Azərbaycanın 2027-ci il dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri 42 milyard 400 milyon manat proqnozlaşdırılır.
FED.az xəbər verir ki, bu göstəricilər Milli Məclisin saytında dərc edilmiş “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihədə büdcə kəsirinin yuxarı həddi 3 milyard 146 milyon manat müəyyənləşdirilib. Kəsirin özəlləşdirmə, daxili və xarici borclanma, həmçinin vahid xəzinə hesabının sərbəst qalığı hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.
Müdafiəyə 8,8 milyard, investisiyalara 5,3 milyard manat
Müdafiə və milli təhlükəsizliyə təxminən 8 milyard 816 milyon manat, təhsilə 5 milyard 99 milyon manat, sosial müdafiə və sosial təminata 4 milyard 914 milyon manat, səhiyyəyə 2 milyard 84 milyon manat ayrılması planlaşdırılır.
Dövlət əsaslı vəsait qoyuluşu üçün 5 milyard 300 milyon manat nəzərdə tutulub.
Gəlirlərdə ƏDV üzrə 9 milyard 386 milyon manat, mənfəət vergisi üzrə 6 milyard 983 milyon manat daxilolma proqnozlaşdırılır.













