Maliyyə Nazirliyinin ümumi məbləği 700 mln. manat olan dövlət istiqrazları və AMB-nin ümumi məbləği 3,2 mlrd. manat olan notları dövlət qeydiyyatına alınıb.
Yanvar-sentyabrda 3 mlrd. ABŞ dolları və 800 mln. manat məbləğində ümumilikdə 9 veksel buraxılışı dövlət qeydiyyatına alınıb.
Hesabat-sentyabr 2017