Son aylar beynəlxalq kriptoalyuta olan bitkoinin sürətli bahalaşması və onun ətrafında baş verən poosesər bütün dünyada investorların diqqət mərkəzindədir. FED.az-ın məlumatına görə, indiyədək heç bir maliyyə və investisiya alətinin qiyməti belə sürətlə artmayıb.
Belə ki, təkcə son 1 il ərzində bitkoin 23,7 dəfə bahalaşaraq ötən il dekabrın 15-dəki 745 dollardan bu gün 17 600 dolara çatıb. Artımın bundan sonra da davam edəcəyi gözlənilir.
Belə sürətli bahalaşma nəinki özəl investorların, hətta rəsmi qurumların və iri maliyyə təşkilatların, o cümlədən investisiya qurumlarının da diqqətini cəlb edib.
Artıq Azərbaycanda iri təşkilatların bu alətə yatırım etməsi ilə bağlı çağırışlar səslənir. Bəzi bitkoin istifadəçiləri ehtimal edir ki, bu sahəyə vaxtında yatırım etməklə indiyədək ölkəyə böyük vəsait gətirmək mümkün idi.
Doğrudan da, sadə hesablamalara görə, bu ilin əvvəlində bitkoinə 10 milyon dollar yatırılsaydı, hazırda 237 milyon dollara, ilin əvvəlində 100 milyon dollar yatırılda isə 2 milyard 370 milyon dollara sahib olmaq mümkün idi.
Amma ölkənin əsas investoru sayılan Neft Fondu bitkoinlərə o qədər də etibar etmir. Fonddan FED.az-ın sorğusuna cavab olaraq bildirilib ki, fond bu bazarı izləsə də, onun böyük risklər daşıdığını və gələcəyi ilə bağlı «ciddi sualların olduğunu» hesab edir.
Fonddan bildirilib ki, ARDNF-in əsas fəaliyyəti vəsaitlərin idarə edilməsi sahəsidir və bir institusional investor olaraq Fond da dünya maliyyə bazarlarını, o cümlədən yeni trendləri daima izləyir və öz investisiya strategiyasında bunları nəzərə alır.
Ayrılıqda kriptovlayutalar bazarı xüsusi olaraq izlənilmir, lakin onların ümumi inkişaf trendləri, hazırki investor bazası, fərqli investorların bu barədə fikirləri öyrənilir, müvafiq araşdırmalar aparılır.
Fonddan xatırladıblar ki, ARDNF-nin investisiya fəaliyyəti, Azərbaycan Prezidenti tərəfindən təsdiq edilən İnvestisiya Qaydaları, İnvestisiya Siyasəti kimi müvafiq aktlarla tənzimlənir: «Amma bu sənədlərdə də nə potensial maliyyə aktivi, nə də valyuta kimi kriptovalyutalar yer almır və hal-hazırda da bununla bağlı hər hansı bir dəyişiklik nəzərdə tutulmur».
Fondun ekspertləri kriptovalyutalar bazarı ilə bağlı mövqelərini də açıqlayıblar: «Ümumiyyətlə hal-hazırda kriptovalyutalar dayanıqlı bir maliyyə aktivi və ya valyuta kimi hər hansı bir fundamental dəyərə əsaslanmır və bu alətlərə daha çox individual investorlar tərəfindən spekulyativ məqsədlərlə yatırımlar edilir. Təbii ki, çox yüksək volatillik, bu bazarın tənzimlənməməsi və istər dövlət, istərsə də maliyyə qurumlarının yüksək çinli rəsmiləri tərəfindən daima bu barədə narahatlıqlar onların gələcəyi ilə bağlı əsaslı suallar yaradır».
Azərbaycan Neft Fondundan - BİTKOİN AÇIQLAMASI
10:02
15 Dek 2017