Azərbaycan maliyyə bazarının bəzi iştirakçıları AZIR indeksinə bağlı üzən faizli maliyyə alətləri buraxmaq istəyir.
AZIR indeksi yeni yanaşma ilə hesablanacaq
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Pul Siyasəti Departamentinin direktoru Azər Ələsgərov bildirib.
Azər Ələsgərov AZIR indeksi ilə bağlı yeni qaydaların tətbiqi və qırılmalarla bağlı vəziyyətə aydınlıq gətirib. O bildirib ki, bəzi günlər olub ki, həmin günlərdə pul bazarında heç bir əməliyyat aparılmayıb. Əməliyyat olmayanda köhnə qaydalara əsasən müəyyən günlərdən sonra həmin günün AZIR indeksi açıqlanır. Təzə qaydalar isə bu gündən qüvvədədir.
Onun sözlərinə görə, qırılmalar maliyyə bazarı iştirakçıları üçün ciddi problemdir və bu problemi aradan qaldırmaq vacib idi. “Nəyə görə problemdir? Çünki maliyyə bazarının bəzi iştirakçıları AZIR indeksinə bağlı üzən maliyyə alətləri buraxmaq niyyətindədirlər. Yəni belə bir niyyət açıqlayan müəyyən bazar iştirakçıları var. Onlar deyirlər ki, hansısa gündə AZIR indeksi formalaşmasa, bu alətin tətbiqində çətinliklər yarana bilər,” – deyə o bildirib.
Azər Ələsgərov əlavə edib ki, bu səbəbdən elə bir metodologiya hazırlanıb ki, beynəlxalq təcrübədə artıq istifadə olunur və bu metodologiyada qırılmalar baş vermir.
“O qırılmalarla bağlı 3 ehtiyat planı işə düşəcək. 2024-cü il ərzində qırılmalar demək olar ki, baş verməyib, əvvəlki illərdə müşahidə olunub. Yəni banklararası aktivlik elə bir həddə çatıb ki, yəqin ki, qarşıdakı dörd ildə də qırılmalar olmayacaq” – deyə o bildirib.