Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 1,2 mlrd. ABŞ dolları məbləğində qiymətləndirilib.
Eləcə də bax: Azərbaycandan Türkiyəyə pul köçürmələri - 24% Artıb
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) verdiyi məlumata görə, daxilolmaların həcmi 742,6 mln. dollar, ödənişlərin həcmi isə 442 mln. dollar təşkil edib. Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 91,8%-i xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 6,7%-i ölkəyə gətirilən humanitar və yardım mallarının dəyəri, 1,5%-i isə digər daxilolmalar təşkil edir.
AMB-ə görə, hesabat dövründə Azərbaycana göndərilən pul baratlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 1,6% azalaraq 681,9 mln. dollar, ölkədən çıxarılan pul baratlarının həcmi isə 23,2% artaraq 383 mln. dollara çatıb. Nəticədə pul baratları üzrə müsbət saldo illik müqayisədə 21,7% azalaraq 298,9 mln. dollara bərabər olub. Bütövlükdə, cari əməliyyatlar hesabının komponenti olan təkrar gəlirlər üzrə əməliyyatların profisiti illik müqayisədə 23,8% azalaraq 300,6 mln. dollara enib. (Apa)