Bakıda Türk Dövlətləri Qiymətləndiricilərinin III Beynəlxalq Forumu başa çatıb.
FED.az xəbər verir ki, forumda Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasına (CAATS) üzv olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin, qonaq qismində isə Rusiya, Belarus və Gürcüstan qiymətləndirmə birliklərinin rəhbərləri və nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edərək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin məzarı önünə əklillər və gül dəstələri düzüblər.
Mayın 31-də Bakı Konqres Mərkəzində Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) İdarə Heyətinin toplantısı keçirilib. Toplantıda qurumun gələcək fəaliyyət istiqamətləri ilə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib. Qarşılıqlı əməkdaşlığın artırılması, türk dövlətləri qiymətləndiricilərinin vahid qiymətləndirmə standartları və vahid məlumat bazasının hazırlanması ilə bağlı işçi qrupları yaradılıb. CAATS-ın 2024-cü il üçün Fəaliyyət Planı təsdiq edilib. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Şuranın prezidenti, Türkiyə Qiymətləndirmə Mütəxəssisləri Birliyinin sədri Yaşar Bahçeci vitse-prezidenti, Türkiyə Qiymətləndirmə Mütəxəssisləri Birliyinin icraşı direktoru Emrullah Acar isə İcraiyyə Komitəsinin sədri seçilib.
İyunun 1-də isə Bakı Konqres Mərkəzində Türk Dövlətləri Qiymətləndiricilərinin III Beynəlxalq Forumu öz işinə başlayıb. CAATS prezidenti Vüqar Orucun açılış nitqindən sonra Maliyyə nazirinin müavini Azər Bayramov, Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının rəhbəri Azad Cəfərli, Milli Məclisin deputatları – Məşhur Məmmədov, Vüqar Bayramov, Aydın Hüseynov, “YapıKredi Bank”ın İdarə Heyətinin sədr müavini Şəhla Səmədova, Türkiyə Qiymətləndirmə Mütəxəssisləri Birliyinin sədri Yaşar Bahçeci, Qazaxıstan Qiymətləndiricilər Palatasının sədri Aydar Kurmanqalıyev, Özbəkistan Qiymətləndiricilər Cəmiyyətinin sədri Nargiza Mirzaraximova, Qırğızıstan Qiymətləndiricilər İttifaqının sədri Sovetbek Zakirov, Türkmənistan Qiymətləndiricilər Cəmiyyətinin sədri Sergey Mineyev, Rusiya Qiymətləndiricilər Birliyinin sədri Yulia Usova, Belarus Qiymətləndiricilər Cəmiyyətinin sədri Svetlana Yurenia, Gürcüstan Qiymətləndiricilər Cəmiyyəti Giorgi Lejava və Şimali Kipr Türk Cümhuriyyətinin Qiymətləndirmə Mütəxəssisləri Birliyinin sədri Kutay Ramiz çıxış edərək qonaqları salamlayıb və türk dövlətləri qiymətləndiriciləri arasında əməkdaşlığın artırılmasının əhəmiyyətindən bəhs ediblər. Tədbirdə İqtisadiyyat Nazirliyinin, Mərkəzi Bankın, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və digər dövlət qurumlarının rəsmiləri də iştirak ediblər.
Tədbirin panel müzakirələrində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Rusiya, Belarus və Gürcüstandan olan qiymətləndirmə mütəxəssisləri sektorunun mövcud vəziyyəti ilə bağlı təəssüratlarını bölüşüblər. “Ortaq Türk qiymətləndirmə standartları və qiymətləndirmə bazarı” və “Qiymətləndirici peşəsinin inkişafı-beynəlxalq və regional perspektivlər” panellərinin moderator və spikeləri türk dövlətləri qiymətləndiricilərinin vahid qiymətləndirmə standartlarının hazırlanması, beynəlxalq iqtisadi münasibətlər sistemində türk dövlətləri qiymətləndiricilərinin fəal iştirakı ilə bağlı təkliflərini səsləndiriblər. Forum ərzində Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) fəaliyyətindən bəhs edən, eləcə də 44 günlük vətən müharibəsi və antiterror əməliyyatı zamanı əldə edilən tarixi Zəfərlərimizdən, türk dövlətləri başçılarının həmrəyliyin inkişafına verdiyi töhfələrdən bəhs edən video-çarxlar nümayiş olunub. Tədbir qeyri-rəsmi hissə ilə davam etdirilib və ölkəmizin tanınmış mədəniyyət və incəsənət xadimləri qonaqların qarşısında çıxış ediblər. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) adından qonaqlara hədiyyələr təqdim olunub.